Cəmiyyət 

Mədəniyyət paytaxtımız iqtisadi mərkəz kimi də tanınacaq

Şuşa Azərbaycanın tarixi, əzəli və əbədi torpağı, Qarabağın incisidir. Neçə-neçə böyük şəxsiyyətlər yetişdirən bu torpaq heç şübhəsiz ki, daima mənfur düşmənlərimizin diqqət mərkəzində olmuşdur. Bu səbəbdəndir ki, 1992-ci ilin may ayının 8-də Şuşa ermənilər tərəfindən işğal edildi. Lakin ərazi bütövlüyünü bərpa etmək uğrunda ilk növbədə danışıqlar, sülh yolu seçən Azərbaycan səbir kasasınının dolması ilə 2020-ci ildə haqq savaşına qalxdı və tarixi Qələbəsini qazandı. Şuşanın işğaldan azad olunması uğrunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun  göstərdikləri şücaət tarixdə əbədi qalacaq. Qəhrəman əsgər və zabitlərimizin yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etməsi dünya hərb tarixinə yazılmış salnamədir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında rəşadətli ordumuzun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və ölkəmizin müharibədəki hərbi-diplomatik qələbəsini şərtləndirdi. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın böyük hərbi-diplomatik uğuru və beynəlxalq birliyin Azərbaycana olan inamının, etimadının təzahürü, ölkəmizin, xüsusilə dövlət başçısının qlobal miqyasda olan nüfuzunun göstəricisidir.

Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində demişdir: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”

Bu baxımdan, strateji əhəmiyyətli Şuşanın Azərbaycan tarixində xüsusi yerinin olduğunu vurğulayan Azərbaycan Prezidenti bildirmişdir: “Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik…O cümlədən Şuşada yerləşən məscidlərimiz əsaslı şəkildə təmir edilməlidir, bərpa olunmalıdır, onların öz siması qaytarılmalıdır”.

Dövlət başçısı İlham Əliyevin Şuşaya müntəzəm səfərləri, burada həyata keçirilən tarixi festivallar, beynəlxalq tədbirlər  bu şəhərin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir.

Bu gün Şuşa yenə də işğaldan əvvəlki xoş çağlarını yaşayır, sevincli, fərəhli neçə-neçə sabahların ümidi ilə tikilir, qurulur, bütün dünyaya, beynəlxalq ictimaiyyətə Azərbaycanın maddi-mədəniyyət məbədgahı olduğunu göstərir. İyirmi səkkiz il ərzində başından duman, çən əskik olmayan bu mədəniyyət paytaxtımızda indi abadlıq-quruculuq, bərpa işləri getdikcə geniş vüsət alır. Burada Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev-muzeyləri, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi kimi müqəddəs ocaqlar yenə də ziyarətgahlara dönür, erməni vandallarının qurbanına çevrilən tarixi, mədəni abidələrə yenidən nəfəs verilir, Şuşa “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri kimi möhtəşəm mərasimlərə ev sahibliyi edir.

Şuşa şəhəri az vaxtdan sonra burada reallaşan beynəlxalq mərasimlərə də ev sahibliyi etməsi ilə Azərbaycanın mədəniyyət paytaxtı kimi böyük nüfuz qazanıb. Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsi çərçivəsində həyata keçiriləcək Bakı Enerji Forumunun iştirakçıları ilə mədəniyyət paytaxtımızda sessiyanın keçiriləcəyi də  bir daha Şuşanın statusunun yüksəlməsi, getdikcə həm də iqtisadi əlaqələrin möhkəmlənməsində əhəmiyyətinin artmasından xəbər verir.

Daha çox xəbərlər