Cəmiyyət 

Eyni kökdən qaynaqlanan Türkiyə-Azərbaycan qardaşlığı

«Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi»ndə qeyd olunan məsələlərin həlli bölgədə siyasi, iqtisadi sabitliyi təmin edəcək, əməkdaşlığı gücləndirəcək

«Heç bir zəfər məqsəd deyildir. Zəfər, ancaq özündən daha böyük olan bir məqsədə çatmaq üçün lazım olan mühüm vasitədir. Məqsəd ideyadır. Zəfər bir ideyanın həyata keçirilməsinə etdiyi xidmətin nisbətinə görə öz dəyərini ifadə edir. Hər hansı bir ideyanın həyata keçirilməsinə əsaslanmayan bir zəfər davamlı ola bilməz» söyləyən türk dünyasının öndərlərindən olan Mustafa Kamal Atatürkün sözlərini «Azərbaycanda biz Atatürkün bütün türk dünyası üçün nə qədər böyük şəxsiyyət olduğunu xalqımıza bildirmişik» kəlamları ilə tarixiləşdirən ulu öndər Heydər Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətərindən biri kimi vacib hesab edirdi. Hər iki öndər türkdilli dövlətlərlə münasibətlərin gücləndirilməsinə üstünlük verərək faydalı əməkdaşlığı genişləndirmək, möhkəmləndirmək , beynəlxalq təşkilatlarda bu həmrəyliyin gücünü göstərmək üçün tarixi xidmətlərə imza atmışlar.

Ötən əsrin sonlarında Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində işğalçı tərəfindən blokadaya alınan Naxçıvanı Türkiyə ilə birləşdirən «Ümid» körpüsünün istifadəyə verilməsi ilə bağlı sevinclərini «Bu gün bizim arzu və ümidlərimizin körpüsü açılır» ifadəsi ilə bildirən qardaşlar buna da inanırdılar ki, bu yol iki ölkə arasında siyasi, iqtisadi, mədəni, hərbi əməkdaşlığın əbədiyyət rəmzi olacaq. Türkiyə-Azərbaycan dostluğunun sonrakı illərdə bütün sahələr üzrə genişlənən coğrafiyası bu əminliyi təsdiq etdi.

Ermənistan üzərində tarixi Qələbəmizin qeyd olunduğu Zəfər paradını türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə izləyən Prezident İlham Əliyevin məğrur görünüşü əbədi qalibiyyət simvolu idi. Türkiyə kimi müttəfiqi olan Azərbaycan 30 il Ermənistanın işğalı altında qalan torpaqlarını beynəlxalq səviyyədə qəbul olunan bəyanatlardan, qərarlardan daha önəmli olan öz gücü ilə azad etdi.

Ötən il Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyinin təsdiqi olan Milli Qurtuluş Gününün sevincini xalqımızla birgə yaşayan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ailəliklə Azərbaycanda olması, Şuşada keçirilən həmrəylik, birlik tədbirlərində iştirakı, böyük tarixi əhəmiyyətə malik «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi»nin imzalanması «El bir olsa, dağ oynadar yerindən», «Bir əlin nəyi var, iki əlin səsi var» el deyimlərinin təsdiqi kimi yaddaşlarda iz saldı.

«Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə – Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkiyə ilə Azərbaycan arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq, oxşar dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın həmrəyliyi dünya miqyasında nadir əməkdaşlıq nümunəsidir. İmzalanmış Bəyannamə isə türk dünyasının öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin xalqlarımıza ərmağan olan vəsiyyətlərinə sadiqlikdir.

Bu vəsiyyətə sadiqliyin nümunəsi olan Şuşa Bəyannaməsində 100 il bundan əvvəl güneyli, quzeyli qardaşları ayırmış Qars müqaviləsinə istinad olunması, Zəngəzur dəhlizinin bərpası ilə bağlı göstərilən qətiyyət dövlətlərarası iş birliyinin gələcək istiqamətlərini əks etdirən «yaşıl işıqdır». Şuşada imzalanan Müttəfiqlik Bəyannaməsində qeyd olunan «Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər» bəndi hər iki dövlət başçısının iştirakı ilə təməli qoyulan Horadiz-Cəbrayıl- Zəngilan-Ağbənd avtomobil yolunun inşası ilə həllini tapmaqdadır.

Tarixi sənəddə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi mühüm sahələrin əhatə olunması, hər iki dövlətin təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat layihələrinin əhəmiyyətinin, müdafiə sahəsində əməkdaşlığın, iş birliyi məsələlərinə xüsusi diqqət göstərilməsi bölgə dövlətlərinin də təhlükəsizliyini təmin edir. Şuşa Bəyannaməsinin imzalanması bu qardaşlığın regionda yaratdığı reallıqlara, geosiyasi vəziyyətin tənzimlənməsinə töhfədir. Zəngəzur dəhlizinin açılması ilə bağlı Bəyannamədə çox aydın ifadələrin əksini tapması o deməkdir ki, bütün türk dünyası bu qardaşlığın ayrılmaz parçasıdır. Zəngəzur dəhlizinin bərpasını Şərqdən Qərbə uzanan və hər kəsin istifadə edə biləcəyi yeni ortaq körpü adlandırılması, müdafiə sənayesi, nəqliyyat sahəsində qarşılıqlı əlaqələrin daha geniş platformada inkişafı ilə bağlı bəndlərin reallaşması birgə qətiyyətin nəticəsidir.

