Region Xəbərləri 

Bərdənin Şahvəlilər kəndində şəhid bulağının açılışı olub+FOTOLAR

Bərdənin Şahvəlilər kəndində Birinci Qarabağ müharibəsinin 4 şəhidi, Dilqəm Əliyev,Cavanşir Məmmədov,Məhəmməd İsmayılov,Fazil Həsənovun xatirəsinə tikilən bulağın açılışı olub. Açılış mərasimində rayon rəsmiləri, kənd sakinləri, şəhidlərin ailə üzvləri, ictimai-siyasi təşkilatların üzvləri, qazilər, Şahvəlilər  kənd orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Şahvəlilər kənd tam orta məktəbdə  inşa olunan bulağın açılışından əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib, vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda  şəhidlərin həyat və döyüş yolundan xatirələr söylənilib, göstərdiyi qəhrəmanlıqlardan söhbət açılıb. Vurğulanıb ki, xatirəsi əbədiləşdirilən şəhidlər Şahvəlilər kəndində doğulub, boya başa çatmış, Şahvəlilər kənd tam orta məktəbdə təhsillərin başa vurmuş, buradan da vətənin müdafiəsinə yollanmışlar. Qeyd olunub ki, vətən uğrunda canından keçmiş 4 şəhiddən birinin adı Şahvəlilər kənd tam orta məktəbinə verilib.

Məktəbin direktoru Həsrət Hümbətov bildirib ki, Şəhid Dilqəm Əliyevin adını daşıyan məktəbdə oxumaq və işləmək indi əlavə məsuliyyət deməkdir. Odur ki, adı çəkilən məktəb təhsildə daim nailiyyətlər qazanmağa və bu nailiyyətləri qoruyub saxlamağa çalışırlar.

Daha sonra tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon təşkilatının sədri Etibar xanım Hüseynova,YAP Bərdə rayon təşkilatının nümayəndəsi Əlövsət Məmmədov, Bərdə rayon Ağsaqqallar şurasının idarə heyyətinin üzvü Rzaqulu Şərifov,  şəhid ailələri çıxış ediblər.

Çıxışların ardınca 4 şəhidin , xatirəsinə yaradılan bulağın açılışı olub, bulağa su verilib, qarşısına gül dəstələri qoyulub.

Eyni zamanda onu da qeyd edək ki, şəhidlər Dilqəm Əliyev,Cavanşir Məmmədov,Məhəmməd İsmayılov,Fazil Həsənovun adları həm də    məktəbin  sinif otaqlarına verilib. Bulağın açılışından sonra  tədbir iştirakçılarının iştirakı ilə şəhidlərin adları verilən siniflərə baxış keçirilib. Sinif otaqlarında şəhidlərə yaradılan şəkilli stendlərə baxılmış, uşaqların ifasında vətənpərvər şerlər dinlənilmişdir.

Şəhidlərin adına verilən sinif otaqlarına baxandan sonra tədbir iştirakçıları üçün məktəbin idman zalında çay süfrəsi açılıb. Şəhidlərin adına müqəddəs qurandan ayələr oxunub. Şəhidlərin müqədəs ruhlarına  dualar səsləndirilib.

Vüsal Rafiqoğlu, Mirələm Əhmədov, Arantv Bərdə

Daha çox xəbərlər