Erməni vandalizmi: “Ağdam Delenda Est”
Azərbaycan torpaqlarında erməni vandalları tərəfindən bəşər mədəniyyətinin nadir incilərinə qarşı törədilən bu vandalizm bütün tərəqqipərvər bəşəriyyəti, ABŞ Dövlət Departamentini narahat etdiyi halda, görəsən UNESCO-nun diqqətini niyə cəkmir?
Təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində ərazimizin iyirmi faizi zəbt edilmiş, otuz mindən artıq vətəndaşımız qətlə yetirilmiş, bir milyondan artıq soydaşımız isə öz doğma yurd-yuvalarından didərgin salınmışdı. Həmçinin 30 illik işğal dövründə yaşı minillərə söykənən tarixi-mədəni, dini abidələrimiz erməni vandalları tərəfindən məqsədyönlü şəkildə və xüsusi qəddarlıqla məhv edilmiş, cənnət Qarabağımızın təbiəti ekoloji terrora məruz qalmışdı. Şübhəsiz, bütün bunlar ümumilikdə bəşəriyyətə qarşı mənəvi soyqırımıdır.
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammitindəki çıxışında erməni vandallarının işğal etdikləri Dağlıq Qarabağ torpağında Azərbaycanın qədim və dəyərli tarixi abidələrinin dağıtdıqlarını vurğulayıb: “İşğal edilmiş torpaqlarımızda Ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlərimiz dağıdılıb. Şuşa, Ağdam və digər şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin sənədli sübutudur”.
Qırx dörd günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi nəticəsində diplomatik, media və ictimaiyyət nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfər edərək bu vəhşilikləri yerindəcə görmələri erməni vandalizmi ilə bağlı həqiqətlərin dünya ictimaiyyəti tərəfindən qəbul edilməsində mühüm rol oynadı. Məhz bunun nəticədir ki, bu gün bütün tərəqqipərvər bəşəriyyət erməni vandallığını pisləyir.
Bu günlərdə ABŞ Dövlət Departamentinin 2021-ci ildə dünyada dini dözümlülüyün durumu haqqında dərc etdiyi hesabatında erməni vandalizmi ilə bağlı qeyd olunanlar bunun əyani təsdiqidir. Hesabatda göstərilib ki, Azərbaycan ərazilərinin erməni işğalında olduğu dövrdə yüzlərlə məscid, ziyarətgah və qəbiristanlıq talan edilib, təhqir olunub və dağıdılıb. Bildirilib ki, uzun sürən münaqişə regionun mədəni irsinə dağıdıcı təsir göstərib. Qeyd olunur ki, Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda onlarla azərbaycanlı qəbiristanlığının sistemli şəkildə dağıdılması sənədləşdirilib. Qəbirlər təhqir olunub, onların ağır tikinti texnikası ilə dağıdılması, qəbir daşlarının zədələnməsi, insan qalıqlarının ekshumasiyası izləri aşkar edilib.
Hesabatda bildirilir ki, azərbaycanlı qəbirlərindən qalıqlar qızıl dişlərin çıxarılması məqsədilə ekshumasiya edilib, bundan sonra kəllə və sümüklər qəbiristanlıq boyunca səpələnib, erməni qəbiristanlıqları isə toxunulmaz qalıb. Həmçinin qeyd olunur ki, Azərbaycan ərazilərinin işğal dövründə genişmiqyaslı minalanması şəhər və kəndlərdəki yüzlərlə dini məkanın böyük əksəriyyətinə girişi mümkünsüz edib. Vandallığa məruz qalan mühüm dini obyektlər sırasına Füzuli rayonundakı 19-cu əsrə aid dağıdılmış Hacı Ələkbər məscidi və erməni dilində qraffiti ilə təhqir olunmuş, mehrabı (divarda Məkkə istiqamətini göstərən dəlik) güllələnmiş Ağdamdakı Cümə məscidi daxildir. Bütün Ağdam boyunca qəbiristanlıqlar təhqir edilib, talan edilib, dağıdılıb. Onların arasında İmarət Qərvənd qəbiristanlığında 18-ci əsrə aid müqəddəs tarixi məzarlar, Şəhidlər xiyabanı da var: “Şəhidlər Xiyabanını ziyarət edən Qərb diplomatları qazılmış və təhqir olunmuş məzarları gördüklərini bildiriblər”
Bundan başqa, ABŞ-da Qarabağda erməni vandalizminin izlərini əks etdirən sərginin açılması da erməni barbarlarının vəhşi xislətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Nyu-Yorkun qabaqcıl sərgi salonlarından birində baş tutan sərgidə italiyalı fotoqraf Fabrizio Kontinin lentə aldığı, uzun müddət davam edən erməni işğalı nəticəsində Qarabağın maddi-mədəni irsinə dəyən zərərin əks olunduğu fotoşəkillər nümayiş etdirilib. Təqdimat mərasimində çıxış edən fotoqraf F.Konti Qarbağda ermənilərin törətdikləri cinayəti dünyaya tanıtmaq üçün reallaşdırdığı layihədən danışıb. F.Konti İkinci Qarabağ müharibəsindən sonra könüllü olaraq Ağdama getdiyini deyib və 1 il ərzində orada lentə aldığı fotoların hekayəsindən bəhs edib. Fotoqraf “Ruhlar şəhəri” adlandırdığı Ağdamda gördüklərindən dəhşətə gəldiyini və Qarabağda ermənilərin insanlığa sığmayan tarixi cinayət törətdiklərini deyib. O, viran qalmış yaşayış məntəqələrində və minalanmış torpaqlarda qarşılaşdığı çətin anlardan bəhs edib. Müəllif bildirib ki, o, latın dilində qədim Roma imperiyasında düşmənlə sona qədər mübarizə aparmaq mənasına gələn məşhur “Delenda Est” ifadəsini istifadə edərək sərgini “Ağdam Delenda Est” adlandırıb.
Təbii ki, təcavüzkar Ermənistanın işğalı nəticəsində tarixi Azərbaycan torpağı olan Qarabağda dağıdılan muzeylər, məscidlər, abidələr təkcə xalqımıza deyil, bütünlükdə bəşəriyyətə aiddir. Bu mənada erməni barbarlarının belə əməlləri bəşər mədəniyyətinə qarşı təcavüzdür. Belə olan halda Azərbaycan torpaqlarında erməni vandalları tərəfindən bəşər mədəniyyətinin nadir incilərinə qarşı törədilən bu vandalizm bütün tərəqqipərvər bəşəriyyəti, vicdan, şərəf korluğu çəkməyən insanları, eləcə də ABŞ Dövlət Departamentinin diqqətini cəlb etdiyi halda, görəsən UNESCO-nu niyə narahat etmir? Nəyə görə Azərbaycan tərəfinin hələ müharibədən əvvəl müraciətlərinə dünya mədəni irsinin qorunmasına görə məsuliyyət daşıyan bu təşkilatda baxılmayıb?
Yəqin ki, UNESCO-ya ünvanladığımız bu suallar və ermənilərin vəhşi əməlləri cavabsız qalmayacaq…

