Prezidentin göstərişi ilə ləğv olunan parkinq: hansı dövlət qurumları cavabdehdir?
Ekspert: “Dövlət proqramına görə Bakıda parklanma yerlərinin təşkil olunması zəruridir, amma bunu qanun çərçivəsində həyata keçirməlidirlər”
Bakının mərkəzində yaradılan və dərhal ləğv edilən qanunsuz parkinq mövzusu günlərdir ki, müzakirə edilir. Yada salaq ki, Bakının Nəsimi rayonunda ağacların kəsilərək yerində parkinq təşkil edilməsi sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub. Belə ki, ərazidə çoxillik ağaclar kəsilib, piyadalar üçün səki isə daraldılmışdı. Cəmiyyətdə bununla bağlı müxtəlif suallar verilir. Əgər iki ay öncədən tikilibsə, burada dövlət qurumları məsuliyyət daşıyır? Bu hansı qurumlardır?
Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Nizami Mayılov qanunsuz parklanma yerinin sökülməsi zamanı jurnalistlərə açıqlamasında bildirib ki, heç bir quruma məlumat vermədən, heç kəsin xəbəri olmadan parklanmanı genişləndiriblər: “Burada əvvəl də kiçik parklanma var idi. Ağacın kəsilməsi rəsmi rəy əsasında olsa da, parklanmanın genişləndirilməsi heç bir qurumun xəbəri olmadan aparılıb. Araşdırma aparılacaq. Təqsirkar varsa, cəzasını alacaq. BNA-ya müraciət edilsə də, müsbət rəy almayıblar. BŞİH-in isə məsələyə heç bir aidiyyəti yoxdur”.
Mayılov əlavə edib ki, parkinq gecə saatlarında təşkil edilib: “Gecə saatlarında heç bir rəsmi sənəd olmadan qanunsuz parklanma yeri düzəldilib”.
Yeri gəlmişkən, ölkə başçısı İlham Əliyevin tapşırığından sonra Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalar aparılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, həmin parkinq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb. Parkinqin salınması zamanı ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Yeni Müsavat”a mövzu ilə bağlı danışıb. O deyib ki, Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı mövcuddur: “2019-2023-cü illəri əhatə edən beşillik proqramı cənab Prezident imzalayıb, icraya göndərib. Həmin dövlət proqramında Azərbaycanda, xüsusən də Bakıda parklanma yerlərinin təşkil olunması ilə bağlı da müddəa var. Və orada qurumlar qarşısında məsələ qoyulur ki, parklanma yerlərinin təşkil edilməsi həyata keçirilməlidir. Yaşayış və qeyri-yaşayış obyektləri, kompleksləri, zonaları üçün parklanma yerlərinin minimal sayının məcburi kvotasının müəyyənləşdirilməsi, kvotaya uyğun olmayan obyektlərin tikintisinin və yenidən qurulmasının qadağan edilməsi göstərilir. Bu o deməkdir ki, Bakıda parklanma yerlərinin təşkil olunması zəruridir, olmalıdır. Bununla bağlı Dövlət Şəhərsalma Arxitektura Komitəsi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi və yerli icra hakimiyyəti orqanları bu prosesi həyata keçirməli olan qurumlar kimi həmin Dövlət Proqramında göstərilib. Deməli, bu qanundan da görünür ki, Bakıda parklanma yerlərinin təşkil edilməsi qeyri-qanuni sayılmır. Əksinə, alqışlanmalıdır. Çünki parklanma yerlərinin olması zəruri hal kimi Dövlət Proqramında da göstərilib”.

Eldəniz Cəfərov
Ekspert əlavə edib ki, Bakıda parklanmaların təşkil olunması Bakı Nəqliyyat Agentliyinin (BNA) öhdəliyinə verilib: “BNA parklanmaların təşkili ilə məşğul olmalıdır. Bu məsələnin bir tərəfidir. Yenə deyirəm, parklanma yerinin təşkil olunmasında hər hansı problem görmürəm. Bu təşkil olunmalıdır. Əhalinin sayı artdıqca, iqtisadiyyat inkişaf etdikcə, nəqliyyat vasitələrinin də sayı artır. Təbii ki, burada parklanma yerləri də olmalıdır. Bu gün yaşayış və qeyri-yaşayış obyektlərinin, parklanma yerlərinin olmamasına görə yollarda tıxacların şahidi oluruq. Sürücülər avtomobilləri harada gəldi saxlayır. Ona görə də parklanmanın təşkil olunmasında hər hansı qəbahət mən görmürəm. Ancaq qanun çərçivəsində olmalıdır. Yaşıllıqların məhv edilib, onların yerində parklanmanın salınması, yaşayış, yaxud qeyri-yaşayış obyektlərinin tikintisinin tamamilə əleyhinəyəm. Yaşıllaşdırmanı daha da artırmaq, ölkəmizin ekosistemini yaxşılaşdırmaq əvəzinə orada parklanma sala bilmərik”.

