Gündəm 

Azad Qarabağ və Şərqi Zəngəzur çiçəklənir

Tarixi Qələbə ovqatlı səfərlər həsrətlə gözlənilən Böyük Qayıdışı reallığa çevirir

Qarabağ və Şərqi Zəngəzurda yeni həyat üçün görülən qürurverici işləri Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  həmin bölgələrə səfərləri zamanı daha yaxından görürük. Bu səfərlərin hər birində ölkəmizin rəhbəri Qarabağda və Şərqi Zəngəzurda əbədi həyatın var olması üçün öz əlləri ilə möhkəm təməllər, bünövrələr, özüllər atır, şəhərlərimizin Baş planlarını təsdiq edir. Bu baxımdan mayın 26- 27-də- Müstəqillik Günümüz ərəfəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri də xüsusi əhəmiyyəti ilə diqqət çəkdi. Səfər zamanı Horadiz-Cəbrayıl- Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanışlıq oldu. Horadiz- Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşa­ğının təməlqoyma mərasimi keçirildi.  Həmçinin Zəngilan Beynəlxalq Hava Limanının və “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidinin tikinti işləri ilə də tanışlıq oldu. Səfər zamanı Zəngilanda İşğal və Zəfər muzeyləri kompleksinin təməli də qoyuldu. Ölkə başçımız Zəngilan rayonunun Ağalı kəndinin sakinləri ilə görüşdü və Azərbaycanın müstəqillik illərində hansı çətinliklərlə üzləşməsi və bu gün güclü bir ölkəyə çevrilməsi barədə ətraflı məlumat verdi.

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura budəfəki səfəri həm də Zəngilan şəhərinin Baş planını təsdiq etməsi ilə əlamətdar oldu. Layihəyə əsasən, Zəngilan şəhəri beynəlxalq əhəmiyyətli Zəngəzur nəqliyyat dəhlizi ilə sıx əlaqələri olan strateji əhəmiyyətli yaşayış məntəqəsi kimi inkişaf etdiriləcək. Baş planda diqqətçəkən daha bir nüans onun konseptual əsasını “rahat yaşayış”, “yaşıl və təmiz”, “mütərəqqi innovasiyalar” kimi şəhər yanaşmalarını təşkil etməsidir. Burada “ağıllı şəhər” yanaşmasının tətbiqi, müasir texnologiyalardan və bərpaolunan enerji mənbələrindən geniş istifadə edilməsi Zəngilanın yaşayış üçün əlverişliliyini artıracaq, nəqliyyat sistemini ekoloji təmiz, müasir və davamlı edəcək, onu iqtisadiyyatın inkişafı baxımından region səviyyəsində nümunəvi şəhərə çevirəcək.

İşğaldan azad edilmiş bölgələr sırasında Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər ya­xın gələcəkdə oraya qayıdacaqlar. Artq Böyük Qayıdışın bir addımlı­ğındayıq. Çünki birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Faktiki olaraq yenidən qurulan Ağalı böyük və rahat kənd olacaq. Ağalı kənd meydanında Dövlət Xidmətləri Mərkəzi də yaradılıb. Burada “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək. Ağalı kənd meydanında “Kapital Bank”ın Zəngilan filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyaları, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai iaşə obyektləri də var. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olu­nub. Küçələrin “ağıllı” işıqlandırıl­ması, isti və soyuğa davamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər yüksək səviyyədə reallaşdırılıb. Bütün bun­larla bərabər, kənddə “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və kənd orta məktəbi də yaradılıb. Ağalıda yaşayan ailələrin sa­yının 200-dən çox olacağı plan­laşdırılır. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli binaların inşası da nəzərdə tutulur. Ağalıda aqrar sektorun inkişafı məsələlərinə də xüsusi önəm veri­lib. Bununla bağlı “ağıllı kənd”də bir sıra yeniliklər tətbiq edilib.  Burada ən müasir kənd təsərrüfatı texnikaları da var. Həmin texnikalar vasitəsilə becərmə işlərini sürətli və səmərəli şəkildə aparmaq mümkündür. Bundan başqa, kənd ərazisində yeni intensiv bağlar salınır, bağçı­lığın sürətli inkişafı üçün layihələr həyata keçirilir. Xarici investisiya hesabına kəndin kənarında camış­çılıq ferması yaradılması nəzərdə tutulur. Bir sözlə, Ağalı kəndində “Ağıllı kənd” konsepsiyasının hər üç kom­ponenti – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb.

Bu il Füzulinin Dövlətyarlı kəndinin bərpasına da başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Bura Ağalı kəndindən də böyük yaşayış məskəni olacaq. Eyni zamanda, azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır.

Azad edilmiş ərazilərdə elektrik təchizatı ilə bağlı görülən işlər xüsusi qeyd edilməlidir. Çünki regionun elektrik enerjisi ilə tam təmin olunması digər işlərin də həyata keçirilməsinə təkan verir. Ötən il 20 meqavat gücündə 4 su elektrik stansiyası inşa edilib. Bunlardan ikisi Suqovuşanda, La­çın rayonunun Güləbird kəndində və Kəlbəcər rayonunda Lev çayı üzərində qurulub. Düşmən məğlub olduğunu hiss edıb qaçan zaman 30-dan çox elektrik stansiyasını dağıdıb və məhv edib. Bu stansi­yaların bərpasına ötən il başlanıl­mışdır. Artıq azad edilmiş bütün ərazilər digər bölgələrimizin elekt­rik xətləri ilə birləşdirilib. Nəqliyyat infrastrukturunun, kommunika­siya xətlərinin müasir tələblər səviyyəsində qurulması ilə bağlı bütün planlarımız vaxtlı-vaxtında yerinə yetirilir.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı təmin etmək üçün mühüm məqamlardan biri də həmin ərazilərdə yol infrastrukturunun qurulmasıdır.  Bu xüsusda irimiqyaslı yol layihələrinin yüksək peşəkarlıqla həyata keçirildiyini vurğulamaq yerinə düşər. Nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün ötən il olduğu kimi, cari ildə də dövlət büdcəsindən 2.2 milyard manat vəsait ayrılıb. 2021-ci il noyabr ayının 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən açılışı edilən Zəfər yolu işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun inkişafının ən parlaq nümunələrindən biri, bəlkə də birincisidir. Yolların tikintisi bu gün də sürətlə davam etdirilir.

İşğaldan azad edilmiş torpaq­larda məktəb və xəstəxana binalarının tikintisi işləri də sürətlə davam etdirilir. Üç məktəbin inşası bu il başa çatmalıdır – Ağdamda 1 nömrəli məktəb, Cəbrayıl və Şuşa şəhərləində məktəb binalarının tikintisi bu il başa çatacaq. Hər üç məktəb 960 yerlikdir. Bununla bərabər, dörd xəstəxananın inşası davam etdirlir. Şuşa şəhərində xəstəxananın bu il istismara veriləcəyi planlaşdırılıb, Ağdam­da 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilib. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq.

Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərdə tikinti-quraşdır­ma, bərpa işləri geniş vüsət alıb. Bütün bu işlər, təbii ki, Azərbaycan ictimaiyyəti tərəfindən böyük maraqla izlənilir və yüksək qiymətləndirilir. Digər tərəfdən, 30 il ərzində ev-eşiyindən didərgin salınmış soydaşlarımız da doğma ocaq­larına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Bu mənada Prezidentin hər bir səfəri böyük ümid və intizarla izlənilir. Eləcə də yeni obyektlərin və infrastruk­turun tikintisi insanlarda sabaha ümid yaradır.

Daha çox xəbərlər