Cəmiyyət 

“Yay məktəbləri” başladı…

Əylənərək öyrənmək istəyənlərə  əla fürsət

Bu il də şagirdlərin yay istirahətinin səmərəli keçirilməsinin təşkili unudulmadı. İyunun 14-dən etibarən pandemiya dövründə “itirilmiş öyrənmə”ni bərpa etmək üçün ümumtəhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla 2 həftəlik “Yay məktəbi” başladı.

“İki sahil” paytaxtın Yasamal rayonunda yerləşən Mikayıl Müşfiq adına 18 nömrəli tam orta  məktəbdə  təşkil olunan “Yay məktəbi”nin ilk günü ilə tanış oldu. Təhsil ocağında apardığımız müşahidələr də onu göstərdi ki,  “Yay məktəbi” təkcə şagirdlərin zəif mənimsədikləri mövzuları təkrar öyrənməsinə deyil, pandemiyada  məsafədən təşkil edilən müəllim-şagird münasibətlərinin yenidən, daha isti, daha sıx qurulmasına şərait yaradır…

Tədris ili başa çatsa da, şagirdlərimiz öz doğma məktəblərindən ayrılmırlar

Məktəbin tərbiyə işləri üzrə direktor müavini Rəvanə Məmmədova “İki sahil”ə açıqlamasında bildirdi ki, bütün ümumtəhsil məktəblərində olduğu kimi, bizim məktəbdə də təşkil edilmiş “Yay məktəbi”nin əsas məqsədi yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaqla, əyləncəli proqramlar təşkil etməklə yeni nəsil intellektual və sosial aktiv gənclərin -gələcəyin liderlərinin formalaşdırılmasıdır. “Yay məktəbi”ndə açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər də həyata keçirilir.  Açıq havada keçirilən dərslər zamanı şagirdlər nəinki intellektual biliklərini artırırlar, həm də sağlamlıqlarının qeydinə qalırlar. Bu dərslərdə şagirdlər öz intellektlərini, zəkalarını da artırırlar. “Yay məktəbi”ndə iştirak edən şagirdlər müxtəlif tablolar çəkir, rəssamlığın sirlərini də öyrənirlər.

Həmsöhbətimiz qeyd etdi ki, burada şagirdlərin asudə vaxtlarını dəyərləndirmək üçün intellektual, komandaqurucu (təşkilatlandırıcı) oyunlar, idman yarışları təşkil olunur. Üzgüçülük, futbol, voleybol, şahmat kimi oyunlar şagirdlərin zehni yorğunluğunu aradan qaldırır və onlara gümrahlıq gətirir. Şagirdlər kollektiv şəkildə ölkəmizin gəzməli, görməli və öyrənilməli tarixi yerlərinə ekskursiya edir, mədəni-kütləvi tədbirlərin iştirakçıları olurlar ki, bunlar da onların dünyagörüşünü zənginləşdirir və vətənpərvərlik hissi aşılayır.

Müsahibimiz vurğuladı ki, “Yay məktəbi”ndə  iştirak edən şagirdlər çox həvəslidir. Onlardan daha çox sevincli isə müəllim və valideynlərdir: “Sevindirici haldır ki, tədris ili başa çatsa da, şagirdlərimiz öz doğma məktəblərindən ayrılmırlar. Biz də “Yay məktəbi”nin ilk günündə çox böyük məmnuniyyət və sevinc hissi ilə şagirdlərimizi qarşıladıq. “Yay məktəbi” hər sinif üzrə minimum 3 nəfər şagird olmaqla təşkil olundu. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündə 3 saat olmaqla, V-X siniflərdə tədris həftədə 5 dəfə gündə 3-4 saat olmaqla  keçiriləcək.”

Əylənərək öyrənən uşaqlar öz təəssüratlarını “İki sahil”lə bölüşdülər, şeir dedilər, mahnı oxudular:

Məryəm Ağazadə: “Nə yaxşı ki, bu cür əyləncəli və maraqlı dərslərə qatıldım. İlk dərs günümüz rəngarəng keçdi. Yazı yazdıq, kitab oxuduq, testlər etdik. Açıq havada rəsm çəkdik, idman oyunları oynadıq. Yay tətilimi bu cür keçirməkdən çox zövq alıram.”

Bəkir Şirinzadə: “Mən məktəbə gələndə öz topumu, sevimli oyuncaqlarımı, plastilinimi də gətirirəm. Müəllim bizi həyətə çıxarır, əyləncəli oyunlar oynayırıq. Mənə elə gəlir ki, burada vaxt çox tez keçir. Heç evə getmək üçün tələsmirəm. “Yay məktəbi” məndə çox xoş təəssürat yaratdı.”

