Ağdamlı məcburi köçkün məskunlaşdığı zirzəmidən niyə çıxarılır? – rəsmi açıqlama
Nizami Rayon İcra Hakimiyyəti: “Şabran, Ucar, Kürdəmir və Ağdam rayonlarında yerləşən boş mənzil fondundan yaşayış sahəsi təklif edilsə də…”
Bu günlərdə Ağdam rayonundan məcburi köçkün olan Cəfərov Qabil Mobil oğlu qardaşı Cəfərov Aqil Mobil oğlunun və onun ailəsinin yaşadığı Bakı şəhəri, Nizami rayonu Kamil Balakişiyev 11 ünvanında yerləşən yarımzirzəmidən çıxarıldığı haqda redaksiyamıza müraciət etmişdi. Məsələ ilə bağlı “Yeni Müsavat”ın sorğu göndərdiyi qurumlardan cavab ünvanlanıb.
Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, komissiya tərəfindən aparılan araşdırma nəticəsində sözügedən ünvanda – K.Balakişiyev küçəsi 11 saylı binanın zirzəmisində 3 nəfərin – Cəfərova Raya İmran qızı, Cəfərova Esmira Mobil qızı və Cəfərova Təranə Mobil qızının məskunlaşaraq yaşadıqları müəyyən edilib. 29 iyun 2018-ci il tarixdə akt tərtib olunub və Cəfərova Raya İmran qızı ailəsi ilə birgə Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş 4 saylı binada 2 otaqlı 8 saylı mənzillə təmin ediliblər.
Qeyd olunan ailə yeni mənzilə köçürüldükdən sonra Sumqayıt şəhəri, 3-cü mikrorayon, 4/2 nömrəli evin 11-ci və 4-cü mikrorayon, 13 nömrəli evin 138-ci mənzilində kommunal qeydiyyatda olmaqla kirayədə yaşayan qohumu Cəfərov Aqil Mobil oğlu 08.07.2018-ci il tarixində zirzəminin qapısının kilidini qıraraq ailəsinə məxsus əşyaları qeyri-qanunu olaraq həmin zirzəmiyə yığaraq sözügedən ünvanı zəbt edib.
08.07.2018-ci il tarixində də Nizami Rayon İcra Hakimiyyəti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Nizami rayon sektorunun nümayəndələrinin və Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə K.Balakişiyev küçəsi 11 saylı binanın zirzəmisinə baxış keçirilərkən həqiqətən də həmin qeyri-yaşayış sahəsinin Cəfərov Aqil Mobil oğlu tərəfindən zəbt edildiyi müəyyən edilib. A.Cəfərovla söhbət aparılaraq etdiyi hərəkətin qanunsuz olduğu diqqətinə çatdırılıb, lakin bütün səylərə baxmayaraq vətəndaş zirzəmidən çıxarılacağı təqdirdə özünə xəsarət yetirəcəyini bildirmiş və bu səbəbdən komissiya insan həyatına biganə yanaşmayaraq qeyd edilən ərazini tərk edib.
Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.11.1-ci bəndinə əsasən müvəqqəti yaşayış sahəsinin verilməsi zamanı köçürülmə obyektində qeydiyyatda olub, lakin orada faktiki yaşamayan məcburi köçkünlərə mənzil verilmir və bu səbəbdən də Cəfərov Aqil Mobil oğlu mənzillə təmin olunmayıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Nizami rayon sektorunun 06 yanvar 2021-ci il tarixli 0925 nömrəli məktubunda isə Cəfərov Aqil Mobil oğlunun ailəsi ilə birgə məcburi köçkün kimi Nizami rayonunda qeydiyyatda olmadığı bildirilib.
Hazırda Cəfərov Aqil Mobil oğlu ailəsi ilə birgə məcbur köçkün kimi Qaradağ rayonunda elektron qeydiyyatdadır.
Əlavə olaraq bildiririk ki, Daşınmaz əmlakın dövlət reyestrindən 24.07.2019-cu il tarixli çıxarışa əsasən K.Balakişiyev küçəsi 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Rzayeva Svetlana Nikolayevnanın xüsusi mülkiyyətindədir və Nizami Rayon Məhkəməsi tərəfindən 22.04.2022-ci il tarixində Cəfərov Aqil Mobil oğlunun ailəsi ilə birgə qeyd olunan ünvandan çıxarılması barədə qətnamə verilib”.
Vətəndaşın şikayətinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən də cavab ünvanlanıb. Bildirilib ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşma sahələri köçürülmə obyekti kimi qeydiyyata alınır, siyahılar hazırlanır və müvafiq araşdırmalardan sonra onların yeni mənzillərlə təminatı həyata keçirilir: “2018-ci ildə məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları rayonlar üzrə siyahılar müvafiq rayon (şəhər) icra hakimiyyəti tərəfindən Dövlət Komitəsinə təqdim edilib. Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev 11 ünvanında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin siyahısı təqdim edilərkən, orada Cəfərov Qabil Mobil oğlunun adı olmayıb. Dövlət komitəsində fəaliyyət göstərən Komissiyanın işçi qrupunun əməkdaşlarının yerində araşdırması zamanı da, Cəfərov Qabil, eyni zamanda qardaşı Cəfərov Adil Mobil oğlunun qeyd edilən ünvanda faktiki yaşamadığı məlum olub. Onların anası və bacıları isə Qaradağ rayonu Lökbatan qəsəbəsində inşa edilmiş ”Qobu park 1″ yaşayış kompleksində yeni mənzillə təmin olunub. Eyni zamanda bildiririk ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2022-ci il 22 aprel tarixli e-2(007)-1004/2022 nömrəli qətnaməsinə əsasən, məhkəmə işinə baxılarkən Bakı şəhəri Nizami rayonu, Kamil Balakişiyev küçəsi 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin müayinəsi həyata keçirilib və baxış zamanı qeyri-yaşayış sahəsində yaşayış əlamətlərinin olmaması müəyyən olunub.
Komitə tərəfindən ailəyə müvəqqəti məskunlaşması məqsədilə məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fonduna daxil olan, Şabran, Ucar, Kürdəmir və Ağdam rayonlarında yerləşən boş mənzil fondundan yaşayış sahəsi təklif edilsə də, onlar sözügedən yaşayış sahələrinə köçməkdən imtina ediblər”.

