Operativlik, şəffaflıq, innovativlik
Azərbaycan və Türkiyə prezidentləri Bakıda 7 saylı “ASAN xidmət” və “Bilim Bakı” mərkəzlərinin açılışında birgə iştirak etməklə bir daha iki dost, qardaş ölkənin yenilikçi olmasını və bu sahəyə xüsusi diqqət göstərdiklərini təsdiqlədi
Beynəlxalq qurumlar illik hesabatlarında dünya ölkələrində müxtəlif meyarlar – insan kapitalı, institutlar, texnologiya və yaradıcı məhsullar, bazar, biznes və sair üzrə inkişafın səviyyəsini qiymətləndirir, innovativ ölkələrin siyahısını təqdim edirlər. Həmin hesabatlarda Azərbaycanın da xüsusi yer tutması, innovasiyalar ölkəsi kimi nüfuz qazanması bugünkü reallıqlarımızın təqdimatında əhəmiyyətli rol oynayır.
Dövlət başçısı İlham Əliyev 2003-cü ildə “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürərək bu fikri də xüsusi vurğulamışdı ki, dünyanın inkişaf etmiş ölkələrinə diqqət yetirsək görərik ki, onları inkişafa, tərəqqiyə aparan bilikdir, elmdir, savaddır, yeni texnologiyalardır.
Onu da qeyd edək ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da əksini tapan əsas hədəflərdən biri inkişaf etmiş ölkələr sırasında addımlamaq idi. Bu gün böyük əminliklə qeyd edə bilərik ki, Azərbaycan bu hədəfə də yüksək səviyyədə nail olub. Azərbaycan yenilikçi, innovasiyalar ölkəsi olduğunu atdığı addımları ilə təsdiqləyir. «ASAN xidmət», ABAD, DOST adı altında digər sosialyönümlü xidmət fəaliyyətə başlamışdır. ABAD regionlarda özünüməşğulluq proqramının uğurlu icrasını təmin edir, ailə təsərrüfatlarına asan dəstəyi həyata keçirir ki, bu da öz növbəsində işsizlik məsələlərinin həllinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib. Ailə təsərrüfatları arasında sağlam rəqabət kəmiyyətlə yanaşı, keyfiyyətin də yüksəlməsini təmin edir.
Prezident İlham Əliyevin hər çıxışında idarəetmə sahəsində təkmilləşmənin prioritetliyi xüsusi olaraq önə çəkilir. Xatırlasaq 2018-ci ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq yenidən Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində qarşıdakı dövrdə həyata keçiriləcək islahatların anonsunu vermişdir. Nazirlər Kabinetinin 2019-cu ildə keçirilən iclasında bu hədəf açıqlanmışdır ki, ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var: “Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar.»
Təbii ki, uğurlarımızın əsasında islahatların zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşməsi, gələcəyə hesablanmış strategiyamızın dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən hazırlanması əsas yer tutur. Gələcəyə nikbinliklə baxmağa əsas verən əsas amil bugünkü uğurlarımızdır. Hədəflərə yüksək səviyyədə nail olmaq üçün regionların potensial imkanlarından maksimum istifadə etmək məqsədilə Regional inkişaf proqramlarının uğurlu icrası nəticələrdən də aydın görünür. «Növbəti beşillik proqram – Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bu gün hələ də görə bilmədiyimiz bütün layihələri icra edəcəyik. Bu, möhkəm bir zəmindir. Biz bu zəmin üzərində yeni iqtisadi inkişaf modeli qurmalıyıq və qururuq. Bizdə həm təcrübə, həm də iradə var» söyləyən cənab İlham Əliyev həyata keçirilən siyasətin aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən dəstəkləndiyini hesabatlara istinadən diqqətə çatdırır. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər mötəbər maliyyə qurumları ölkəmizin iqtisadi inkişaf modelini yüksək dəyərləndirir, ən əsası Azərbaycan ən islahatçı ölkə kimi mövqeyini möhkəmləndirir.
