Gündəm 

Şəkərli içkilərə aksiz vergisi təklifi: Reallaşarsa…

Azərbaycanda şəkərli içkilərə aksiz dərəcəsi tətbiq olunması təklif olunur. Bu təkliflə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev çıxış edib. Z. Əliyev fikrini beynəlxalq təcrübə ilə əsaslandıraraq bir sıra ölkələrdə alkoqollu içkilərlə bərabər, həm də tərkibində şəkər olan içkilərə aksiz vergisinin tətbiq edildiyini bildirib. İTSDA İdarə Heyətinin sədri aksiz vergisinin İcbari Tibbi Sığorta Fondunun formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

Qeyd edək ki, “Tibbi sığorta haqqında” Qanuna əsasən, hazırda vergi ödəyiciləri tərəfindən araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı İcbari Tibbi Sığorta Fondu üçün tutulur.

Bəs, aksiz vergisi nədir və onun tərkibində şəkər olan içkilərə tətbiqi nə ilə nəticələnə bilər?

Aksiz malların satış qiymətinə daxil edilən dolayı vergi növüdür. O, yüksəkrentabelli məhsul istehsalından əldə olunan mənfəəti büdcə gəlirinə əlavə etmək məqsədilə qoyulur. Aksizlər əmtəələrin qiymətinə və ya xidmət tarifinə əlavə edilir və bir çox əmtəənin qiymətinin yarısını, bəzən isə 2/3-ni təşkil edir. Bu baxımdan tərkibində şəkər olan içkilərə aksiz vergisinin tətbiq edilməsi bir tərəfdən dövlət büdcəsinin və İcbari Tibbi Sığorta Fondunun gəlirlərinin, digər tərəfdən isə bu məhsulların qiymətinin artması deməkdir.

Hazırda hansı məhsullar aksiz vergisinə cəlb edilir?

Hazırda içməli spirt, pivə və spirtli içkilərin bütün növləri, tütün məmulatları, neft məhsulları, minik avtomobilləri, avtobuslar (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla), istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr, idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, idxal olunan xəz-dəri məmulatları, energetik içkilər aksiz vergisinə cəlb edilirlər. Bundan başqa, elektron siqaretlər üçün maye, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər, qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarına da aksiz vergisi tətbiq edilir.

Daha çox xəbərlər