Sosial 

Qazilərə və şəhid ailələrinə dövlət dəstəyi və hərtərəfli sosial qayğı davamlı prosesdir

Postmüharibə dövründə 3 min qaziyə əlillik və sosial ödənişlər təyin olunub

Şanlı Qələbəmizlə başa çatan Vətən müharibəsindən sonra azad edilmiş ərazilərin bərpası ilə yanaşı, müharibədə şəhid olmuş hərbçilərimizin ailələrinə və yaralanmış əsgərlərimizə yüksək səviyyədə qayğı və diqqət göstərilməsinə başlanıldı. Dövlətimizin başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən  hazırda da genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.  Sosial sahədə aparılan genişmiqyaslı islahatlar sırasında Vətən müharibəsi qazilərinin əlilliyinin qiymətləndirilməsi və reabilitasiya xidmətləri xüsusi yer tutur.

Bu günlərdə Vətən müharibəsində yaralanmış hərbçilərin əlilliyinin qiymətləndirilməsi, reabilitasiya xidmətləri və vasitələri ilə təminatı, əlillik sahəsində tətbiq olunacaq yeni meyarlara dair mətbuat konfransı keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov qeyd edilən istiqamətlərdə görülmüş işləri diqqətə çatdırıb.

Bildirilib ki, müharibədən sonra aidiyyəti qurumların nümayəndələrindən ibarət Komissiya müharibədə yaralanmış qazilərin əlilliyinin qiymətləndirilməsi üçün operativ sənədləşdirmə işlərini yerinə yetirib. Yekun  mərhələ kimi, agentlik müalicə müddəti başa çatmış qazilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsini aparıb, artıq 3 min qaziyə əlillik və sosial ödənişlər təyin olunub. Ümumilikdə son 3 ildə 160 mindən çox əlillik təyinatı həyata keçirilib. 2021-ci il və cari ilin ötən dövrü ərzində 91 min şəxsə əlillik təyin edilib. Təkcə bu ilin 5 ayında əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə 2-3 dəfə çox – 30 min şəxsə əlillik təyin edilib.

Qazilərin keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatında nazirliyin son illərdə müasir tələblərə uyğun qurularaq təchiz olunmuş 12 reabilitasiya müəssisəsi bu sahədə mühüm potensial rolunu oynayır. Mərkəzlərdə postmüharibə dövründə 2500 qaziyə səmərəli reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib. 44 günlük Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş 200 qazinin, ümumilikdə 300 müharibə əlilinin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı proqramı uğurla icra olunub. Postmüharibə dövründə 1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi ilə təmin olunub.

2022-ci il iyulun 1-dən ölkəmizdə əlillik sahəsində tətbiq olunacaq yeni meyarlara əsasən, əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndiriləcək. Bu zaman şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürüləcək.

Bununla yanaşı, əlilliyin müəyyən olunmasına əsas verən xəstəliklərin sayı 4, 4 dəfə artırılır.  Belə ki, hazırda əlillik təyinatına əsas verən xəstəliklərin  sayı 128-dirsə, iyulun 1-dən bu rəqəm 563 -ə qədər qalxacaq.

Hazırda əlilliyə əsas verən birdən çox xəstəlik olduqda, onlardan yalnız biri üzrə əlillik təyinatı aparılır. Yeniliyə əsasən, əlilliyə əsas verən iki və daha çox xəstəlik olduqda ,həmin xəstəliklər eyni əlillik faizləri olduqda yekun göstərici 10 faiz, fərqli əlillik faizləri olduqda ən yüksək olan 10 faiz artırılmaqla əlillik müəyyən ediləcək. Bu meyarlar əlilliyin qiymətləndirilməsində daha əhatəli yanaşmaya imkan verəcək.

Vurğulamaq lazımdır ki, postmüharibə dövründə şəhid ailələri və qazilərlə bağlı icra olunan sosial dəstək paketi artıq 100 min şəxsi əhatə edib, onlara 190 min xidmət göstərilib.

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarının aktiv məşğulluq proqramlarına cəlb edilməsi işləri  uğurla həyata keçirilir. Belə ki,  Vətən müharibəsindən sonra 12,1 min şəhid ailəsi və qazi aktiv məşğulluq proqramlarına cəlb edilib. Onlardan 7,8 min nəfəri özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları, kiçik biznes sahələri yaradılıb. 2021-ci ildə başladılan, şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na artıq 646 işəgötürən qoşularaq  4538 vakansiya təqdim edib və marafon çərçivəsində artıq 2366 şəxs işlə təmin olunub. Onlardan 1 973 nəfəri qazi, qalanları şəhid ailələrinin üzvləridir.

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarının əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnməsi də əsas hədəflərdən biridir: Bu ilin 5 ayında peşə hazırlığına 1 542 vətəndaş cəlb olunub ki, onlardan bir hissəsi də şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçılarıdır.

Vətən müharibəsindən sonra həmin müharibədə şəhid olanların ailələrinin və qazilərinin də mənzillə təminatına başlanıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrası olaraq ötən il şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı proqramı 5 dəfə genişləndirilib. Əgər  şəhid ailələri və müharibə əlillərinə 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev verilmişdisə, 2021-ci ildə şəhid ailələri və müharibə əlillərinə 3 min mənzil və fərdi evin verilməsi təmin edildi ki, bu da 3 il əvvələ nisbətən 5 dəfə çoxdur. Ümumilikdə,  ötən dövrdə 12500 şəhid ailəsi və müharibə əlilinin mənzil və fərdi evlə təmin edilib. O cümlədən postmüharibə dövründə 3500 mənzilin bu kateqoriyadan olan insanlara verilib, son 4 ildə də 1450, ümumilikdə ötən dövrdə 7400 müharibə əlilinin minik avtomobili ilə təmin edilib.