Atılan addımlar günümüzün əsas çağırışlarından olan sahibkarlığın inkişafına da geniş yol açır. Həyata keçirdiyi siyasətin önündə yeniləşməni, modernləşməni əsas amil kimi önə çəkən Azərbaycan hər zaman ilklərə imza atan ölkə kimi tanınır və nüfuz qazanır. Daim ilklərə imza atan Azərbaycan əvvəldə də qeyd etdiyimiz kimi, «ASAN xidmət», ABAD, DOST layihələri ilə də diqqət mərkəzindədir. Bu layihələr şəffaflığın artırılmasına, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, elektron xidmətlərə keçidin sürətləndirilməsinə, habelə, süründürməçilik hallarının qarşısının alınmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir. Ölkəmizin gənc olmasına baxmayaraq, dünya miqyasında böyük layihələr həyata keçirməsi, yüksək texnologiyaların inkişafına töhfələr verməsi beynəlxalq səviyyədə təqdir edilir.
Dövlət başçısı İlham Əliyev postmüharibə dövrünün reallıqlarından bəhs edərkən “ASAN xidmət” mərkəzlərinin sayının artırılmasından geniş bəhs edir. İşğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulması Azərbaycan brendi kimi tanınan “ASAN xidmət”, DOST mərkəzlərinin yaradılmasında da özünün aydın ifadəsini tapır. Bu mühüm məqamı da qeyd edək ki, dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 28 May-Müstəqillik Günü ərəfəsində Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi zamanı ilk dəfə olaraq həmin kənddə qurulmuş “Ağıllı DOST”- “Smart DOST” məntəqəsi ilə də tanış olmuşdular. “Smart DOST” sistemi ilə vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahəsində onlayn formada 100-dən çox xidmətdən şəffaf, rahat və əlçatan şəkildə faydalana biləcəklər. “Ağıllı kənd” və “ağıllı şəhər” layihələri çərçivəsində qurulan bütün şəhər və kəndlərimiz müasir dövrün yeniliklərini özlərində əks etdirməklə Azərbaycanın yeniliyə, təkmilləşməyə nə qədər önəm verdiyini və bunu real həyatda tətbiq etdiyini nümayiş etdirəcəklər. Ağalı ilk “ağıllı kənd”, Ağdam isə ilk “ağıllı şəhər” olacaq. İşğaldan azad edilmiş şəhərlərimizin təqdim edilən Baş planlarında bütün yeniliklər öz əksini tapıb. Bu ərazilərdə təkmil idarəçilik sisteminin formalaşması, Prezidentin şəxsi nümayəndəliyinin fəaliyyəti də gələcək inkişafın aydın mənzərəsini yaradır.
Qeyd edək ki, yalnız işğaldan azad edilmiş ərazilərimiz deyil, bütün bölgələrimiz yeniliklərlə əhatə olunur. Dövlət başçısı İlham Əliyevin regionlara səfərlərinə diqqət yetirsək açılış, yaxud təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlər sırasında “ASAN xidmət”, DOST mərkəzlərini görmək mümkündür. Əsas hədəf bütün bölgələrdə vətəndaş məmnunluğunun artırılmasına nail olmaqdır. Bu layihələrin icrasında məqsəd operativlik, şəffaflıq, innovativlikdir. Dövlətimizin başçısı bildirir: « Biz “ASAN xidmət”i məhz ona görə yaratdıq ki, bu, asan olsun, bu xidmət rahat olsun, növbə olmasın, heç bir pozuntu olmasın, şəffaf olsun. Buna nail olmuşuq. “ASAN xidmət”in bəyənmə əmsalı 100 faizə yaxındır.» Cənab İlham Əliyev «ASAN xidmət»in fəaliyyətini belə dəyərləndirir: “ASAN xidmət” vətəndaş-məmur münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi. Yəni, göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq da mümkündür. “ASAN xidmət”in mənası və əhəmiyyəti bundan ibarətdir.”
