Gündəm 

Qeyri-neft ixracında rekord göstərici: 5 ayda 1 milyard dollardan çox

Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri yanvar-may aylarında ilk dəfə 1 milyard ABŞ dollarını ötüb.  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyun sayına əsasən, 2022-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 15,4 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə 1,2 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il illə müqayisədə 280,6 milyon ABŞ dolları və ya 30,9 faiz artıb. Ötən ilin yanvar-may aylarında qeyri-neft ixracı 907,4 milyon dollar təşkil etmişdi. Əvvəlki illərdə yanvar-may aylarında qeyri-neft ixracının dəyərinə nəzər salanda məlum olur ki,  2020-ci ildə bu göstərici  721 milyon dollar, 2019-cu ildə 787 milyon dollar, 2018-ci ildə 667,5 milyon dollar, 2017-ci ildə 557 milyon dollar olmuşdu.

2022-ci ilin yanvar-may ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 219,2 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 8 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 49,8 faiz, pambıq iplik ixracı 23,7 faiz, pambıq lifi ixracı isə 14,5 faiz artıb.

Təkcə may ayı üzrə ixrac 3,6 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 5,7 faiz təşkil etməklə 222,4 milyon ABŞ dolları olub. Bu baxımdan cari ilin may ayında qeyri-neft ixracının dəyəri də əvvəlki illərlə müqayisədə ən yüksək göstəricidir. Belə ki, ötən ilin may ayında bu rəqəm 210,5 milyon dollar, 2020-ci ildə 172,6 milyon dollar, 2019-cu ildə 204 milyon dollar, 2018-ci ildə 182 milyon dollar təşkil etmişdi.

2022-ci ilin may ayı ərzində yeyinti məhsulları üzrə ixrac 66,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 24,7 faiz artaraq 156 milyon ABŞ dolları təşkil edib.

İxracın artmasında qiymət amili əsas rol oynamaqda davam edir. Rəsmi statistikaya görə, təkcə mart ayında ixrac olunan məhsulların qiyməti əvvəlki ayla müqayisədə 13 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 85,3 faiz bahalaşıb. Həmçinin cari ilin yanvar-mart aylarında 2021-ci ilin yanvar-mart aylarına nisbətən qiymət artımı 74,3 faiz təşkil edib. Nəticədə bu dövrdə ixrac faktiki qiymətlərlə 92,9 faiz artsa da real ifadə 16,8 faiz artıb. Həmçinin qeyri-neft ixracı faktiki qiymətlərlə 45 faiz, real ifadədə 32,1 faiz artıb.

Daha çox xəbərlər