Onu da qeyd edək ki, şəhid ailələri və müharibə əlillərini xüsusi qayğıkeşliklə əhatə edən dövlət başçısının Fərman və sərəncamları ilə həmin kateqoriyadan olanların sosial təminatı mütəmadi gücləndirilir. Buna misal olaraq onlara yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib. Şəhid ailələri üçün Prezidentin aylıq təqaüdlərinin məbləği də 2018-ci ilin əvvəlinə nisbətən 2,3 dəfə artırılaraq 220 manatdan 500 manata çatdırılıb. Müharibə əlilləri və onlara bərabər tutulanlara Prezidentin aylıq təqaüdü isə 2018-ci ilin əvvəlinə nisbətən I dərəcə üzrə 2,4 dəfə artaraq 165 manatdan 400, II dərəcə üzrə 2,4 dəfə artırılaraq 143 manatdan 350, III dərəcə üzrə 2,7 dəfə artırılaraq 110 manatdan 300 manata çatdırılıb. Onlara həmçinin sığorta stajına müvafiq olaraq aylıq əsasda pensiya və sosial müavinət, I qrup əlilliyi olanlara isə əlavə olaraq təqaüd də ödənilir.

Qazi və şəhid ailələri haqqında danışarkən, əlbəttə ki, Prezidentin 8 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondunun təsis edilməsini də qeyd etməliyik. Ötən müddətdə “YAŞAT” Fonduna toplanan vəsait hesabına şəhid ailəsi üzvlərinin və yaralıların məişət şəraiti yaxşılaşdırılıb, təhsil haqqı ödənib, istehlak kreditləri və tibb xidmətlərinin ödənilməsinə vəsait ayrılıb. Eyni zamanda, Vətən müharibəsi qaziləri müayinə, müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib.

 

Hazırda fəaliyyətdə olan və Prezident İlham Əliyevin imzaladığı 27 oktyabr 2021-ci il tarixli Fərmanla yaradılmış “Zəfər” altsisteminə aidiyyəti qurumlar tərəfindən şəhid və şəhid ailəsi, müharibə veteranı statusu almış şəxslərə, müharibə əlillərinə dair məlumatlar daxil edilir. Bu altsistemə artıq 200 minədək şəxsə aid məlumatlar daxil edilib. “Zəfər” altsistemi dövlət orqanlarına və özəl qurumlara şəhid ailələri və qazilərə sosial dəstəyin təmin edilməsi işlərində daha operativ, sistemli, məqsədəuyğun tədbirlərin görülməsi üçün çevik məlumat mübadiləsi imkanı yaradıb. Bu il müharibə veteranlarına Prezidentin aylıq təqaüdünün operativ şəkildə təyinatı prosesində də “Zəfər” altsistemi önəmli rol oynadı.

Ötən il yanvarın 1-dən şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə və Milli qəhrəmanlara verilən Prezident təqaüdünün məbləği artırılıb, Vətən Müharibəsi Qəhrəmanı təqaüdü təsis edilib. 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi haqqında ötən il dekabrın 23-də Fərman da imzalanıb. Həmin Fərmana əsasən birinci dərəcə əlilliyə görə 8800, ikinci dərəcə əlilliyə görə 6600, üçüncü dərəcə əlilliyə görə 4400 manat birdəfəlik yardımlar müəyyən olunub. “YAŞAT” Fondu tərəfindən də həmin müqabildən olan ailələr daim diqqətdə saxlanılır. Ailələrə baş çəkilir, lazımi dəstək tədbirləri həyata keçirilir.

Dövlət başçısının 2021-ci il 29 dekabr tarixli Sərəncamının icrası olaraq  44 günlük  Vətən müharibəsində iştirak edən şəxslərə “Müharibə veteranı” adı verilərək onlara Prezidentin aylıq təqaüdü təyin edildi ki, bu da daha bir sosial dəstək proqramı kimi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı.

Qeyd edək ki, şəhid ailələri və qazilərin, eləcə də müharibə veteranlarının problemlərinə diqqət və qayğı təkcə dövlət tərəfindən göstərilmir. Bu işdə ayrı-ayrı iş adamları, sahibkarlar, dövlət və qeyri-hökumət təşkilatları rəhbərləri, Milli Məclisin deputatları əllərindən gələn köməyi əsirgəmir. Qazilərin sağlamlıqlarına diqqət göstərmək, onların problemlərinin həllinə dəstək olmaq təkcə ayrı-ayrı qurumların yox, hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı daimidir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu qəbildən olan insanların problemləri ilə yaxından maraqlanır, onların həlli istiqamətində tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir.

Dövlət başçısının tapşırığı ilə xalqımızın, eləcə də onun həssas təbəqəsi olan şəhid ailələrinin, müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, həmin ailələrin sağlamlıq və məşğulluq problemlərinin, eləcə də mənzil-məişət şəraitinin yaxşılaşması,  şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi  bir daha göstərir ki, bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Uzun illərin işğalına son qoymaq yolunda od-alov içinə atılan, gözünü qırpmadan canını-qanını torpağının azadlığı uğrunda fəda edən qəhrəman Vətən oğulları ən böyük diqqət və qayğıya layiqdirlər və onlara belə qayğı da göstərilir.

Daha çox xəbərlər