Cəmiyyət 

“İntihar edənlərə ehsan verilməsin” çağırışına reaksiyalar

Son dövrlər ölkədə intihar hallarının sayı artıb. Təkcə 2022-ci ilin ilk 3 ayı ərzində ölkədə 102 intihar halı qeydə alınıb. 2021-ci ildə isə ölkədə 612 nəfər özünə qəsd edib. İntihar edənlərdən 438-i kişi, 147-si isə qadın olub. İntihar edənlərin 313 nəfəri evli, 299 nəfəri isə subaydır.

Günü-gündən artan intihar hadisələrinə münasibət birmənalı deyil. İlahiyyatçı Tural İrfan Cebhe.info-ya açıqlamasında bildirib ki, əgər şəxs bunun dində haram olduğunu dərk edirsə, həmin şəxsə yas və ehsan düşmür: “İntihar İslam dinində günah hesab edilir. Canı verən Allahdır, Allah da almalıdır. Peyğəmbərin hədislərində də var ki, özünü öldürənin namazı qılınmamalı, ona ehsan verilməməli və müsəlman qəbiristanlığında dəfn edilməməlidir. Amma bu, intiharın haram olduğunu bilən şəxslərə aiddir. Məsələn, həddi-buluğa çatmamış şəxslər bunun günah olduğunu haradan bilsin? Bu şeyləri bilmədiyi üçün intihar edənlərə yas mərasimi də təşkil edilir, ehsan da verilir. Bu üzürlü bir səbəb kimi götürülür. Amma o dünyada onun işi daha Allaha qalıb. Əgər şəxsi intihara vadar ediblərsə, başqa çıxışı yolu qalmayıbsa, qeyd edilən hökmlər onlara şamil edilmir. Məsələn, ölkəmizdə intihar edənlərin çoxunu buna vadar edirlər. Buna görə biz deyə bilmərik ki, onlar cəhənnəmlikdir, onlara ehsan verilməsin. Yox, əgər şəxs heç bir məcburiyyət olmadan, özü öz istəyi ilə intihar yolunu seçibsə və İslamın hökmlərindən də xəbərdardırsa, ona nə ehsan verilməlidir, nə müsəlman qəbiristanlığnda dəfn olunmalıdır, nə də ona rəhmət düşür”.

Pandemiya dövründə kütləvi iftar mərasimlərindən çəkinməliyik - Hacı Şahin  Həsənli

Hacı Şahin Həsənli: “İntihar edənin dəfninin izdihamlı olmasını dinimiz tövsiyə etmir”

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli “Yeni Müsavat”a bildirdi ki, intihar ən böyük günahlardan biri sayılır: “İntihar Allahı danmaq hesab olunur. İntihar edən müsəlman kimi qüsl verilib, kəfənə bükülüb, namaz qılınıb dəfn olunmalıdır, lakin dəfnin izdihamlı olmasını dinimiz tövsiyə etmir. Bu da ictimai qınaq yaratmaq məqsədi daşıyır. İntiharın psixoloji səbəblərindən biri də dünyasını dəyişdikdən sonra belə diqqət cəlb etməkdir. İntihar edən şəxsin bağışlanması üçün dua etmək olar. Çox zaman bu maddi səbəblərlə bağlı olmur. Hətta maddi rifah səviyyəsi yüksək olan ölkələrdə statistikaya nəzər yetirdikdə intihar hallarının daha çox olduğu görünür. Bunun daha çox psixoloji, mənəvi səbəbləri var. Hesab edirəm ki, təkcə dövlət qurumları deyil, cəmiyyət də, o cümlədən ilahiyyatçılar da bu məsələyə biganə qalmamalıdırlar. İntiharın günah olduğunu vurğulamaqla iş bitmir. Əsas səbəb həyata baxışın düzgün olmamasıdır. Bəzi insanların həyatdan gözləntiləri çox böyük olur. Bəzən maddi məsələlər məqsədə çevrilir. Məqsədsizlik də insanın ruhunu tükədir. Dinimiz həyata doğru baxışın formalaşmasına yardım göstərir. Həyat çətinliklərdən ibarətdir, sınaq mərhələsidir. Çətinliklər insanın xeyrinədir. Problemsiz həyat insanı yora bilər. Bu baxımdan din də insanın köməyinə çata bilər. İlahiyyatçılar da bu məsələyə diqqət ayırsalar, intihar hallarının azalmasına gətirib çıxara bilər”.

