Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti
15 iyun 2021-ci il Azərbaycan tarixinin ən əhəmiyyətli günlərindən biridir.İki qardaş ölkənin hökumət başçıları arasında “Qarabağın gözü” olan Şuşa şəhərində Bəyannamənin imzalanması mühüm tarixi hadisədir.Bu Bəyannamənin imzalanması Türkiyə və Azərbaycan dostluğunu bir daha beynəlxalq aləmə göstərmiş oldu.Prezident İlham Əliyevin qeyd etdiyi kimi”iki dövlət arasında bu cür səmimi münasibətlər dünyada nadir rast gəlinən münasibətlərdəndir”.
Şuşa Bəyannaməsinin xalqımızın Qurtuluş günündə və tarixi əhəmiyyət daşıyan Qars müqaviləsinin 100 -cü il dönümündə imzalanması heç də adi bir təsadüf deyil.Bu Bəyannamə bütün dünyanın barışmalı olduğu bir gerçəkliyin təzahürüdür.Eyni zamanda Şuşa Bəyannaməsinin imzalanması sərsəmcəsinə revanşist mesajlar verən Ermənistan rəhbərliyinə və onun havadarlarına verilmiş tarixi bir dərs idi.Bununla da səriştəsiz erməni rəhbərlər və onlardan “maşa” kimi istifadə edən region və qeyri-region dövlət başçıları bir daha əmin oldular ki,iki qardaş ölkə arasında vahid hərbi-siyasi mövqe nümayişi var.Ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə təhdid sayılacaq ən kiçik bir addımda belə Şuşa Bəyannaməsindən irəli gələn müddəalar yerinə yetiriləcəkdir,vahid cəbhədən mövqe nümayiş olunacaqdır.
Bəyannamədə həmçinin iki dövlət arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi də nəzərdə tutulmuşdur.
Bəyannamədə nəzərdə tutulan mühüm məsələlərdən biri də regional məsələlərin sülh yolu ilə həllində birgə səylərin aparılmasına aiddir.Bunun üçün Türkiyə və Azərbaycan arasında “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası” çərçivəsində fəaliyyətin əhəmiyyəti qeyd edilir.
Ümumilikdə Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında bir çox sahələrdə inteqrasiyanın ən vacib rəsmi formasıdır.Eyni zamanda qonşu və qeyri-region dövlətlər üçün XXl əsr gerçəkliyidir.
Ayşən Dadaşova,
Füzuli rayon 59 nömrəli tam orta məktəbin müəllimi

