Hər zaman və hər yerdə!
Bu, indi Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə devizidir…
Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə ilə Cənubi Qafqazın ən qüdrətli ordusu olduğunu bütün dünyaya nümayiş etdirdi. Ancaq Azərbaycanda daha güclü ordu quruculuğu prosesi torpaqlarımızın işğaldan azad edilməsindən sonra da məqsədyönlü şəkildə davam etdirildi və bu gün ölkəmizin təhlükəsizliyi üçün əsas faktorlardan olan bu sahədə ən müasir innovativ texnologiyaların tətbiq edilməsi ilə zəruri islahatlar, təkmilləşdirmə prosesi həyata keçirilir. Təbii ki, bu zaman müharibənin nəticələrinin təhlilləri də nəzərə alınır, üstəlik Silahlı Qüvvələrimizin gücləndirilməsi zamanı NATO-nun ən güclü ordularından birinə malik olan qardaş Türkiyənin təcrübə və problemə yanaşmalarından, həmçinin müdafiə sənayesinin imkanlarından geniş istifadə olunur.
2021-ci il iyunun 15-də imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi iki dost və qardaş ölkə arasında digər sahələr kimi, hərbi əməkdaşlığın daha da genişləndirilməsinin yol xəritəsinə çevrilib. Məlum olduğu kimi, Bəyannamədə Azərbaycan və Türkiyənin Silahlı Qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi istiqamətində birgə səy göstərilməsi əksini tapır. Həmçinin müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsi, birgə təhsil və təlimlərin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, Bəyannamədə müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlıq və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi kimi mühüm müddəalar da yer alıb.
Məhz Şuşa Bəyanaməsində nəzərdə tutulduğu kimi, Azərbaycan və Türkiyə orduları arasında dostluq və tərəfdaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurlu inkişafının nəticəsi olaraq qardaş ölkənin sürətlə inkişaf edən müdafiə sənayesinin müasir texnologiyalar əsasında istehsal etdiyi ən yeni silahların və digər hərbi vasitələrin ordumuzun silahlanmasına daxil edilməsi perspektivləri daim diqqətdə saxlanılır. Müdafiə nazirlərinin və Silahlı Qüvvələrin digər rəhbər heyətlərinin, hərbi sənaye sahəsi üzrə aparıcı şirkət nümayəndələrinin mütəmadi qarşılıqlı səfərləri əməkdaşlığın daha da dərinləşməsinə və yeni mərhələyə qədəm qoymasına şərait yaradır.
Yeri gəlmişkən, bugünlərdə Türkiyədə keçirilən “Efes-2022” çoxmillətli hərbi təlimlərin İzmir bölgəsində təşkil olunan “Yüksək səviyyəli müşahidəçi günü”ndə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun və Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin rəhbərlik etdikləri nümayəndə heyətləri də iştirak edib. “Efes-2022” iki qardaş ölkənin hərbçilərinin iştirakı ilə keçirilən çoxsaylı birgə təlimlərdən növbətisidir. Təlim iştirakçıları snayper atışları, mühüm əhəmiyyətə malik hədəfin ələ keçirilməsi, eləcə də dəniz piyadalarının sahil obyektinə basqın tapşırıqlarını yerinə yetiriblər. Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup hərbi qulluqçumuzun da cəlb edildiyi beynəlxalq təlimdə iştirakçılar yüksək peşəkarlıq nümayiş etdiriblər.
Təlimlərin bağlanış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nitqində Vətən müharibəsini xatırladaraq Azərbaycan Ordusunun modernləşdirilməsi sahəsindəki əməkdaşlıqdan danışıb. Bildirib ki, erməni tərəfinin təhriki ilə başlayan 44 günlük müharibədə bölgədə 30 il davam edən işğal sona çatıb: “Bu müddətdə Türkiyə “Bir millət, iki dövlət” prinsipi ilə azərbaycanlı qardaşlarımıza dəstək verdi. Bu gün isə atəşkəsin daimi olması üçün Birgə Mərkəzdə Rusiya və Türkiyə silahlı qüvvələri qarşılıqlı fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan Ordusunun modernləşdirilməsi, təlimi, minaaxtarma mövzularında qardaşlarımızla sıx əməkdaşlıq edirik.”
Yeri gəlmişkən, Türkiyədə “Efes-2022” təlimləri başa çatmamış
Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə Azərbaycan Ordusunun ümumqoşun poliqonlarında müxtəlif qoşun növlərinin döyüş atışlı intensiv taktiki təlimlərinə start verilib. Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin döyüş qabiliyyətinin artırılması, şəxsi heyətin praktiki vərdişlərinin inkişaf etdirilməsi ilə peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, qoşunların idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsidir.
Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələrin bölmələrinin cəlb edilməsi ilə keçirilən təlimlərin əsas xüsusiyyəti Vətən müharibəsi və digər müasir müharibələrin təcrübəsinə əsaslanan yeni taktiki hərəkətlərin yerinə yetirilməsi, o cümlədən şərti düşmənin uzaqdan aşkar olunması sisteminin geniş tətbiqi ilə onun daha effektiv məhv edilməsidir.
Təlimlərin gedişi barədə komandirlərin və qərargah zabitlərinin məruzələri dinlənilir, kəşfiyyat məlumatları əsasında düşmənin vəziyyəti və ərazinin xüsusiyyətləri öyrənilir, silahlanmaya yeni daxil edilən cihaz və vasitələrin tətbiqi ilə bölmələrin qarşılıqlı fəaliyyəti təşkil olunur. Təlimlərin ssenarisinə əsasən, aşkar olunan şərti düşmən hədəfləri müxtəlif aviasiya vasitələri, motoatıcı, artilleriya və tank bölmələri tərəfindən qarşılıqlı əlaqədə məhv edilir. Məlum olduğu kimi, belə təlimlərin ordunun döyüş qabiliyyətinin və peşəkarlıq səviyyəsinin artırılmasında xüsusi əhəmiyyəti var.
Onu da qeyd edək ki, Türkiyə ilə ikitərəfli hərbi əməkdaşlığın artıq ciddi konkret nəticələri mövcuddur. Buna Vətən müharibəsində yerüstü əməliyyatlarda effektiv nəticələr göstərən Xüsusi Təyinatlı Qüvvələrimizin yeni – Türkiyədə xüsusi kurslarda təhsil almış komando birliklərinin yaradılmasını nümunə göstərmək olar. Artıq Azərbaycan Silahlı Qüvvələrinin tərkibində belə elit bölmələrin sayı kifayət qədərdir. Bu gün qürur hissi ilə söyləmək olar ki, Türkiyənin məşhur “bordo beretli”liləri kimi, Azərbaycanın komandoları da istənilən şəraitdə ən ağır döyüş tapşırıqlarını ən yüksək peşəkarlıqla yerinə yetirməyə qadirdirlər. Qardaş ölkə ilə sarsılmaz birliyimizin ən parlaq nümunəsi həm də bu birlik sayəsində Silahlı Qüvvələrimizin yenilməz güc qazanmasıdır. Bir yerdəyik və buna görə daha da güclüyük. Komando andında deyilən kimi – Həmişə və hər yerdə!

