Mərhəmətin bəxş etdiyi sevinc
Dövlət başçısı İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı 213 nəfərə şamil olunmaqla humanizm prinsipinin dövlət siyasətinin əsasında dayandığını bir daha təsdiqlədi
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev bildirmişdir ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olur. Ümummilli Lider insan hüquqlarının qorunmasını dövlətin əsas prinsiplərindən biri kimi öndə saxlamış, bu istiqamətdə biri-birindən mühüm addımlar atmışdı.
Son 18 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin insan amilinə verdiyi yüksək dəyər ilk gündən irəli sürdüyü «Neft kapitalını insan kapitalına çevirək!» tezisində özünün aydın ifadəsini tapdı. Dövlət başçısı bu çağırışın mahiyyətini belə əsaslandırmışdır ki, bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalı, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir. Ölkə Prezidenti insan amilinə verdiyi dəyəri atdığı hər addımında nümayiş etdirir. Cənab İlham Əliyevin 17 iyun 2007-ci il tarixli Fərmanı ilə Ümummilli Lider tərəfindən 1998-ci ildə ölkəmizdə ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq 17 iyunun ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis edilməsi də deyilənlərin təsdiqidir. İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın qəbulu da insan amilinə diqqətin təzahürüdür. Həmçinin Milli Konstitusiyamızın qəbulundan ötən 27 ilə yaxın dövrdə bu ali sənədə üç dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi də dövlətimizin yeniləşmədə, təkmilləşmədə nə qədər maraqlı olduğunu təsdiqləyir. Əlavə və dəyişikliklərin bir qismi insan hüquq və azadlıqlarının yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə, bir qismi isə idarəçilik sistemində yeniləşməyə xidmət edir.
Əfv sərəncamları və amnistiya aktları dövlətin insan hüquq və azadlıqlarının qorunmasına diqqətinin ifadəsidir. Qeyd etdiyimiz kimi, ulu öndər Heydər Əliyevin humanizm ənənələrinə və siyasətinə sadiqlik Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Ümummilli lider Heydər Əliyevin əsasını möhkəm təməllər üzərində qoyduğu humanizm siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edir, hər zaman mərhəmət, insanpərvərlik və humanizm məfkurəsindən çıxış edərək, cinayət törətmiş şəxslərin bağışlanması ənənəsini yaşadır, inkişaf etdirir. Dövlət başçısı İlham Əliyevin əlamətdar hadisələr ərəfəsində əfv sərəncamları imzalaması da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan humanizm siyasətinin uğurla davam etdirilməsinin təsdiqidir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda həyata keçirdiyi humanizm siyasətinin vacib istiqamətlərindən biri cinayət törətmiş, cinayətini etiraf etmiş və peşman olmuş şəxslərə qarşı humanizm, onların əfv edilməsi, bağışlanması olub. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, 1995-2021-ci illərdə 67 əfv sərəncamları imzalanıb. Son 18 ildə 35 əfv Sərəncamı imzalanıb və bunlar 5672 nəfərə tətbiq olunub. Dövlət başçısı İlham Əliyevin 27 may 2022-ci il tarixli “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı ilə bu sənədlər sırasına daha biri, eyni zamanda, daha 213 nəfərə şamil olundu. Ulu Öndərin mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış etmək, humanizm ideyalarını həyata keçirmək onun irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun da başlıca məramlarından biridir. Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ötən dövrdə qəbul edilmiş 4 Amnistiya aktı 40 min 412 insana şamil olunub. Bu da cinayət törətmiş şəxslərin islah olunmasına və cəmiyyətə yenidən inteqrasiyasına xidmət edib. İnsan amilinə yüksək dəyər verilən ölkəmizdə Amnistiya aktlarının qəbulunda Mehriban xanım Əliyevanın təşəbbüskar kimi çıxış etməsi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Təbii ki, bu, onun humanistliyindən, mərhəmətindən irəli gələn addımlardır. «Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, demək olar, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Bu gün biz yenidən cəmiyyətdə öz yerlərini tutmaları, layiqli həyat yaşamaları üçün onlara şans verməliyik» söyləyən, ümummilli lider Heydər Əliyevin ədalət və insanpərvərlik ideyalarını davam və təbliğ etdirən Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Amnistiya aktları sayəsində yenidən cəmiyyətə qayıdan insanlar bu xeyirxahlığı humanizm prinsiplərinin qələbəsi kimi dəyərləndirirlər.
Hər bir insan ləyaqətlə və azad yaşamağa layiqdir. Amnistiya aktları, əfv sərəncamları bu yolda büdrəmiş insanlara yeni şans verməklə, onları cəmiyyətimizə qaytarmaqla onlara yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini anlayıb doğru yola qayıtmağa kömək edir. Ölkəmizdə mərhəmətlilik, genişqəlblilik, xeyirxahlıq, bağışlamaq bacarığı ən ali və insani keyfiyyətlər kimi qiymətləndirilir. Bu məqamı da xüsusi qeyd etməliyik ki, ötən il 8 Noyabr – Zəfər Günü münasibətilə Amnistiya aktı qəbul olundu. Bu humanist addım ümumilikdə 16 mindən çox şəxsə şamil edilir.
Dövlət vətəndaşının hüquq və azadlıqlarını qoruyur, vətəndaşın da vəzifəsi qanunların icrasına dəstək olmaq, ölkəmizin inkişafına töhfələr verməkdir. Azərbaycan demokratik, hüquqi, sivil dövlətdir. Ölkəmizdə demokratik təsisatların inkişafı istiqamətində atılan addımlar beynəlxalq səviyyədə də təqdir edilir. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan ənənələri olan ölkə kimi dəyərləndirilir.