İntellektual şoular efirdən niyə uzaqlaşdırıldı? | TVPress

Sosioloq Lalə Mehralı mövzunu “Yeni Müsavat”a şərh edərkən qeyd etdi ki, təbliğatın effektiv olmaması da intihar hallarının artmasına gətirib çıxarır: “Ailə, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu işlə məşğul olmağı lüzumsuz hesab edir. Xüsusilə qadınlar və uşaqlar arasında təbliğat  xarakterli söhbətlər aparılmır. Görünən odur ki, hətta mətbuatın etdikləri yetərsizdir. Demək ki, daha ciddi araşdırma aparılmalı, tədbirlər görülməlidir. İlahiyyatçı Tural İrfanın dedikləri ilə razışlaşmıram. Heç kim intiharı kefindən seçmir. İntihara cəhd edən şəxs nə bu dünyanı, nə də o biri dünyanı düşünmür. O ki qaldı intihar edən şəxsin müsəlman qəbiristanlığında dəfn edilməməsinə, ehsan verilməməsinə, hesab edirəm ki, bu, tamamilə absurd fikirdir. Azərbaycan dini ölkə deyil, dini qaydalarla idarə edilmir, dünyəvi ölkədir. Bu ölkədə müsəlman qədər qeyri-müsəlman insanların haqları var. İlahiyyatçı bu fikirləri çəkindirici məqsədlə deyibsə belə, bunun faydası olacağını düşünmürəm.  Çünki intihar edən həm bu dünyadan, həm də o biri dünyadan əlini üzüb. Biz intihar edənin öldükdən sonra cənnətə, ya cəhənnəmə getdiyini bilmirik. Bəlkə də bu dünyada elə böyük savabı olub ki, Allah yanında tərtəmiz insandır?! Bəzi insanların yaşamaq üçün maddi səbəblərə ehtiyacı var. Xüsusilə uşaqlar və yeniyetmələrin intihar fikrindən daşındırılması məsələsində ciddi işlər görülməlidir”.

Vəfa Rəşidova: “Öyrəşdiyimiz həyatın sağlamlığımız üçün fəsadları var”

Vəfa Rəşidova: “İntihar edən şəxsin müsəlman qəbiristanlığında dəfn edilməməsi absurd fikirdir”

Psixoloq Vəfa Rəşidovanın fikrincə, həyatında dəyişiklik etmək istəyən insana yardım etmək asan olmur: “İntihara meylli, yaxud bu barədə düşünən insanları görmək çətin deyil. Sakit, otağından çıxmayan, ünsiyyətdən qaçan xüsusilə uşaqlar, yeniyetmələrə diqqət  etmək lazımdır. İstəksizlik, iştahasızlıq ağır depressiyanın əlamətləridir. İntihara gedən yol depressiyadan keçir. Ailədaxili münaqişə, gərginlik intihara yol açmır. Başqa problemlər-maddi sıxıntılar, diqqətdən kənarda qalmaq, ailədaxili şiddət və s. depressiyaya səbəb olur. Yeniyetmələrdə xüsusilə uğursuzluq ciddi mənfi faktordur. Həssas dönəm olduğu üçün həyatdan gözləntilər çox olur, buna görə də özünü doğrultmayan gözləntilər intihar fikri yarada bilir. Təəssüf ki, son illər orta yaşlı insanlar da intihara meyl edirlər”.

Daha çox xəbərlər