Cəmiyyət 

Şəhid qanı axmayan torpaqdan Vətən olmaz

Masallının fəxri, qürur yeri olan İkinci Qarabağ müharibəsinin qalib şəhidi Nayib Qasımov yaşasaydı  ömrünün 25-ci ilinə qədəm qoyardı.  Qəhrəman Vətən oğlu 1997-ci ildə Masallı rayonunun Mahmudavar kəndində doğulub. 2016-cı ildə Aprel döyüşlərində, 2020-ci ildə Tovuz döyüşlərində iştirak edib. 2020-ci ilin oktyabr ayının 6-da Cəbrayıl döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətə görə” və digər  medalları ilə təltif olunub. O, cismən aramızda olmasa da, mənən qəlblərdə yaşayır.  Masallı rayon Mərkəzi Kitabxanasında şəhidin doğum günü münasibətilə “Şəhid qanı axmayan torpaqdan Vətən olmaz!” mövzusunda tədbir keçirildi.

Tədbirdə  rayon  Musaküçə kənd tam orta məktəbinin şagird  və müəllim  kollektivi iştirak edirdilər. Kitabxananın əməkdaşı Ş. Nəsirova şəhidlərin xatirəsinə həsr olunmuş sərgi önündə çıxış edərək 44 günlük Vətən müharibəsi və şəhid Nayib Qasımovun keçdiyi şərəfli döyüş yolu haqqında iştirakçılara geniş məlumat   verdi. Başaq çıxışçılarda Nayibin  Vətənə, xalqına olan sevgisindən ürəklə danışdılar, onu həyatda özlərinə  örnək saydılar.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər