Əsas səhifə 

Dağ kəndləri nura boyanacaq

Yamyaşıl dona bürünmüş Kəlbəcərdən yayımlanan görüntülər insanlara “gəl-gəl” deyir. Baxmayaraq ki, ətrafda görünən canlı-cansız nə varsa hamısı erməni vandalları tərəfindən dağıdılıb, amma yenə o yerlərin cazibəsi adamı ahənrüba kimi özünə çəkir.

Otuz il müddətində Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb yerlə-yeksan edilmiş Qarabağ və Şərqi Zəngəzurda elektrik təsərrüfatı da tamamilə sıradan çıxarılıb. İl yarım əvvəl ərazilərimiz düşmən tapdağından azad ediləndən sonra bölgələrin elektrik enerjisi ilə təminatı qarşıda problem olaraq qalıb. Ancaq dövlətimizin aidiyyəti qurumları bu sahədə müəyyən addımlar atıblar. Əsasən rayon mərkəzlərinin qismən də olsa elektrikləşməsinə başlanılıb. Bölgələrin keyfiyyətli, dayanıqlı və fasiləsiz enerji ilə təmin olunması üçün yeni su-elektrik stansiyalarının tikilməsi zərurəti yaranıb. Vurğulamaq lazımdır ki, işğaldan azad olunmuş ərazilərdən axan çaylar vəziyyətin yaxşılaşdırılması üçün əlverişli şərait yaradır. Məsələn, sərt dağlıq rayon olan Kəlbəcər dəniz səviyyəsindən 3900 metr yüksəklikdə qərar tutub və ərazisindən irili-xırdalı bir neçə çay axır. Tərtər çayı digər ikisindən-Lev və Tutqu çaylarından uzun və çoxsulu çaydır.  Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Kəlbəcər rayonuna səfər çərçivəsində Qarabağda su elektrik stansiyalarının bərpası işləri ilə tanış olublar.

Qonaqlar Kəlbəcər və Laçın rayonlarında iki su elektrik stansiyasının bərpası ilə bağlı işlərin başladığı barədə məlumatlandırılıb. Bu stansiyalar erməni işğalı dövründə tamamilə dağıdılmışdı. Diplomatik korpus nümayəndələri Kəlbəcərdə su elektrik stansiyasının inşaat işlərini nəzərdən keçirib və onun işi ilə tanış olublar. Məşhur İstisu qəsəbəsində qoyulmuş elektrik yarımstansiyasına baxış keçiriblər. Xatırladaq ki, vaxt vardı İstisu ilin bu ayında qələbəlik olardı. Ölkənin hər yerindən axışıb buraya müalicəyə və istirahətə gələrdilər.

Kəlbəcərdə elektrik enerjisi istehsal etmək üçün əlvrişli təbii şərait var. Rayonun Qoturlu dərəsindən axan Tutqu çayı üzərində, Lev dərəsindən keçən Lev çayı üzərində su elektrik stansiyaları tikilərsə, onda bu stansiyaların hər biri 15-20 kəndi çıraqban edə bilər. Bu isə Tərtər Su Elektrik Stansiyasının gücünə əlavə güc qatmaq deməkdir. Bir faktı da qeyd etməliyik ki, Kəlbəcərdə elə ucqar kəndlər var ki, o ərazilərə hətta sovet dönəmində də elektrik xətti çəkilməmişdi. Dəlidağdakı məşhur Ceyran bulağının lap yaxınlığındakı Bağırsaq adlanan kənd yarandığı gündən işıq üzü görməyib. Böyük ayı mağarasının yaxınlığında səkkiz-doqquz evdən ibarət olan o kənd gecələr zülmət qaranlığa qərq olurdu. O kəndə erməni işğalına qədər avtomobil yolu da çəkilməmişdı.  Kənddə heç bir müəssisə və xidmət sahəsi belə yox idi.

Xatırladaq ki, diplomatik korpusun Kəlbəcər səfərində 50 ölkədən 80-dən çox diplomat və hərbi nümayəndə, eləcə də 10 beynəlxalq təşkilatın təmsilçisi iştirak edib. Bu, diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə doqquzuncu səfəridir. Göründüyü kimi, diplomatlar səfalı guşələrdə yerləşən şəhər və kəndlərin işıqlandırılmasına, müəssisələrin enerji təminatına maraq göstərirlər. Bu, təsadüfi deyil, indi həyatı elektriksiz təsəvvür etmək belə mümkün deyil. Axı, çox keçməz ki, bu yerlər gözəl turizm məkanlarına çevriləcəklər. Oralara turist kimi gələnlər özlərini dünyanın ən görməli yerində hiss edəcəklər. Çünki Kəlbəcərdə elə yerlər var ki, yüz illərdir oralara insan ayağı dəyməyib. İşıq gözəllikdir, mədəniyyətdir, insan həyatı üçün çox vacib olan vasitələrdən biridir. O, tezliklə dağlarımızı, onun qoynundakı kənd və qəsəbələrimizi nura boyayacaq.

Daha çox xəbərlər