Kamran Bayramov: Türkiyə və Azərbaycan regionda əbədi dostluq və qardaşlıq formatı yaradıblar
«Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı və birliyi bu gün hər bir dövlət üçün bir nümunədir. Xüsusilə də çətin və mürəkkəb anlarda Azərbaycan-Türkiyə münasibətlərinin hansı yüksək səviyyədə olduğunu artıq bütün dünya bilir. 44 günlük Vətən müharibəsində Türkiyənin, qardaş Azərbaycan dövlətinə, Azərbaycan xalqına çox yüksək səviyyədə siyasi və mənəvi dəstək göstərməsi hər kəsin yadındadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin müdafiə naziri, xarici işlər naziri və digər nazirlikləri, Azərbaycanın haqq işini müdafiə etdiklərini açıq şəkildə hər zaman dünyaya bəyan edirlər. Məhz bu birlik və həmrəylik üçüncü dövlətin Vətən müharibəsində Azərbaycanın haqq davasına müdaxilə etməsinə mane oldu.»
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında deyib.
K. Bayramov qeyd edib ki, hər zaman olduğu kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın may ayının 28-də ölkəmizə baş tutan səfəri də ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı. Bu səfər iki ölkə arasında əbədi dostluğu növbəti dəfə dünya ictimaiyyətinə aydın şəkildə nümayiş etdirdi.
Deputat nəzərə çatdırıb ki, 26-29 mayda Bakıda ilk dəfə olaraq «TEKNOFEST Azərbaycan» Aerokosmik və Texnologiya Festivalının keçirilməsi Azərbyacan və Türkiyənin dünyaya güc və birlik mesajı idi. Artıq əminliklə demək olar ki, Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir.
Prezident İlham Əliyev də, Bakıda keçirilən «TEKNOFEST Azərbaycan» Aerokosmik və texnologiya festivalında bu məsələləri xüsusi vurğulayıb: «30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Türkiyə-Azərbaycan qardaşlığı və birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında «Azərbaycan tək deyil, Türkiyə onun yanındadır» deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq».
K.Bayramov əlavə edib ki, Azərbaycan erməni işğalından azad etdiyi torpaqlarda, Qarabağın, Şərqi Zəngəzurun bərpa-quruculuq işlərində də qardaş ölkə ilə bir yerdə çalışır. O cümlədən, Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun açılmasına dair bir müddət əvvəl qəbul olunmuş qərar iki ölkə arasında diplomatik münasibətləri dərinləşdirməklə yanaşı, həm də, iqtisadi hədəfləri nəzərdə tutur. Belə ki, bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur və bu işlərdə Türkiyə aparıcı rollardan birinə sahibdir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan və Türkiyə hər bir anda bir-birinə dəstək olur, əməkdaşlıq edir. İki ölkə regionda sülhün, rifahın, inkişafın modelini yaradaraq bir daha problemləri silah, hədə-qorxu gücü ilə deyil, əməkdaşlıq, dostluq çərçivəsində həll edilməsi yollarını əməlləri ilə göstərirlər.
K.Bayramov xüsusilə diqqətə çatdırıb ki, dost və qardaş ölkələr olan Türkiyə və Azərbaycanı iqtisadi-siyasi, hərbi, ticari, elmi-mədəni, ümumiyyətlə, bütün sahələrdə tarixi yaxınlıq və eyni milli dəyərlər birləşdirir. Bütün tarixi dövrlərdə davamlı və uzunmüddətli əlaqələr quran Türkiyə və Azərbaycanın ictimai-siyasi, iqtisadi-sosial və mədəni həyatında dinamizm meyilləri müşahidə olunub. Həmişə bir-birinin köməyini, çətin sınaqlarda dəstəyini hiss edən Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq meyilləri olmayıb. Nə qədər çalışsalar da, cəhd etsələr də, fitnə-fəsad törətmək niyyətinə düşsələr də, heç bir qüvvə Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun pozulması ilə bağlı məkrli məqsədlərinə nail ola bilməyiblər. Əksinə, bu cəhdlər, bu addımlar iki qardaş dövləti daha ayrılmaz, daha güclü edib. Türkiyə və Azərbaycan regionda əbədi dostluq və qardaşlıq formatı yaradıblar. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, «Biz yaxşı günlərdə də, pis günlərdə də daim bir yerdəyik. Çünki birliyimiz həm bugünkü əlaqələrimizi gücləndirir, həm də tarixi əsaslara söykənir.»

