Cəmiyyət 

Ömrümüzün əlvan çiçəkləri

Ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi hər zaman dövlətin diqqət mərkəzindədir

Uşaqlar mənsub olduqları torpağın, ölkənin ümidi, gələcəyidir. Qayğı, diqqət, yüksək həssaslıq tələb edən uşaqların problemlərini həll etmək, eyni zamanda, Azərbaycanda da dövlət siyasətinin ən vacib prioritetidir. Ulu öndər Heydər Əliyevin: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” sözləri gələcəyimiz olan körpələrin ehtiyaclarına, inkişafına və tərbiyəsinə olan dövlət qayğısının bariz nümunəsidir. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu dövlət uşaq və gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi hər zaman dövlətin diqqət mərkəzindədir.

Əgər uşaqlar bizim gələcəyimizdirsə, gənclər də bu günümüzdür. İndi Azərbaycan gəncliyi cəmiyyətimizin fəal hissəsidir. Birmənalı olaraq gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx bağlıdır. Yeni nəslin inkişafının əsas amili kimi gənclərin dövlətin, cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının  təmin  edilməsi göstərilir. Bugünümüz də, gələcəyimiz də təhsilə, elmə əsaslanmalı, sağlam düşüncəli, sağlam ruhlu yetişməlidir.

Azərbaycanda gənclər siyasətinin əsas məqsədi də məhz gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etməkdir.

Hazırda Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti gənclərdir və hər bir vətənpərvər gənc müstəqil Azərbaycan Respublikasının vətəndaşı olması ilə qürur duyur, haqlı olaraq fəxr edir. Müxtəlif sahələrdə çalışan intellektli gənclərimizin ölkənin hərtərəfli inkişafında böyük rolu var. Dövlət tərəfindən gənclərin, yeniyetmələrin inkişafı, uşaqların sosial müdafiəsinin effektiv təşkili üçün bir çox lazımi addımlar atılıb. O cümlədən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” gənc nəslin gələcəyə hazırlanması baxımından müstəsna əhəmiyyət kəsb edir. Çünki gələcək gənclərindir və gənclərin yüksək səviyyədə formalaşdırılması cəmiyyətimizin intellektual potensialının gücləndirilməsində xüsusi rol oynayır. Prezident İlham Əliyevin gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, real həyatda həllini tapması gənclərə dövlət qayğısının ifadəsidir.

Bu gün müasir müstəqil Azərbaycanın banisi, ulu öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də qeyd olunan istiqamətlərdə genişmiqyaslı tədbirlər həyata keçirilir, mühüm layihələr reallaşdırılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqların ən böyük himayədarıdır. Müasir körpələr evi-uşaq bağçalarının yenidən qurulması, tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Qeyd edək ki, yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına dövlət tərəfindən həyata keçirilən proqramlarla yanaşı, Heydər Əliyev Fondu da xüsusi töhfə verir.

Xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva elm və təhsilin tərəqqisinə də daim diqqət göstərir. Belə ki,  Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən təhsilə qayğı müxtəlif layihələr çərçivəsində həyata keçirilir. Təhsilin tərəqqisinin vacibliyini Birinci vitse-prezident belə şərh edib: “Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir…”. Xatırladaq ki, Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr ölkənin hüdudlarını aşaraq, beynəlxalq humanitar təşəbbüsə çevrilmişdir. Bütün bunlar Azərbaycanın gələcəyi, sabahın gəncləri hesab olunan körpə balalarımızın, uşaqlarımızın hərtərəfli inkişafı, müasir beynəlxalq standartların tələblərinə cavab verən təhsil, səhiyyə xidmətləri ilə təmin olunması üçün edilir.

Ötən gün Azərbaycanda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində bir sıra tədbirlər keçirildi. İyunun 1-də həm də Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” baş tutdu. Festivalda uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri də iştirak etdilər. Heydər Əliyev Mərkəzinin parkında bir sıra guşələr yaradıldı, yarışlar, proqramlar, müsabiqələr oldu. Bir sözlə, park həm əyləncə, həm də bir yaradıcılıq məkanı kimi uşaqların ixtiyarına verildi. 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan festival balacalara bayram əhvalı yaşatmaqla yanaşı, həm də onların xoşbəxt, sağlam böyümələrinə, təhsil almalarına, layiqli vətəndaş kimi formalaşmalarına cəmiyyətimizin diqqətini yönəltmək məqsədi daşıyırdı .

Daha çox xəbərlər