Şuşa Bəyannaməsi: Ən yeni tariximizin parlaq səhifəsi
Tariximizin son iki ilində baş verən hadisələr, əlamətdar günlər xalqımızın yaddaşında, tarix kitablarında xüsusi qürurla, ehtiramla xatırlanacaq, bu günləri bizə yaşadanlar ən böyük məhəbbətlə yad olunacaqdır. Bu tarixi günlərə şahidlik etmək isə şübhəsiz ki, hazırkı nəslin ən böyük şansı və sərvətidir. Ötən il iyunun 15-də Azərbaycan xalqı yenə tarixi günlərdən birinə şahidlik etdi. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Xalqımız üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza əbədi həkk olundu.
İki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzaladılar. Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq. Şuşa Bəyannaməsi, həmçinin müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycan üçün çox önəmli bir tarixdə – Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra imzalanan bəyannamənin həm də böyük rəmzi mənası vardı. Belə ki, bu sənəd haqqında danışarkən Dövlət başçısı İlham Əliyev bildirdi ki, Birgə bəyannamədə tarixi Qars bəyannaməsinə istinad edilir: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.
Təbii ki, Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyil. Çünki 100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar, indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq ilə. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyirinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir. Ölkəmizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etdi.
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcı hesab edilir. Bu, həm də regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir.
Bu bəyannamə ilə iki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəldi. Hər iki ölkənin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin həyata keçirilməsinə dair razılıq əldə olunması Azərbaycan və Türkiyə arasında münasibətlərin necə sıx və prinsipial olduğunun göstəricisidir. Bu o deməkdir ki, bundan sonra Azərbaycan və Türkiyənin Təhlükəsizlik Şuraları müntəzəm olaraq birgə iclaslar keçirəcək və təhdidlərə qarşı birgə fəaliyyət göstərəcəklər. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Təbii ki, öncə söhbət bölgədə əsrlərdir erməni məsələsi adı altında öz dövlət maraqlarını reallaşdıran aktorlardan və dövlətlərdən gedir. Bundan sonra bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar.
Qısası, Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlarla birlikdə bütün region üçün yeni perspektivlər yaranıb. Hər bir dövlət düzgün addımlar atacağı təqdirdə bu tarixi fürsətlərdən yararlana bilər. İndi hər bir dövlətin etməli olduğu tək şey Azərbaycanın yaratdığı yeni reallıqlarla barışmaq və revanşist fikirləri tamamilə kənara qoyaraq gələcəyə baxmaqdır. İndiki halda ən arzuolunmaz hal o ola bilər ki, bu fürsətlər reallığa söykənməyən ifadələr və fəaliyyətlərlə qaçırılsın. Çünki Cənubi Qafqaz regionu atılan düzgün addımlar və gələcəyə hesablanmış siyasi qərarlarla dünyanın ən inkişaf edən və sabit regionuna çevrilə bilər. Azərbaycan Respublikası və qardaş Türkiyə Respublikası bunun üçün tam hazırdır. Digər dövlətlər də şəxsi ambisiyalarını kənara qoyaraq ümumi mənafe naminə birləşməli və xalqlarının gələcəyi naminə düzgün addımlar atmalıdır.
Xatırladaq ki, 12 fevral 2022-ci ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi haqqında” Qanunu imzalayıb. Fevralın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvlərini qəbul edərkən Şuşa Bəyannaməsinin qüvvəyə minməsi üçün müvafiq qərarı imzalayıb.

