Gündəm 

ABŞ Azərbaycanı bölgənin iqtisadi və siyasi gücü hesab edir

Prezident Baydenin məktubunda beynəlxalq enerji təhlükəsizliyi istiqamətində ölkəmizlə əməkdaşlığa yüksək dəyər verilir

Azərbaycan öz milli maraqlarının müdafiəsindəki prinsipallığına və sürətli iqtisadi inkişaf tempinə görə bu gün də diqqət mərkəzindədir. Xüsusilə ölkəmizin dünyanın supergücü olan ABŞ-la strateji münasibətləri ötən dövrlərdə daha geniş inkişaf edib ki, bu da hər iki tərəfə ciddi iqtisadi və siyasi dividendlərqazandırıb. Məhz ABŞ Prezidenti Cozef Baydenin 28 May-Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubundan sonra iyunun 1-də Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirildiyi bir məqamda ikinci bir məktub ünvanlaması ölkəmizə verilən dəyərin yeni təzahürüdür. Məktubda bildirilir: «Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir.»

Məktubda dünyanı bürüyən indiki enerji böhranında Azərbaycanın əhəmiyyətli bir tərəfdaşa çevrildiyi vurğulanır. Xüsusilə ölkəmizin malik olduğu beynəlxalq neft və qaz kəmərləri vasitəsilə Avropanın mühüm karbohidrogen təchizatçısı olduğu qabardılır: «Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır.»

ABŞ Prezidentinin məktubunda Azərbaycanda əhalinin sosialrifah halının yüksəlməsi faktı da yer alır. Bu istiqamətdə Prezident İlham Əliyevin apardığı sosial-iqtisadi siyasət də təqdir olunur. Məktubda deyilir: «Mən Azərbaycanın tam potensialına nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində Sizin davamlı addımlarınızı alqışlayıram. Amerika Birləşmiş Ştatları bizim davamlı tərəfdaşlıq və əməkdaşlığımıza sadiqdir.»

Həmçinin məktubda ABŞ Prezidenti ölkəsi ilə Azərbaycan arasında diplomatik münasibətlərin yaranmasının 30 ilini xüsusi qeyd edərək ötən müddət ərzində enerji mənbələrinin şaxələndirilməsi, beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa yüksək dəyər verilməsini bəyan edir. Cənab Bayden məktubunda bildirir ki, Azərbaycanın enerji resursları Avropanın təhlükəsizliyinin təmin olunmasında sabitləşdirici faktordur. Dünyanın ən aparıcı dövləti olan ABŞ ölkəmizi terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələrə görə də təqdir edir.

Əslində, bu yanaşma ABŞ-ın regionumuzda yaranmış reallığı qəbul etməsi, dəstəkləməsi kimi qiymətləndirilir. Bununla da Ağ Ev rəhbərliyi Azərbaycanın sülh təşəbbüslərini açıq şəkildə dəstəklədiyini, ərazi bütövlüyümüzə hörmətlə yanaşdığını ən ali səviyyədə bəyan edir. Eyni zamanda, ABŞ Azərbaycanın iqtisadi, nəqliyyat əlaqələrinin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olduğunu bəyan edir. Həmçinin işğaldan azad edilmiş Azərbaycan torpaqlarında bərpa- quruculuq işlərinə dəstək verəcəklərini və bunun regiona sülh, əmin-amanlıq gətirəcəyini bildirir.

ABŞ kimi supergücün qarşıdakı illərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusunu da ifadə etməsi ölkəmiz üçün yeni inkişaf perspektivləri yaratmış olur. Ölkəmizə belə səmimi münasibət bir daha onu göstərir ki, ABŞ Azərbaycanla əlaqələrə yüksək dəyər verir. Bu isə Azərbaycan Prezidentinin yürütdüyü siyasətlə, dövlət başçımızın şəxsi nüfuzu ilə birbaşa bağlıdır.

Bəli, sözügedən məktubda aydın şəkildə bildirilir ki, regionun gələcək inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü balanslı siyasətin bundan sonra da daha mükəmməl qaydada davam etməsi ilə sıx bağlıdır. Məhz bu əhəmiyyətli məqamın mövcudluğu Azərbaycanla əməkdaşlığa üstünlük vermək istəyən böyük dövlətlərin sırasını hər gün daha da genişləndirir. Xüsusilə 44 günlük müharibəni möhtəşəm Zəfərlə başa vurmuş Azərbaycanın yaratdığı mövcud reallıq bir çox aparıcı xarici dövlətləri ölkəmizlə hesablaşmağa, iqtisadiyyatımıza daha çox sərmayə yatırmağa sövq edir.

Daha çox xəbərlər