Reallıq budur ki, hər bir layihə özlüyündə inkişaf, tərəqqi deməkdir. Atılan hər addımda vətəndaş amilinə verilən dəyər daha qabarıq şəkildə özünü büruzə verir. Ailə təsərrüfatlarının inkişafına dəstəyi asan şəkildə həyata keçirən ABAD, hər bir vətəndaşın yaxın dostuna çevrilən DOST idarəetmədə şəffaflığın qorunmasını, rəqabətin güclənməsini şərtləndirir. Ölkə Prezidentinin bu fikirlərini də xatırlatmaq istərdik ki, rəqabət olmasa inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz. Elə məhsullar yetişdirin, istehsal edin ki, xaricə sata biləsiniz. Dövlət də bunu təşviq etsin: «Bizim gələcəkdə iqtisadiyyatımızın inkişafını təmin edən əsas sahə ixrac olacaqdır. Bunu mən dəfələrlə demişəm. Biz buna çox ciddi hazırlaşırıq… Biz xaricdə logistika mərkəzləri yaradırıq. Nə üçün? Ona görə xaricə vəsait qoyuruq ki, məhsullarımız oraya – yeni bazarlara çıxsın. Bunu ona görə edirik ki, sahibkarların gedib öz məhsullarını rahat satmaq imkanları olsun. Burada isə əgər kimsə nəyisə istehsal edirsə, qoymur ki, başqası da istehsal etsin. Yaxud da ki, himayədarları müxtəlif yollarla bu işlərə cəlb edir. Buna yol vermək olmaz. O cümlədən idxalla bağlı inhisarçılığa yol vermək olmaz. Yenə də deyirəm, biz açıq bazar iqtisadiyyatı siyasətini aparırıq. Bizim siyasətimiz, dövlət siyasəti, Prezidentin siyasəti, bax, budur.»
İdarəçilik sistemində təkmilləşmənin yol açdığı uğurlardan geniş bəhs edən dövlət başçısı İlham Əliyev bir daha bildirir ki, görülmüş işlər düzgün yolda olduğumuzu söyləməyə əsas verir.
Azərbaycan innovativ idarəetmə vasitəsilə inklüziv, səmərəli və insanyönümlü İKT əsaslı dövlət xidməti sistemi yaradıb. Sosial xidmətlərin göstərilməsində dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı məsafəni qısaldıb və dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı ünsiyyəti şəffaflaşdırıb. Dövlət bu misilsiz nəticəni xidmətlərin göstərilməsini müasirləşdirməyə bütün hökumət qurumlarının birgə yanaşması, ASAN mərkəzlərin yaradılması və yenilikçi e-hökumət xidmətlərinin tətbiq edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərlə vətəndaşların məmnunluğunun artırılması ilə əldə edib.
Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Əvvəldə də qeyd etdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərimizin «ağıllı şəhər» və «ağıllı kənd» layihələri əsasında bərpası da ölkəmizin yenilikçi olmasının təsdiqidir. Atılan hər bir addımın əsasında ölkəmizin daha da güclənməsi, qüdrətlənməsi, əhalinin yüksək rifah şəraitində yaşaması dayanır.
Azərbaycan yeniliklərinin təqdimatından qürurludur. Bu mühüm hadisəni də qeyd edək ki, 28 May-Müstəqillik Günündə Azərbaycan Prezidenti İlham Əliyevin yanında olan dost, qardaş ölkənin – Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bayram tədbirlərində birgə iştirak etməklə yanaşı, həmin gün Bakıda 7 saylı “ASAN xidmət” mərkəzinin və “Bilim Bakı” mərkəzinin açılışında da iştirak etdi.
Statistikaya nəzər salaq. Hazırda Azərbaycanda 22 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir, 5-nin isə inşası davam etdirilir. Bu günədək “ASAN xidmət” mərkəzlərinə 8 milyon 88 mindən çox vətəndaşın 52 milyondan çox müraciəti daxil olub. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə də vətəndaşlara xidmətlər göstərilir. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.
Onu da qeyd edək ki, “Bilim Bakı” mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə təsisçisi Səlcuk Bayraktar olan Türkiyə Texnologiya Komandası Vəqfi arasında imzalanmış əməkdaşlıq barədə protokola əsasən yaradılıb. Mərkəzin fəaliyyəti ümumtəhsil mərkəzlərinin 6-14 yaş arası şagirdlərinin elmə, innovasiyaya və texnologiyaya marağını və biliklərini artırmağa yönəlib, elmi biliklərin təcrübədə necə tətbiq olunduğunu müşahidə etmək imkanı yaradır.
Qısa təhlil əsasında Azərbaycanın innovativ ölkə olmasını təsdiqləyən meyarları nəzərdən keçirdik. Azərbaycan daim meyarlarını dünyanın qabaqcıl ölkələrinin meyarlarına uyğunlaşdırmaq, hər bir yeniliyi ölkəmizdə tətbiq etmək istəyini nümayiş etdirir. Bu istəklərin əsasında ölkəmizin hərtərəfli inkişafı dayanır.