Artıq Cənubi Qafqazda mənzərə tamam başqadır. Azərbaycan –Türkiyə birliyi regionda sabitlik, əməkdaşlıq yaradacaq 3+3 formatı bölgə ölkələrinin iqtisadi inkişafına güclü təsir göstərəcək.

Hər iki dövlət başçısının iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi göstərir ki, sonrakı illər üçün nəzərdə tutulan Zəngilan və Laçında da bu layihələrin inşası niyyət deyil, reallıqdır. Zəngəzur dəhlizinin gerçəkləşdirilməsi istiqamətində atılan əməli addımın sevincini «Ən önəmlisi, Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdırdığımız əlaqələrimizi daha necə inkişaf etdirə biləcəyimizi müzakirə etdik. Bir millət, iki dövlət olmağın verdiyi ortaq şüur və ruhla hərəkət edirik» kəlmələri ilə ifadə edən Rəcəb Tayyib Ərdoğanın «Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək» sözlərinin əsasında qardaşlıq münasibətlərinə sadiqlik, firavan gələcək istəkləri dayanır. Bu istəklər hər iki xalqın mənəvi sərvəti sayılmaqla, dünyada Türkiyə və Azərbaycan qədər biri-birinə bağlı ölkələrin olmadığı həqiqətini də təsdiqləyir.

Şuşa Bəyannaməsində hər iki ölkənin Silahlı Qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməsinin vacibliyi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyətlərin mübadiləsinin, birgə təlimlərin keçirilməsi, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı önəmli bəndlərin yer alması əməkdaşlığı daha da gücləndirən amillərdəndir. Son illərdə iki ölkənin Silahlı Qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təsdiq edən tədbirlərin keçirilməsi Şuşa Bəyannaməsinin daim işlək sənəd olduğunu da təsdiqləyir. «Tərəflər milli və beynəlxalq öhdəliklərini nəzərə almaqla dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcək və qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər, sahib olduqları silah və sursatla təchiz edəcək, onların istehsal texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcək və hazırda onların ölkələrində mövcud olmayan istehsal sahələrinin yaradılmasını, birgə tədqiqat və istehsalat işlərinin həyata keçirilməsini, iki ölkənin müdafiə sənayesi qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxalq bazarlarda əməkdaşlıq etməsini dəstəkləyəcəklər» bənddən irəligələn vəzifələrin həyatda təsdiqi bu günlər bütün dünya ictimaiyyətinin maraqla izlədiyi Bakıda keçirilən «TEKNOFEST” Azərbaycan» festivalıdır.

«Dünya türkün gücünü görsün, yerini bilsin» amalı ilə səmada xaruqələr yaradan «TEKNOFEST» bir həqiqətin siması oldu: Türkiyə və Azərbaycan bir yerdə inamla addımladıqca bölgədə sülh və sabitlik o qədər möhkəm olacaq. Hər iki dövlətin birgə təşəbbüsü ilə reallaşan enerji və nəqliyyat layihələrinin həyata keçirməsi ilə bəlli olan bu qardaşlıq İkinci Qarabağ müharibəsi zamanı bir daha təsdiqləndi. Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında «Azərbaycan tək deyil, Türkiyə onun yanındadır”» deməsi Azərbaycana siyasi, mənəvi dayaq oldu. Elm-inkişaf- bilik vəhdətinin nümayişi olan, texnologiya bayramı kimi tarixə yazılan «TEKNOFEST»də iştirak edən gənclər elmi yaradıcılıqlarının təqdimatı olan bu günləri tarixi hadisə kimi hər zaman xatırlayacaq, gələcəkdə də daim bir yerdə olacaqlar.

Hər iki qardaş ölkənin Silahlı Qüvvələrinin birgə iştirakı ilə keçirilən «TUR-AZ», «Sarsılmaz dostluq» adlı təlim-məşqlər hərbi sahədə əməkdaşlığı daha da intensivləşdirib.

Bu günlərdə Türkiyənin İzmir bölgəsində keçirilən «Efes-2022»” çoxmillətli hərbi təlimlərdə azərbaycanlı hərbçilərin uğurlu iştirakı, yekun mərhələdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bölgə dövlətlərini əməkdaşlığa çağırması regionun təhlükəsizliyinə göstərilən diqqətdir.

«Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Xatırlayıram, Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2020-ci ildə Zəfər paradında gördük. Tarixi Zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə və Azərbaycan ordularının hərbi paradını qəbul etdik. Bu, birliyimizin təntənəsi idi. Bu, bütün dünyaya verilən aydın mesaj idi ki, biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq» sözləri ilə qardaş ölkələr arasında güclənən həmrəyliyin tarixi ənənələrə söykəndiyini bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu birlik əbədi və sarsılmazdır.

Daha çox xəbərlər