Aqrar sığorta: İqtisadiyyatın bu riskli sahəsində sığortalanma özünü doğruldurmu?
Bu ilin 5 ayı ərzində ölkə üzrə 5 milyon manatdan artıq aqrar sığorta haqqı toplanıb ki, bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 50-60 faiz çoxdur.
Bu barədə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov “Report” informasiya agentliyinə açıqlamasında deyib. F.Sadıqov bildirib ki, ötən ilin ilk 5 ayı ərzində ölkə üzrə 3 milyon manat aqrar sığorta haqqı yığılmışdı. 2020-ci il ərzində isə ölkə üzrə toplanan aqrar sığorta haqqının məbləği cəmi 6 700 manat idi.
Onun sözlərinə görə, 2022-ci ilin 5 ayı ərzində bu məbləğin 5 milyon manatdan çox olması bazarın hansı həcmdə böyüdüyünü göstərir: İlin sonuna proqnozlaşdırdığımızdan artıq sığorta haqqı toplayacağımız ehtimal olunur. Bunun da əsas səbəbi odur ki, fermerlərimiz aqrar sığorta xidmətlərindən istifadə etməyə maraq göstərir. Onlar görür ki, hansısa zərər olanda dövlətə müraciət edir və müsbət reaksiya alırlar”.
Maraqlıdır, sığorta yığımlarının kəskin artdığı şəraitdə ödənişlərdə vəziyyət necə dəyişib? İqtisadiyyatın ən riskli sahəsində sığortalanma özünü necə göstərir?
Əvvəlcə ondan başlayaq ki, Mərkəzi Bankın sığorta bazarı ilə bağlı məlumatları bu ilin may ayını əhatə etmədiyindən təhlilimiz yanvar-aprel aylarını əhatə edəcək. Yanvar-aprel aylarında ölkədə aqrar sığorta üzrə 3 milyon 883,5 min manat sığorta haqqı toplanıb ki, bunun da 95,6 faizi Aqrar Sığorta Fondunun payına düşüb. Ödənişlərə gəlincə, 4 ayda cəmi 191,7 min manat sığorta ödənişi həyata keçirilib ki, bunun da 74,6 faizini Aqrar Sığorta Fondu həyata keçirib. Ödənişlər ancaq heyvandarlıq sahəsinə aid olub, bitkiçilik sahəsində sığorta ödənişi edilməyib. Ümumilikdə, 4 ayda aqrar sığortada yığılan hər 100 manatın cəmi 4,94 manatı ödəniş edilib. Aqrar Sığorta Fondu isə topladığı hər 100 manatın 3,85 manatını ödəniş edib. Bu, orta göstəricidən az olmaqla onu göstərir ki, Fond aqrar sığorta bazarının 95,6 faizinə nəzarət etsə də ödənişlərdə bazarın digər iştirakçıları daha “səxavətlidirlər”. Belə ki, bazarın 4,6 faizinə nəzarət edən digər iştirakçıların ümumi ödənişlərdə payı 25,4 faizə bərabərdir ki, bu da yığılmış hər 100 manatın 39,75 manatının ödəniş edilməsindən xəbər verir.
Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə bu ilin eyni dövründə bu sektorda sığorta yığımları kəskin artsa da ödənişlərdə azalma olub. Belə ki, sığorta yığımları 2,6 dəfə artsa da, ödənişlər 4,3 faiz azalıb. Bitkiçilik üzrə sığorta haqları 6,4 dəfə, heyvandarlıq üzrə isə 28,1 faiz artıb. Bu il olduğu kimi, ötən il də bitkiçilik üzrə sığorta ödənişi edilməyib. Lakin bu ildən fərqli olaraq ötən ilin yanvar-aprel aylarında aqrar sığorta üzrə ümumi toplanmış hər 100 manatın 13,6 manatı ödəniş edilmişdi.
Aqrar Sığorta Fondunun yığımlarına gəldikdə, burada 3,2 dəfə artım olub. Fond cari illə müqayisədə ötən ilin yanvar-aprel aylarında ödəniş etməmişdi.
Görünən odur ki, Aqrar Sığorta Fondu aqrar sığorta bazarının kəskin böyüməsinə səbəb olsa da bu tendensiya özünün sığorta ödənişlərində göstərmir. Lakin ödənişlərin azalması kənd təsərrüfatında risklərin azalmasının göstəricisi deyil. Bu baxımdan artan yığımların fonunda azalan ödənişlər aqrar sığortanın cəlbediciliyini azalda bilər.