Melisa Qurbanova isə “Yay məktəbi”ndə ən çox  açıq havada şəkil çəkməyi, eləcə də mahnı oxuyub, rəqs etməyi çox bəyəndiyini söylədi: “Hər zamankındən fərqli olaraq bu dəfə məktəbə təkcə oxumaq üçün yox, həm də əylənmək üçün gəlmişik. Heç sıxılmadan keçən 3 dərs məni çox xoşbəxt etdi. Deyərdim ki, yay tətilimin ən unudulmaz günü “Yay məktəbi”ndə keçirdiyim tarix olacaq. O qədər əylənirəm ki, heç yorulmaq yadıma düşmür. Bura çox maraqlıdır.”

Hilal İbrahimli: “Burada olduğum üçün sevincliyəm. Şəkil çəkməyi, rəqs etməyi və yazmağı çox sevirəm. Burada yeni biliklərə yiyələnirəm. “Yay məktəbi”ndə iştirak edərək müəllimələrim və yoldaşlarımla səmərəli vaxt keçirirəm.  Evə gedəndə isə onlar üçün çox darıxıram. “Yay məktəbi”ndə keçirdiyim  günləri heç vaxt unutmaram. Kaş ki, “Yay məktəbi” daha uzun olaydı…”

Havanın isti olmasına baxmayaraq nə şagirdlər məktəbi tərk etməyə tələsir, nə də müəllimlər onlara öyrətməkdən yorulurdular. “Yay məktəbi” təşkil edilən siniflərdə apardığımız müşahidələrimizdə şagirdlərin üzündə sevinc, müəllimlərin simasında isə məmnunluq hiss edilirdi…

Məşğələlərimizi elə təşkil etməliyik ki, şagirdlərimiz həm əylənsinlər, həm də öyrənsinlər

Məktəbin müəllimi Mehriban Qarayeva bildirdi ki, tədris ilinin yekunlaşması və yay tətilinin başlanması ilə valideynlər övladlarının bu dönəmi daha aktiv və səmərəli keçirmələri üçün yollar axtarırlar. Onlar övladlarının dincəlməklə yanaşı, həmçinin bilik və bacarıqlarını inkişaf etdirməsində, sosial fəaliyyətlərə cəlb olunmasında, fərqli hobbilərlə məşğul olmasında maraqlıdırlar. “Yay məktəbi” bütün bunların bir arada cəmləşdiyi, əylənərək öyrənmək mühitinin təqdim olunduğu, eləcə də uşaqların intellektual və fiziki inkişafı üçün yeni bir imkandır. “Yay məktəbi”nin təşkili biz müəllimlərin üzərinə çox böyük məsuliyyət qoydu. Biz məşğələlərimizi elə təşkil etməliyik ki, şagirdlərimiz “Yay məktəbləri”ndə həm əylənsinlər, həm də öyrənsinlər. Bununla da onlar maraqlı yay istirahəti yaşasınlar. Uşaqlar “yay məktəbi”nə ənənəvi dərslərdən daha maraqla gəlirlər. İlk gündən şagirdlər dərsə o qədər maraq göstərirlər ki, biz üç saatın necə gəlib-getdiyini hiss eləmirik.”

“Yay məktəbləri”nin pulsuz və könüllü təşkil edilməsi hər kəs üçün əlçatanlığı təmin edir

Müəllim Təhminə Ağayeva isə vurğuladı ki, pandemiya səbəbindən son iki tədris ilində təhsilimizdə yaranan boşluqları kompensasiya etməyin ən yaxşı çıxış yollarından biri “Yay məktəbi”nin təşkili idi: “Qeyd edim ki, “Yay məktəbi”ndə şagirdlər bir-biri ilə canlı təmasda olurlar. Nəzərə alaq ki, uşaqlar bir yerdə olmaq üçün də darıxıblar. Bundan başqa, mühit də dəyişir. Onu da qeyd edim ki, qavrama prosesində mühitin dəyişməsi önəmli məsələdir. Ən əsası şagirdlərimiz nə qədər çox sosial hadisələrin iştirakçısı olarlarsa, bir o qədər də kamilləşərlər. Məktəblilərin asudə vaxtlarının səmərəli təşkili baxımından “Yay məktəbi” çox faydalıdır.  Çünki burada şagirdlər həm əylənir, həm də öyrənirlər. “Yay məktəbləri”nin pulsuz və könüllü təşkil edilməsi hər kəs üçün əlçatanlığı təmin edir.

 

Daha çox xəbərlər