Gündəm 

Avropanın etibarlı enerji təminatçısı

Neft və qaz sərgisinin tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi dövlətlərarası iqtisadi əməkdaşlıq üçün yeni üfüqlər açacaq, münasibətlərə töhfələr verəcəkdir.

Dünyanın enerji xəritəsini dəyişən Azərbaycanın ev sahibliyi etdiyi Beynəlxalq Xəzər Neft-Qaz sərgiləri və keçirilən konfranslar həmişə uğurla nəticələnmiş və xalqlararası əməkdaşlığın genişlənməsinə stimul yaratmışdır. Azərbaycanın neft strategiyasının əsasında siyasi məqsədlərə deyil, tərəfdaşlıq prinsiplərinə xüsusi önəm verildiyini bu sərgilərin xronologiyası da təsdiləyir. Böyük maraqla qarşılanan belə tədbirlərin əhəmiyyətini «Bu əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulub, həm dövlət, həm sərmayədarlar öz mənfəətini götürür və beləliklə, Azərbaycanda xarici investorlarla çox gözəl əməkdaşlıq formatı yaradılmışdır. Bu format bu gün digər sahələrdə də özünü büruzə verir» sözləri ilə diqqətə çatdıran Prezident İlham Əliyev bildirir ki, bu uğurlar ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda neft sənayesinin inkişafına göstərilən diqqətin, onun hazırladığı neft strategiyasının daha geniş miqyasda tətbiqinin nəticəsidir. Ulu öndər Heydər Əliyevin neft strategiyasının nə dərəcədə əhəmiyyətli olması «Əsrin kontraktı”»nın imzalanması ilə təsdiqləndi. 1994-cü ildə imzalanan müqavilə təkcə Azərbaycan dövlətinin inkişafına deyil, tərəfdaş ölkələrin də iqtisadiyyatının dirçəlməsinə təkan verdi. «Bu gün enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir. Hər şey enerjidən asılıdır. Təbii qaz, – əlbəttə, əgər biz bərpa olunan enerjiləri nəzərə almasaq, – ən ucuz və ekoloji cəhətdən ən təmiz enerji mənbəyidir. İnkişaf etmiş ölkələrin iqtisadi yüksəlişi də enerji mənbələri ilə bilavasitə əlaqəlidir. Xoşbəxtlikdən Azərbaycanın həm neft, həm qaz ehtiyatları kifayət qədər böyükdür» söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edərək dost, tərəfdaş ölkələrin enerji təhlükəsizliyi məsələlərinin həllində də öz rolunu oynayır. Bu illər ərzində çoxşaxəli neft-qaz nəqliyyatı şəbəkəsini yaradan Azərbaycanın təşəbbüsü ilə reallaşan, tarixi layihələr olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinə qoyulan sərmayələr nəticəsində Azərbaycan öz enerji resurslarını ixrac edir. Azərbaycanın neft-qaz layihələri, eyni zamanda, regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təminatçısıdır. Çünki bu sağlam rəqəabətə əsaslanan bu layihələrin əhatə olunduğu ölkələrin inkişaf dinamikası artır, on minlərlə insan üçün iş yerləri açılır.

2007-ci ildən başlayaraq həyata keçirilən şaxələndirmə siyasətini stimullaşdırmaq məqsədilə Avropa Komissiyası ilə Azərbaycan arasında strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu, 2012-ci ildə TANAP – Trans-Anadolu boru kəmərinin çəkilməsinə dair Türkiyə ilə Azərbaycan arasında Saziş imzalandı. Sonra sərmayədarlar «Şahdəniz-2»” layihəsinə investisiya qoyuluşuna aid yekun qərar üzərində razılığa gəldilər. Cənub Qaz Dəhlizi ilə bağlı Bakıda təməlqoyma mərasimi keçirildi. Dostluq və qardaşlıq kəməri olan TANAP, TAP istifadəyə verildi. Avropanın enerji xəritəsini dəyişən, hasilatçılara, tranzit ölkələrə və istehlakçılara fayda verəcək XXI əsrini enerji təhlükəsizliyi layihəsi adlandırılan Cənub Qaz Dəhlizi Azərbaycanın enerji diplomatiyasının növbəti uğuru kimi tarixə yazıldı. Azərbaycanın enerji resurslarının şaxələndirilməsinin məntiqi nəticəsi olan enerji layihələrinin hər biri özlüyündə əməkdaşlıq münasibətlərini möhkəmləndirən əlaqələr kimi dəyərləndirildi.

Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində bu uğurlarla təmsil olunan ölkəmiz yenidən diqqət mərkəzindədir.

Təbiidir ki, böyük enerji potensialına malik, illərdən bəri qlobal enerji layihələrinin təşəbbüskarı və iştirakçısı kimi tanınan Azərbaycanda təşkil olunan növbəti sərgi də aktuallığı ilə diqqət çəkən «yaşıl enerji»” layihələrinin həyata keçirilməsi və regionda enerji təhlükəsizliyinin təminatı baxımından böyük perspektivlər vəd edir. Prezident İlham Əliyevin mərasim iştirakçılarına ünvanladığı məktubda qeyd olunduğu kimi, Xəzər regionunda neft-qaz sahəsinin və enerji sektorunun ən mötəbər tədbiri olan, ” 27-ci Beynəlxalq Xəzər Neft və Qaz” Sərgisini, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji” sərgisini və Xəzər Neft və Qaz Konfransının xələfi olan Bakı Enerji Forumu”nu özündə birləşdirən Bakı Enerji Həftəsi dayanıqlı və təhlükəsiz enerji güclərinin yaradılması sahəsində yeni əməkdaşlıq üçün qlobal enerji bazarının əsas oyunçularını, beynəlxalq şirkətləri bir araya gətirir. Qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edən, sərgi və forumların təşkilində zəngin təcrübəyə malik Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən bu tədbir də aktual, dolğun məruzələrlə, müzakirə və fikir mübadilələri ilə qarşılıqlı anlaşma mühitində davam edəcək, ölkələrin iqtisadi əməkdaşlığı üçün üfüqlər açacaq, yeni münasibətlərə töhfələr verəcəkdir.

Bakı Enerji Həftəsinin açılışı münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin azərbaycanlı həmkarı İlham Əliyevə ünvanladığı məktubunda qeyd olunduğu kimi, ABŞ və Azərbaycan arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə hər iki dövlət transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşdur.

«Bütün dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm dönüş nöqtəsini yaşadığımız bir dövrdə biz həm də təmiz enerjiyə keçidlə bağlı uzunmüddətli öhdəliklərimizi təmin etmək məqsədilə zəruri investisiya və dəyişikliklər edirik. Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır» sözlərinin vurğulandığı məktubda qeyd olunur ki, şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində qətiyyət göstərən Azərbaycan davamlı tərəfdaşlıq və əməkdaşlığa sadiqdir.

«Dünya ölkələrinin üzləşdiyi çağırışlar və qlobal enerji balansında gözlənilən struktur dəyişikliyi region üçün də dayanıqlı və təmiz enerji güclərinin artırılması, yeni enerji marşrutlarının müəyyən edilməsi kimi vəzifələri gündəmə gətirmişdir. Bunu nəzərə alaraq, qlobal və regional enerji təhlükəsizliyinin təmin olunmasında önəmli oyunçulardan olan Azərbaycan xüsusilə bərpa olunan enerji növlərinin inkişafı istiqamətində davamlı layihələr həyata keçirir, qonşu ölkələrin enerji sistemləri ilə sıx inteqrasiyaya, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına dəstək verir» sözləri yazılan məktubda da qeyd olunduğu kimi, enerjinin transformasiyasında təbii qazın getdikcə daha çox əhəmiyyət kəsb etməsi fonunda Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizi” layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynaması ölkəmizin enerji sahəsində açıq, şəffaf, biznes maraqlarına xidmət edən və nəticələrə hesablanmış əməkdaşlıq və qarşılıqlı dəstək prinsipləridir.

