Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu artır
Azərbaycanın ərazisinin dünyanın ən qədim neft hasil edilən regionlarından biri, daha dəqiq desək, birinci olması, neftə aid ilkin biliklərin, məlumatların, təəssüratların bu məmləkətdən dövriyyəyə çıxışı beynəlxalq aləmdə geniş mübahisələr doğurmayan tarixi faktdır. Bu sıradan dünya xalqlarının ensiklopediyaları, neftlə bağlı ədəbiyyatları, məlumat kitabçaları, iqtisadçı və tarixçi alimlərin müvafiq əsərləri neftin beşiyinin Azərbaycan olmasını təsdiqləyən dəlillərlə zəngindir. Bu ellərdən keçən səyyahlar, tacirlər, əli qələm tutan yolçular ekzotik görünüşlü maddəni-nefti vəsf etmiş, ölkəmizin «qara» sərvətinin şöhrətinin dünyaya yayılmasında yardımçı olmuşlar.
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir. Müstəqilliyin ilk illərində Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil etmişdir. Azərbaycanın enerji siyasətinin bir neçə istiqaməti mövcuddur ki, bunlardan daha vacib olan ikisini xüsusi qeyd etmək mümkündür. Birincisi, Azərbaycanın öz daxili enerji təhlükəsizliyinin təmini, ikincisi isə digər dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə verə biləcəyi töhfə ilə bağlı idi. Bu baxımdan həm Azərbaycanın enerji ehtiyatlarının hasilatı, həm də bu ehtiyatların beynəlxalq bazarlara çıxarılması yolları ilə bağlı yeni imkanların yaradılması böyük əhəmiyyət daşıyır.
İyun ayının 1-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilib. Sərgidə 30 müxtəlif ölkəni təmsil edən 249 şirkətin nümayəndələri iştirak edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev pandemiya səbəbindən ikiillik fasilədən sonra Xəzər Neft və Qaz Sərgisinin yenidən başlanmasına görə təşkilatçılara təşəkkürümü bildirmiş, Neft və Qaz Sərgisində və Bakı Enerji Həftəsində keçiriləcək müzakirələrin enerji təhlükəsizliyi və enerji ehtiyatların şaxələndirilməsi kimi mühüm məsələlərlə bağlı dialoqu gücləndirəcəyini vurğulamışdır. Azərbaycan dünyanın və bölgənin enerji təhlükəsizliyində mühüm əhəmiyyətə malikdir. Bir sıra beynəlxalq miqyaslı enerji layihələrinin o cümlədən, Bakı-Tblisi-Ceyhan, Bakı-Tblisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi iri maliyyə tutumlu layihələrin icraatında ölkəmiz çox mühüm rola malik olmuşdur. Cənub Qaz Dəhlizi isə Avropanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynayır. Dünya bazarına indiyədək 628 milyon ton Azərbaycan nefti ixrac edilib. İxrac edilmiş neftin 458 milyon tonu Bakı-Tbilisi-Ceyhan kəmərinin payına düşür.
XXI əsrin ilk illərində ölkəmizdə aparılan geniş miqyaslı islahatların daha da dərinləşdirilməsi, cəmiyyətimizin daha yüksək sosial-iqtisadi inkişaf pilləsinə yüksəlməsinə şərait yaratmışdır. Ölkədə investisiya mühitinin yaxşılaşdırılmasında mühüm addımlar atılmış, dövlət idarəçiliyi müasir meyarlara uyğun yenidən qurulmuşdur. Hasilatı və Avropa bazarlarına çatdırılması məqsədi ilə reallaşdırılmış iri layihələr Avropanın neft və qazla təminatında Azərbaycanın önəmli yer tutmasına şərait yaratmışdır. Xəzər hövzəsi regionunun dünya üçün mühüm karbohidrogen mənbəyi olması Avropanın diqqətindən yayınmır. Qərb analitikləri qeyd edirlər ki, Xəzər hövzəsində böyük neft şirkətlərilə ən yüksək əməkdaşlıq əlaqələri yaradan ölkə Azərbaycandır və Qərbin enerji daşıyıcılarının istismar edilməsində Azərbaycanla əməkdaşlıq etməsi yüksək qiymətləndirilir. Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb. Külək, günəş, bio-yanacaq kimi bərpa olunan enerji mənbələri qlobal enerji təhlükəsizliyinin təminatı və qlobal istiləşmənin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdirlər. Ölkəmizin belə möhtəşəm tədbirlərə ev sahibliyi etməsi hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Bütün bunlar iqtisadiyyatımızı xeyli gücləndirərək ölkəmizin dünyadakı iqtisadi və siyasi nüfuzunu xeyli artıracaqdır.

Həcər Ramazanova,
Pirallahı rayonu, 186 tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini

