Kədəri, sevinci, əməli bir olan iki qardaş dövlət, iki qardaş xalq
Azərbaycan-Türkiyə qardaşlığının növbəti təcəssümü olan «TEKNOFEST» festivalı gələcəyimiz olan gənclərin müasir dövrün yeniliklərinə söykənərək bu dostluğa verəcəkləri töhfələrə işıq saldı
«Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir.» Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şanlı Qələbəmizin dünyaya təqdimatı olan Zəfər paradında səsləndirdiyi bu fikirlər keçilən yolun ümumiləşdirilmiş ifadəsi və qarşıdakı dövrdə görüləcək işlərin təqdimatı kimi dəyərləndirildi. Türkiyə Prezidenti, eyni zamanda, həmin səfəri zamanı sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında bildirmişdir: «Bu gün atılan imzalar, əslində, simvolik imzalardır. Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcəkdir.”
Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində Türkiyənin dost, qardaş dəstəyini gördü və bundan qürurlandı. «Azərbaycan tək deyil» bəyanatı ilə dünyaya mesaj ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sonadək mənəvi və siyasi dəstəyini davam etdirdi və əvvəldə də qeyd etdiyimiz kimi, Qələbəmizin dünyaya təqdimatı olan 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradında iştirak etmək üçün Azərbaycana gəldi. Onun paraddakı çıxışı türk dünyasına birlik, həmrəylik, bütün məsələlərdə bir-birinin yanında olmaq, problemini öz problemi, sevincini öz sevinci kimi qəbul etmək çağırışı idi. Xalqımız bu gün də Türkiyənin dostluğundan, qardaşlığından qürurludur, qardaş ölkənin Prezidentinin mətbuata bəyanatında səsləndirdiyi hər bir fikri böyük sevinc hissi ilə qeyd edir. «Bu gün təbii ki, fərqli bir həyəcanın, hisslərin içindəyik» söyləyən Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, Allaha şükür olsun ki, daha əvvəl verdiyimiz sözümüzü bu gün yerinə yetiririk. Qırx dörd günlük məlum müharibənin nəticəsində Qarabağ, çox şükürlər olsun ki, sahiblərinə qovuşdu və erməni zülmündən, erməni işğalından azad edildi. Rəsmi Ankara sonadək ədaləti müdafiə etdi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin təbliğində, erməni yalanlarının ifşasında Azərbaycanla eyni mövqedən çıxış edərək dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından beynəlxalq aləmi ikili siyasətə son qoymağa, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərini neytrallığı qorumağa çağırdı.
Qardaşlığımızın sübutu üçün təkcə 44 günlük Vətən müharibəsi dövründə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi bəyanatlara diqqət yetirmək kifayətdir. Bir mühüm məqamı da qeyd edək ki, işğalçı Ermənistan zaman-zaman Azərbaycanla yanaşı, qardaş Türkiyəyə qarşı əsassız «erməni soyqırımı» iddiasını irəli sürür. Qardaş ölkəyə qarşı bu məsələnin bir təzyiq vasitəsi kimi istifadə edildiyi məlumdur. Bu məsələ daim gündəmə gətiriləndə rəsmi Ankara bütün dünya arxivlərinin açılmasının, tarixçilərdən ibarət Türkiyə-Ermənistan birgə komissiyasının yaradılmasının vacibliyini bildirdiyi halda, qarşı tərəf fakt qarşısında acizliyini büruzə verərək bu məsələ ilə tarixçilərin deyil, siyasətçilərin məşğul olmalı olduğunu bildirir. 1915-ci il uydurma «erməni soyqırımı»ndan Xocalı faciəsinədək, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Gəncə, Bərdə, Tərtər soyqırımı aktlarına diqqət yetirmək kifayətdir. Fürsət düşən kimi özlərini «yazıq, məzlum, döyülən və əzilən» millət kimi təqdim edən ermənilərin 107 ilin yalanlarını həqiqət kimi təqdim etmək üçün hansı vasitələrə əl atdıqları məlum olaylardandır. Uydurma «erməni soyqırımı» məsələsi bu günün məsələsi deyil. Ermənilər uzun müddətdir ki, bu mövzu ətrafında özlərinin uydurmalarını yaymaqda davam edirlər. Tarix özü keçmişdən ibrət götürməkdən ibarətdir. Tarixdən ibrət götürmyənləri tarix özü cəzalandırır. Ermənilər çox təəssüf ki, tarixin dərslərindən ibarət götürmürlər. Çünki tarixdə heç bir yalan həqiqət kimi qəbul oluna bilməz. Bu gün dünya özü də erməni yalanlarını açıq şəkildə görməkdədir. Ermənilərin uydurduqları yalanların faş olunması üçün həm Türkiyədə, həm də Azərbaycanda tarixçilər xeyli işlər görüb. Hər zaman Türkiyə-Azərbaycan alimləri birgə konfranslar təşkil ediblər. Eyni zamanda, Türkiyə tərəfi əvvəldə də qeyd etdiyimiz kimi, bu məsələ ilə əlaqədar beynəlxalq miqyasda öz mövqeyini dəfələrlə açıqlayaraq Türkiyə arxivlərini açıq elan edib. Bildirilib ki, ermənilərdə də bu məsələ ilə bağlı hər hansı sənəd varsa, ortaya qoyulmalıdır.
Azərbaycan – Türkiyə birliyinin zirvədə olduğunu təsdiqləyən Şuşa Bəyannəməsində də bu müddəa öz əksini tapır ki, Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin saxtalaşdırılması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhü və sabitliyi təhdid etməsi nəzərə alınmaqla, 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərin qətiyyətlə dəstəklənməsi vacibdir. Tarixi sənəd özündə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi problemlərlə bağlı birgə addımların atılması, davamlı həmrəylik göstərilməsi, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsi və qarşılıqlı dəstəyin verilməsini də ehtiva edir.
Dövlət başçısı İlham Əliyevin «Bir millətin iki diasporu ola bilməz» çağırışı Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyətinin dərinləşməsində özünü qabarıq şəkildə büruzə verir. Buna əmin olmaq üçün həqiqətlərimizin təbliğinə, birliyimizə, həmrəyliyimizə söykənən tədbirlərin miqyasının genişlənməsinə diqqət yetirmək kifayətdir. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə, həmçinin qardaş Türkiyə ilə bağlı hər hansı məsələ, o cümlədən qondarma «erməni soyqırımı» gündəmə gətiriləndə Azərbaycan-Türkiyə diaspor təşkilatlarının fəallığı diqqətdə dayandı. Bu fakt inkaredilməzdir ki, müstəqilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olmuşdu ki, bu da ölkəmizə, qardaş Türkiyəyə qarşı əsassız iddiaların baş qaldırmasına şərait yaratmışdı. 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana qarşı tətbiq etdiyi «Azadlığı Müdafiə Aktı»na ədalətsiz «907-ci düzəliş» də bu məlumatsızlığın nəticəsi idi. Bu gün Azərbaycan-Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyəti nəticəsində ermənilərin fakt qarşısında acizlikləri daha aydın görünür. Şuşa Bəyannaməsində yer alan müddəalardan biri də Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın gücləndirilməsi, türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Dövlətləri Təşkilatı) və əlaqədar qurumlar çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verilməsidir. İki ölkə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması, həmçinin bununla bağlı qanunun hər iki ölkənin dövlət başçıları tərəfindən təsdiqlənməsi, Azərbaycan-Türkiyə Birgə Media Platformasının yaradılması hədəflərə yüksək səviyyədə nail olmağa geniş imkanlar açır.
Atdığı addımları ilə hər zaman Azərbaycanın yanında olduğunu təsdiqləyən Türkiyə ilə ölkəmiz arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələrdir. Azərbaycan və Türkiyə eyni köklər üzərində böyüyən ulu bir çinara bənzədilərək vurğulanır ki, həmin çinarın kölgəsi həyata keçirilən layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzanır. BTC və BTƏ neft-qaz layihələrinin ardınca əməkdaşlığın regional çərçivədən çıxaraq coğrafiyasını genişləndirməsi fonunda Cənub Qaz Dəhlizinin, onun əsas seqmentlərindən olan TANAP-ın, TAP-ın istifadəyə verilməsi və sair kimi biri-birindən önəmli hadisələr Qafqazdan Avropayadək uzanan kölgənin təqdimatlarıdır. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində, həmçinin Enerji Forumunda da Azərbaycan və Türkiyənin iştirakı ilə reallığa çevrilən enerji layihələrinin bu gün dünyanın enerji təhlükəsizliyinin təminatında oynadığı rol geniş təhlil edilərək, perspektivlər müzakirə olunmuşdur.