2030-cu ilədək respublikamızın «yaşıl artım”» ölkəsinə çevrilməsi və təmiz ətraf mühitə nail olmağı sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanın enerji sahəsində atdığı qlobal addımların tərikb hissəsidir. Bu siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edəcəkdir. Perspektivlərin vəd deyil, əməli iş olduğunu təsdiqləyən fakt Ermənistanın işğalından azad edilmiş ərazilərdə 855 meqavat gücündə yeni generasiya güclərinin yaradılmasıdır. Bu amillər beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da artırır və onu gücləndirir. Qarabağ və Şərqi Zəngəzurda günəş, külək enerji növlərinin istehsalı təxminən 9‒10 min meqavata çata bilər. Xatırladaq ki, bu məqsədlər üçün Səudiyyə Ərəbistanı Krallığının «Masdar»” və ««ACWA Power» şirkətləri ilə müqavilələr imzalanıb. Qarabağ və Şərqi Zəngəzurda «yaşıl enerji»” zonası üçün konseptual layihələr hazırlanıb, müasir dövrün tələbinə uyğun bərpa olunan enerji mənbələrindən ibarət unikal «yaşıl enerji» zonası” konsepsiyasının yaradılması üçün nəzərdə tutulan layihələrin həlli istiqamətində işlər davam etdirilir. Nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, dünya ölkələrinin maraq göstərdiyi bərpa olunan enerji ilə potensial üçün Azərbaycanın zəngin təbii resurslara malik olması «yaşıl artım» layihəsinin həlli üçün geniş imkanlar vəd edir.

Ötən ay ADA Universitetində «Cənubi Qafqaz: inikşaf və əməkdaşlıq» mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycanın enerji ehtiyatlarından səmərəli istifadə ilə bağlı jurnalistin sualını cavablandıran Prezident İlham Əliyevin « Əlbəttə, Qarabağın hazırda tərəfimizdən yenidənqurma işlərinin aparıldığı hissəsində qaz xətlərinin inşası planımızdadır. Biz elektrik stansiyalarını inşa edirik. Həcm o qədər də böyük olmasa da, 20 meqavatlıq yeni stansiya ötən il inşa edilib və bu il daha bir 25 meqavatlıq stansiya istifadəyə veriləcəkdir. Bütün Qarabağ və Şərqi Zəngəzur elektrik xətləri ilə birləşdirilib. Bəzi hallarda həmin elektrik xətləri ilin altı ayı qarlı olan 3500 metrlik dağlar üzərindən salınmalı olub. Yəni, elektrik enerjisi təminatı var» sözləri təsdiqləyir ki, Azərbaycan həmişə olduğu kimi, qarşıdakı illərdə də ölkəmizlə əməkdaşlıq etmək istəyənlər üçün açıq qapı siyasətinə sadiqdir. Enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi deyəndə, ilk növbədə, yeni mənbələr nəzərdə tutulur. Avropa ölkələri üçün yeganə mənbə isə Azərbaycandır. Çünki qalan bütün mənbələr artıq uzun illərdir ki, Avropanı təbii qazla qidalandırır. Yeganə yeni, yaxında yerləşən mənbə Azərbaycandır. Ən önəmlisi isə odur ki, Cənub Qaz Dəhlizini tərəfdaşlarla birlikdə icra etmək üçün Azərbaycan dövlətinin güclü siyasi iradəsi, maliyyə resursları var. Zəngin neft-qaz yataqlarının istismarı ilə qarşıdakı onillər ərzində ölkəmizin inkişafı daha etibarlı təmin olunacaq, iqtisadiyyatımız çoxşaxəli şəkildə inkişaf edəcək. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşündə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində bundan sonra da etibarlı tərəfdaş olacağını « Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. İndi sözsüz ki, qaz təchizatçısı kimi bizim potensialımız artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir» sözləri ilə bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin dünyanın enerji xəritəsində möhkəmlənən rolu daha da artacaq. Bakı Enerji Həftəsində aparılacaq müzakirələr ölkəmiz üçün yeni perspektivlərlə zəngin olacaq.

Daha çox xəbərlər