Gündəm 

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının tarixi təsdiqidir

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu xalqımıza əvəzsiz Zəfər sevinci yaşatdı. 44 günlük Vətən müharibəsi nəticəsində doğma Qarabağımıza qayıtmaq, 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımıza qovuşmaq nəsibimiz oldu. Qazandığımız şanlı Qələbə nəticəsində Azərbaycan tarixinin və mədəniyyətinin beşiyi olan Şuşa şəhəri düşmən işğalından azad edildi.

Torpaqlarımızın işğaldan azad edilməsi bütün dünyaya erməni vandalizmininin dəhşətli nəticələrini bir daha əyani izləmək imkanı yaratdı.Çünki hər zaman öz xislətinə uyğun davranan erməni terrorçuları işğal altında saxladıqları ərazilərimizdə olan tarixi, mədəni abidələrimizi məhv etmiş, şəhərlərimizi, kəndlərimizi, meşələrimizi yandırmış, talamış, məscidlərimizi, ziyarətgahlarımızı, məzarlıqlarımızı təhqir etmişlər.

Ermənistan Respublikasının işğalçı hərbi qüvvələri tərəfindən 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edilmiş, digər ərazilərimiz kimi burada da xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi, vandalizm siyasəti həyata keçirilmişdir. Bu vandalizm 29 il davam etdi.

Artıq torpaqlarımız işğaldan azad edilmişdir. Dövlətimiz tərəfindən geniş tikinti, bərpa quruculuq işlərinə start verilmişdir. Torpaqlarımızın işğaldan azad edilməsi eyni zamanda bizlərə şəhərlərimizin tarixi-mədəni statusunun qaytarmaq, zəngin mədəniyyətimizi dünyaya tanıtdırmaq imkanı yaratdı.

Vətən müharibəsində qazandığımız Zəfər eyni zamanda ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə, Azərbaycan dövlətinə olan müsbət maraqların artmasına, yeni reallıqlar, yeni münasibətlər sferasının yaranmasına şərait yaratdı.

Bu münasibətlər sırasında qədim tarixi köklərə malik Azərbaycan-Türkiyə qardaşlığı xüsusi əhəmiyyət daşıyır.

15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi dərin tarixi dəyər, rəmzi məna kəsb etməklə yanaşı ölkəmizin böyük diplomatik uğurudur. Şuşa Bəyannaməsinin müstəsna siyasi və tarixi əhəmiyyəti bundan ibarətdir ki, bu sənədin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətləri yeni, daha yüksək mərhələyə qədəm qoydu. Belə ki, bu tarixi sənəd hər iki ölkənin regionda ümumi maraqlarının qorunması baxımından imkanlarını birləşdirməklə, ölkələrimizin regional və beynəlxalq proseslərdə rolunu, nüfuzunu daha da artıracaq.

Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında səlahiyyətli qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi vurğulanır.

Ticarət-iqtisadi münasibətlərə gəlincə, milli iqtisadiyyatın və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alır.

Əminik ki, ölkələrimiz arasında qardaşlıq bağları ildən-ilə daha da möhkəmlənəcək, bütün sahələrdə əməkdaşlıqlarımız sıxlaşacaq, birgə uğurlarımız xalqlarımızın xoşbəxtliyinə və rifahına xidmət edəcək. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!.

Gülbahar Eyvazova, 
Füzuli RİH Başcısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Daha çox xəbərlər