Region Xəbərləri 

Vətən qoxusu dəyişməzdir, özəldir+FOTOLAR

İllər sonra yenidən Ağdama, Şahbulağa geri dönəcəyimə ümidim qalmamışdı. Daha xəyalını belə qurmaqdan əl çəkib bu yarayla yaşamağa davam edirdim… və 30 il sonra Ağdamı görmək nəsib oldu. Təbii ki, vizual olaraq çox şey dəyişmişdi, amma mən uşaq yaddaşımdakı Ağdamı pazl fiqurlarını yığarcasına yığırdım gözümün önünə… İllərin o tayında qoyub gəldiyim 13 yaşlı balaca qızcığaz da mənə əl edib salamlayırdı. Vətən qoxusu dəyişməzdir, özəldir. Bu özəlliyi vətən nisgili olanlar daha çox anlayarlar. Ömrümdə çox az belə çətin anlar yaşamışam, dünənki Ağdam səfərim də mənimçün məhz həmin çətin anlardan oldu. Boğazımda sıxıb saxladığım qəhər məni boğurdu, uşaq kimi hönkürmək istəyirdim, amma şərait izin vermirdi. Çünki 13 yaşında bir əlində gilaslar, bir əlində anasının əli ilə Ağdamdan çıxan o körpə qız illər sonra öz vətəninə işgüzar səfər çərçivəsində getmişdi. Keçmişimlə qarşı-qarşıya dayandım, bütün olub-keçənlər, o illər, ağrılar, yaşantılar kadr kimi gözümün önündən keçdi. Ağdamdan çıxanda Şahbulağın qoxusunu ehtiyat toplayırmış kimi ciyərlərimə çəkdim.
Sıravi bir ağdamlı, Şahbulaqda doğulmuş bir vətəndaş kimi mənə bu sevinci, bu həyəcanı yaşadan, yenidən ümid bəxş edən 44 günlük savaşın qəhrəmanları – sərkərdə, Ali Baş Komandan, cənab prezident İlham Əliyevə, qazilərimizə, əsgərlərimizə təşəkkür edir, şəhidlərimizə Allahdan rəhmət diləyib, ruhları qarşısında baş əyirəm !

Daha çox xəbərlər