Azərbaycan-Türkiyə əlaqələrinin gələcək inkişafı üçün yol xəritəsi, ümumi işbirliyimizin təminatçısı kimi dəyərləndirilən Şuşa Bəyannaməsinin siyasi əhəmiyyətindən bəhs edərkən bu məqam xüsusi qeyd edilir ki, sənəddə əksini tapan müddəalar təkcə iki qardaş ölkəni deyil, ümumilikdə regionu əhatə edir. 44 günlük İkinci Qarabağ müharibəsinin yaratdığı reallıqlar fonunda yeni əməkdaşlıq formatlarının yaradılması zərurəti ortaya çıxır ki, bu da öz növbəsində bölgədə sülhün, təhlükəsizliyin təminatına yol açır. Azərbaycan-Türkiyə birliyi daim bölgədə sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilib. Bütün çıxışlarında tarixi Zəfərimizi Türkiyə-Azərbaycan birliyinin təcəssümü kimi dəyərləndirən dövlət başçısı İlham Əliyevin Zəfər paradındakı bəyanatında səsləndirdiyi “Bu gün Ərdoğan Türkiyəsi dünya üçün bir örnəkdir, müstəqillik, mərdlik, cəsarət örnəyidir və inkişaf örnəyidir» fikirlərinin Şuşa Bəyannaməsi ilə yeni inkişaf mərhələsinə qədəm qoyan iki dost, qardaş ölkənin münasibətlərinin səmimi, qarşılıqlı hörmət və dəyər prinsipləri əsasında inkişaf etdiyinin aydın mənzərəsini yaradır. Bu fikirlərin davamı olaraq isə Türkiyə Prezidenti Azərbaycanın cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə dastan yazmaqda davam edəcəyini bildirmişdir.
Mayın 28-də Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı bir daha Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığına, gələcək inkişafı üçün möhkəm təməlin mövcudluğuna işıq saldı. İlk dəfə idi ki, 28 May tarixini Müstəqillik Günü kimi qeyd etdik. Bu günü ikiqat bayrama çevirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərinə qatılması, eyni zamanda, gəncləri bir araya gətirən «TEKNOFEST» festivalının Bakıda keçirilməsi oldu. Dövlət başçısı İlham Əliyev bir daha bildirdi ki, Azərbaycan və Türkiyə qarşıda duran istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Xalqlarımız öz milli qürurunu müdafiə, təmin etmək üçün hər zaman hər bir addıma fədakarcasına hazırdırlar.
Ölkə Prezidenti İlham Əliyev Azərbaycan-Türkiyə qardaşlığının təhlili fonunda bu fikri də xüsusi qeyd edir ki, bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var – o da mənim qardaşımla mən: «Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik… Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır.» «Bir ananın iki oğlu, bir ağacın iki qolu» kimi dəyərləndirilən Azərbaycan və Türkiyə dostluğunu, birliyini geniş təhlil edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikri xüsusi qeyd etdi ki, göylərdə nazlı-nazlı dalğalanan ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq: «Eynilə Anadolu kimi, bura da bizim torpağımızdır. Eynilə Türkiyə kimi, bura da bizim Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi, bura da bizim öz yurdumuzdur. Eyni qaydada Türkiyənin hər bir qarışı da sizlərin Vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəkə bilər?» İki dost ölkənin əlaqələri təkcə bölgəyə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyədədir. Gələcəyimiz olan gənc nəslin ölkələrimiz arasında bütün sahələrdəki nümunəvi əməkdaşlığı daha da inkişaf etdirəcəklərinə böyük əminlik ifadə edilmişdir.
Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının Ankaranın Kızılcahamam rayonunda keçirilən 30-cu müşavirə və dəyərləndirmə toplantısındakı çıxışında bu fikri xüsusi qeyd etmişdir ki, Can Azərbaycanda TEKNOFEST düşüncəli gənclərimizin “İki dövlət, bir millət, bir festival!” anlayışı ilə necə qucaqlaşdıqlarının birlikdə şahidi olduq. Azərbaycanlı qardaşlarımızın 28 May – Müstəqillik Gününü bütün mənalarda gözqamaşdırıcı bir texnoloji mərasimlə şərəfləndirdik.
Dünyaya örnək olan Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının sarsılmazlığını təsdiqləyən faktlar o qədər bitib tükənməzdir ki, onları sadalamaqla qurtarmaz. Ən əsası bu sarsılmaz birlik gələcəyə daha böyük inamla addımlamağa əsas verir. Hazırda cənnət məkana çevrilən azad Qarabağımızda bərpa-quruculuq işləri iki qardaş ölkənin birgə səyləri əsasında həyata keçirilir. Tezliklə Böyük Qayıdışın sevincini birgə yaşayacağıq.

