HUMANİZMİN NÖVBƏTİ TƏCƏSSÜMÜ: 213 nəfər bağışlandı
İnsan hüquqlarının qorunmasına və cəza-icra siyasətinin humanistləşdirilməsinə daim önəm verən, bu məsələdə yüksək dəyər və diqqətlə yanaşan dövlətimizin başçısı vətəndaş həmrəyliyini, humanizmi, insana diqqət və qayğını daim diqqətdə saxlayır. Prezident İlham Əliyevin 28 May – Müstəqillik Günü münasibətilə imzaladığı əfv Sərəncamı humanizm prinsiplərinə sadiqliyin növbəti təzahürüdür. Bayram ərəfəsində dövlət başçısı tərəfindən atılan bu humanist addım cəmiyyətimizdə birlik və həmrəyliyin güclənməsinə böyük töhfə verir, eləcə də yüzlərlə ailəyə sevinc bəxş edir.
Humanizm siyasətinin və müsbət ənənənin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider hər zaman humanizm, mərhəmət, insanpərvərlik dəyərlərinə böyük önəm verib və bunu öz fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, məhkumların cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərini həyata keçirmək məqsədilə 1995-ci ildə Bağışlanma Məsələləri üzrə Komissiya yaradılıb, 2001-ci ildə isə bu qurum Əfv Məsələləri Komissiyası ilə əvəz olunub. Bütövlükdə 1995-2003-cü illərdə 7 Amnistiya aktı və 32 əfv Fərmanının imzalanması mühüm əhəmiyyə malikdir. Ümummilli Lider təfərindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Ulu Öndərin müstəqil dövlətimizə rəhbərliyi dövründə Amnistiya aktları 78 mindən çox insana şamil edilib, 21 min 325 nəfər cəzasının çəkilməmiş hissəsindən azad olunub.Bunlarla yanaşı, ölkəmizdə 1998-ci ildə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə bu cəzanın ləğv edən ilk ölkələrdən biri kimi tarixə düşüb.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasətini və ənənələrini layiqincə davam etdirən Prezident İlham Əliyev əfv institutunun çevik və işlək mexanizmi əsasında fəaliyyətini təmin edib. Prezident İlham Əliyevin ənənəvi olaraq bayram günləri, bir sıra əlamətdar tarixi günlər ərəfəsində imzaladığı əfv sərəncamları, eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən Amnistiya aktları indiyədək on minlərlə insanı azadlığına qovuşdurub. 2003-cü ildən bu günə qədər dövlət başçısının imzaladığı əfv sərəncamları ilə 6 minə yaxın məhkum azadlığa qovuşub. Bu, humanizm nümunəsi olmaqla yanaşı, cəmiyyət tərəfindən və beynəlxalq səviyyədə olduqca yüksək qiymətləndirilir.
Mayın 27-də Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” imzaladığı Sərəncama əsasən ümumilikdə 213 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 167 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Eyni zamanda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar. Bundan başqa, əfv olunmuş 213 nəfərdən biri Özbəkistan, biri İran, biri də Türkiyə vətəndaşı olmaqla 3-ü əcnəbi, 3-ü jurnalist və bloqer, 3-ü siyasi partiya üzvü, 20-si isə 2018-ci il iyulun 10-da Gəncə şəhərində kütləvi iğtişaşlarda iştirak edən şəxslərdir.
Görünür ki, bütün müraciətlər əfv komissiyasında diqqətlə və obyektiv qaydada araşdırılıb. Bu da humanizmin, mərhəmətin təzahürüdür və onu göstərir ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır, onun qayğı və ehtiyaclarına diqqət yetirir.
Əfv Sərəncamının icrası ilə bağlı keçirilən mərasimlərdə çıxış edənlər Müstəqillik Günü münasibətilə məhkumlara və onların ailə üzvlərinə təbriklərini ifadə edib, bu humanist aktın mahiyyətini və əhəmiyyətini diqqətə çatdırıblar. Azadlığa çıxan şəxslər və onları qarşılamağa gələn ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə və əlamətdar bayram ərəfəsində əfv olunmalarına görə dövlətimizin başçısı İlham Əliyevə və respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Tədbirlərdə əfv olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarına, azad cəmiyyətə qovuşaraq sürətlə inkişaf edən və dünyada günbəgün nüfuzu artan Azərbaycanın layiqli vətəndaşları olacaqlarına əminlik ifadə edilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə Zəfər Gününün birinci ildönümü ərəfəsində elan edilmiş Amnistiya aktı 17 mindən çox şəxsə şamil olunmaqla minlərlə ailəyə böyük sevinc hissi bəxş etmişdi. Zəfər Günü münasibətilə qəbul edilən Amnistiya aktı genişmiqyaslılığı, tətbiq dairəsinin böyüklüyü, eyni zamanda, istintaq mərhələsində və məhkəmədə olan işlərə də şamil olunması baxımından indiyədək icra olunan bütün digər belə aktlardan fərqlənirdi. Amnistiya aktında diqqətçəkən bir məqam da o idi ki, ilk dəfə ağır cinayət törədilməsinə görə verilmiş cəza müddətinin çəkilməmiş hissəsi altı ayadək olan şəxslərə də aid edilirdi. Beləliklə, Zəfər Günü münasibətilə hazırlanan amnistiya aktı barəsində tətbiq olunması nəzərdə tutulan şəxslərin sayına, cinayətlərin və cəzaların əhatə dairəsinə görə Azərbaycan tarixinin ən böyük amnistiyası kimi tarixə düşdü.
Hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezident Mehriban xanım Əliyevanın fəaliyyəti də xüsusi qeyd edilməldir. Mehriban xanım Əliyeva hər zaman insanların, ailələrin sevinməsinə, cəzasının müəyyən müddətini çəkmiş, törətdiyi əməldən peşman olmuş şəxslərin cəmiyyətə qaytarılmasında mühüm rol oynayıb. Hər zaman mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış edən respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ötən dövrdə 40 mindən çox insanı əhatə edən Amnistiya aktları qəbul olunub. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib.
Xüsusilə nəzər alsaq ki, bu gün azadlığa qovuşan insanların əksəriyyəti 2020-ci il Vətən müharibəsindən əvvəl bu cinayəti törədiblər. İndi artıq torpaqlarımızın, azad olunmuş ərazilərimizdə quruculuq işləri başlayıb. Ümidvarıq ki, bu insanlar həmin torpaqlarda yeni evlərin, qəsəbələrin, şəhərlərin tikilməsində iştirak edəcəklər. Bu insanlar gələcəkdə cəmiyyətə inteqrasiya və islah olunaraq, əmək prosesinə qayıda, potensialları ilə həmin prosesə töhfə verə bilərlər.

