Bərpa olunan enerji potensialımız nə qədərdir?
Xarici şirkətlərin sərmayə yatırmaq istədikləri bu sahə ölkəmizə yeni iqtisadi dividendlər gətirəcək
Bu gün aparıcı ölkələrin enerji istehsalında bərpa olunan enerji layihələri geniş yer tutur. Çünki bu, həm ekoloji baxımdan, həm də az xərclə çox gəlir gətirmək imkanlarına görə daha səmərəlidir. Ölkəmizdə də bərpa olunan enerji istiqamətində layihələrə start verilib. Qeyd edək ki, Azərbaycan külək enerjisi qurğularının tətbiqi baxımından əlverişli şəraitə malikdir. Xüsusilə, ölkənin Abşeron yarımadası, Xəzər dənizi sahili zolağı, Gəncə-Daşkəsən zonası və Naxçıvan Muxtar Respublikasının Şərur-Culfa ərazisi bu baxımdan əlverişli ərazilərdir. Eyni zamanda, Azərbaycanda təbii iqlim şəraiti günəş enerjisindən istifadəyədə geniş imkanlar açır. Belə ki, ölkəmizdə günəşli saatların miqdarı il ərzində 2400-3200 saatdır. Bu isə digər ölkələrlə müqayisədə üstünlük təşkil edir ki, nəticədə günəş enerjisinin istehsalına yatırılan sərmayələrin səmərəliliyi artmış olur. Təbii ki, günəş enerjisindən istifadənin inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini qismən həll etməyə imkan verəcək.
Mütəxəsisslərin hesablamalarına görə, Azərbaycan bərpa olunan enerji mənbələrinin yüksək potensialına malik ölkələrdəndir. Belə ki, ölkəmizdə texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt-dir. O cümlədən külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Ona görə də bu gün Azərbaycan dövlətinin qarşısında duran əsas hədəf 2030-cu ilə qədər elektrik enerjisindəki ümumi istehsalda bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmaqdır. Bu hədəfə çatmaq üçün dövlət investisiyası ilə yanaşı, özəl, o cümlədən xarici investisiya hesabına yeni istehsal güclərinin istifadəyə verilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Ötən həftə Bakıda baş tutan Bakı Enerji Həftəsində bərpa olunan enerji layihələrini həyata keçirən xarici şirkətlər də iştirak edərək fəaliyyətlərini nümayiş etdiriblər. Məlumdur ki, Səudiyyə Ərəbistanı Krallığının «ACWA Power» və Birləşmiş Ərəb Əmirliklərinin «Masdar» şirkətləri bərpa olunan enerji layihələrinə dair Azərbaycan hökuməti ilə müqavilə imzalayıblar. Şirkətlər daha çox Qarabağa və Şərqi Zəngəzura sərmayə yatıracaqlar ki, bu da ölkəmizin enerji dayanıqlılığını təmin etməklə bərabər, «yaşıl iqtisadiyyat»ın inkişafına da töhfə verəcək.
Önəmli faktdır ki, elektrik enerjisi istehsalının bərpa olunan enerji mənbələri hesabına şaxələndirilməsi Prezident İlham Əliyevin diqqət yetirdiyi prioritet sahələrdəndir. Bu gün Azərbaycan dövləti bu müqavilələri imzalamaqla ölkəmizdə bərpa olunan enerji sahəsində yeni inkişaf mərhələsinə başlamaq şansı əldə edib. Beynəlxalq enerji mütəxəssislərinin də söylədikləri kimi, Azərbaycanda bərpa olunan enerji sahəsində ilk xarici tərəfdaşlarımız olan «ACWA Power» və «Masdar» şirkətləri ilə əməkdaşlığımız böyük perspektivlərə hesablanıb.
«ACWA Power» şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan bildirib ki, Azərbaycan hökuməti ilə bu müqaviləni imzalamaqdan qürur duyur: «Bu layihə Azərbaycanda enerji mənbələrini şaxələndirmək məqsədilə bərpa olunan enerjinin payının artırılmasına töhfə verərək Azərbaycan hökumətinin yeni xidmət sahələri, sənaye sektorları və münasib iş imkanlarının yaradılması ilə bağlı təşəbbüslərini dəstəkləyəcəkdir.»
Qeyd edək ki, «Masdar» şirkəti də dünyanın 30-dan çox ölkəsində bərpa olunan enerji layihələrinin reallaşmasında aparıcı rol oynayır. Şirkətin İcraçı direktoru Mohammed Jameel Al Ramahi də bildirib ki, 200 MVt-lıq günəş layihəsini həyata keçirmək üçün Azərbaycan ilə tərəfdaş olmaqdan məmnundur.
Göründüyü kimi, Azərbaycan dövləti enerji sahəsində daha bir uğurlu addım atmaqla öz iqtisadi təhlükəsizliyini geniş şəkildə qorumaq imkanları qazanır.

