Cəmiyyət 

Ulu Öndərin görmək istədiyi bütöv Azərbaycan bu gün artıq reallığa çevrilib

Ağdam rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə Ağdam rayonu Heydər Əliyev Mərkəzində 15 iyun – Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib.

ARANTV.AZ xəbər verir ki, tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Millət Vəkili Bəxtiyar Sadıqov, YAP Ağdam Rayon təşkilatının sədri Mansur Quliyev, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, həmçinin partiya fəalları, idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə Ulu öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında yerləşən abidəsi ziyarət olundu və abidə önünə tər çiçək dəstələri qoyuldu. Daha sonra tədbirin rəsmi hissəsində Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə Ağdam rayon İcra Hakimiyyəti Başçısı Vaqif Həsənov açaraq Azərbaycanın müstəqillik tarixindən və Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunub saxlanılması yolunda göstərdiyi misilsiz xidmətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. O, bildirdi ki, 15 iyun Milli Qurtuluş günü müstəqil Azərbaycan dövlətçiliyinin yeni dövrə başladığı tarix oldu və Milli Qurtuluş günü xalqımızın yaddaşında silinməz izlər qoymuşdur. Həmin günlərdən biri də 15 iyun 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin Azərbaycan Ali Sovetinə sədr seçilməsi olmuşdur. Həmin gün müasir Azərbaycan tarixinə Milli Qurtuluş günü kimi həkk olunmuşdur.

Ulu öndərin bütöv görmək istədiyi Azərbaycan bu gün artıq reallığa çevrilmişdir. Belə ki, Ümummilli liderimiz Heydər Əliyevin bizlərə aşıladığı vətən sevgisi 44 günlük Şanlı Vətən müharibəsində qələbəmizi şərtləndirdi. Bu Qələbənin müəllifi isə 15 iyun 1993-cü il tarixini Milli Qurtuluş Günü kimi əbədiləşdirən, xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevdir.

Tədbirdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev çıxış edərək bildirdi ki, 15 iyun – Milli Qurtuluş şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür.

Mansur Quliyev qeyd etdi ki, Dövlətçilik tariximizin ən şanlı qürur səhifəsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ömrünün böyük hissəsini xalqa, vətənə həsr edən bu dahi şəxsiyyət bu gün ki, müstəqil, demokratik və suveren Azərbaycan dövlətinin şanlı tarix səhifəsini yazdı. Məhz Ulu öndər Heydər Əliyevin fədakarlığı, cəsarəti və uzaqgörənliyi sayəsində dövlətçiliyimiz və müstəqilliyimiz böyük bir fəlakətdən xilas oldu. Tarixdə adı müstəqil dövlətçiliyin rəmzinə çevrilən çox az siyasi liderə rast gəlmək mümkündür. Nadir idarəçilik və liderlik keyfiyyətlərinə, fitri istedada, yüksək vətənpərvərlik hissinə malik olan Heydər Əliyev məhz belə bir liderdir. O, ölkəmizin ən yeni tarixində müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi, hüquqi əsaslarını yaradan və inkişafını təmin edən qüdrətli şəxsiyyətdir. Ümummilli liderimiz Heydər Əliyevin ömür yolu vətənə və xalqa xidmət nümunəsidir.

Ölkənin çətin, keşməkeşli bir dövründə xalq bu acınacaqlı və olduqca təhlükəli vəziyyətdən çıxış yolunu Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində gördü və bu tələblə küçələrə axışmağa başladı. 1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə Heydər Əliyevin Naxşıvandan Bakıya gələrək, yenidən hakimiyyətə qayıdışı müstəqil Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Bu çətin anlarda, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycanı böyük bəlalardan, dağılmaqdan, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi, dərin iqtisadi və sosial-siyasi böhran vəziyyətindən çıxarmağa nail oldu .

Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini bugünkü gündə Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Məhz bu uğurlu siyasi kursun məntiqi nəticəsidir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimiz 44 günlük Vətən Müharibəsində mütləq Qələbə qazandı və torpaqlarımızın ərazi bütövlüyü təmin edildi.

Qazanılan bütün bu son uğurlar bir daha onu təsdiqləyir ki, Azərbaycan Heydər Əliyevin qoyduğu yolla gedərək ən uğurlu ölkə adını hələ uzun illər qoruyacaq.

Tədbirdə çıxış edən Partiya fəallarından Natiq Cavadov və Hafiz Əzimzadə çıxış edərək bildirdilər ki, Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövləti və milləti qarşısında misilsiz xidmətlərindən, Ulu öndərin layiqli davamçısı, 44 günlük Vətən Müharibəsi zamanı şanlı qələbəni xalqımıza bəxş edən Prezident cənab İlham Əliyevin ölkəmizin inkişafı və tərəqqisi istiqamətində gördüyü işlərdən və eyni zamanda tarixi Şuşa Bəyannaməsinin əhəmiyyəti barədə məlumat verdilər .

Tədbirdə yekun nitq ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin zəngin həyat təcrübəsindən, dahi şəxsiyyətin xalqımız qarşısındakı misilsiz xidmətlərindən ətraflı bəhs etdi və bildirdi ki, ulu öndər siyasi kursu bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, doğma Azərbaycanımız gündən günə yeni yeni uğurlara imza atır Həmçinin Millət vəkili öz çıxışında iki qardaş ölkə Azərbaycan-Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi bərədə də çıxış edərək bildidi ki, bu tarixi Bəyannamə iki qardaş ölkə arasında əməkdaşlığı gücləndirməklə yanaşı, türk dövlətləri arasında əlaqələri və əməkdaşlığı da gücləndirəcək təkanverici qüvvədir, eyni zamanda müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsi bölgədə və Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatınada böyük zəmin yaratmış olacaqdır.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş üzvlərə YAP üzvlük vəsiqələri təqdim olundu.

Daha çox xəbərlər