Cəmiyyət 

Reabilitasiya mərkəzlərində antinarkotik təbliğat gücləndirilir

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin, məişət zorakılığından zərər çəkmiş şəxslərin, habelə görmə qabiliyyəti məhdud olan şəxslərin sosial reabilitasiyası həyata keçirilir, onlara sosial-hüquqi, tibbi-sosial, sosial-məişət xidmətlərinin, sosial-məsləhət yardımının göstərilməsi, həmçinin müəssisəyə stasionar formada qəbul edilmiş bu kateqoriyalardan olan şəxslərin reabilitasiya müddətində müvəqqəti yaşayış yeri ilə təmin olunması, “qaynar xətt” vasitəsi ilə həssas əhali qrupundan olan şəxslər üçün sosial-məsləhət xidmətinin təşkili həyata keçirilir. Müəssisədə çarpayı sayı 135 olmaqla, çətin həyat şəraitində olan 18 yaşdan yuxarı müəyyən yaşayış yeri olmayan şəxslərin reabilitasiyası şöbəsinə 60, baxımsız, kimsəsiz, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxslərin reabilitasiyası şöbəsinə 25, görmə imkanı məhdud şəxslərin reabilitasiyası şöbəsinə 20, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsinə 30 yer ayrılmışdır.

Müəssisə tərəfindən uşaqların mənəviyyatına zidd informasiyalardan müdafiəsi, nəzarətsizlikləri və baxımsızlıqları ilə mübarizənin təşkili, narkotik vasitə və alkoqollu içkilərin aludəçisinə çevrilməmələri üçün mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir. Həmçinin müəssisədə müvafiq kateqoriyadan olan şəxslərə  narkotik vasitələrin təsiri altına düşməsinin qarşısının alınması, narkotik vasitələrin mənfi təsirləri ilə bağlı profilaktik tədbirlər həyata keçirilir. Müəssisə sakinləri arasında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, bu problemin vurduğu ziyanın, həcminin praktiki olaraq böyüklüyü və narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyası, cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsi, genefondun pisləşməsi və bir çox mənfi hallara gətirib çıxarması ilə bağlı maarifləndirmə işləri aparılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2017-ci il tarixli 434 nömrəli Qərarı ilə Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzi yaradılmışdır. Mərkəzin yaradılmasında məqsəd penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin qarşısının alınması məqsədilə onlara hüquqi, sosial-psixoloji, sosial-məsləhət yardımı və sosial-məişət xidmətlərinin göstərilməsi, həmçinin onların  narkotik vasitələrin təsiri altına düşməsinin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi və şəxslərin sosial adaptasiyası ilə bağlı digər tədbirləri həyata keçirməkdən ibarətdir.

“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2013-cü ildən etibarən sosial xidmət sahəsində dövlət sifarişlərinin qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarına verilməsi yolu ilə çətin həyat şəraitində olan şəxslərin müdafiəsinin təmin edilməsi məqsədilə həmin kateqoriyalardan olan şəxslər üçün sosial sifarişlər həyata keçirilir.

2021-ci il ərzində əlilliyi olan şəxslərə, xüsusi qayğıya ehtiyacı olan uşaqlara, həssas əhali qrupuna aid olan və imtiyazlı şəxslərə qeyri-hökumət təşkilatları tərəfindən sosial-reabilitasiya məqsədləri üçün müxtəlif istiqamətlərdə 45 qeyri-hökumət təşkilatı, fiziki və hüquqi şəxslərlə 121 sosial sifariş əsaslı müqavilə bağlanmışdır. Sosial sifariş əsasında 62 şəhər və rayon üzrə 6200 uşağı əhatə edən sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzləri, 24 şəhər və rayon üzrə 720 uşağı əhatə edən günərzi xidmət mərkəzləri, 3 şəhər və rayon üzrə 160 uşağı əhatə edən “Baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla iş mərkəzi” yaradılmışdır. “İnsan alveri qurbanları üçün sosial-reabilitasiya mərkəzinin fəaliyyətinin təşkili” layihəsi üzrə 436 şəxsə müvafiq xidmət göstərilmişdir.

Narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı yaranan problemlər sahəsində maarifləndirmə işinin təşkili məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3 videoçarx və 1 infoqrafika hazırlanmışdır ki, müxtəlif informasiya resursları vasitəsilə mütəmadi olaraq ictimaiyyətin diqqətinə çatdırılması təmin edilir.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən məşğulluq tədbirləri nəticəsində narkomaniya xəstəliyindən azad olan insanların cəmiyyətə inteqrasiyası və məşğulluğunun təmin edilməsi, eyni zamanda, yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, onların bilik, bacarıq və peşəkarlıq səviyyəsinin, məşğulluq imkanlarının artırılması istiqamətində qabaqlayıcı, profilaktik tədbirlər həyata keçirilir.

2022-ci ildə Dövlət Məşğulluq Agentliyi tərəfindən peşəyönümü məsləhət xidmətləri istiqamətində də keçirilən tədbirlər zamanı peşə seçimi, əmək bazarının cari vəziyyəti, əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar, eləcə də müvafiq peşə və ixtisaslar üzrə işlə təmin edilmə və ya peşə hazırlığına cəlb olunma imkanları ilə yanaşı narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu qeyd olunmaqla bu problemin həlli istiqamətində görülən işlər haqqında maarifləndirici söhbətlər aparılmışdır.

Eyni zamanda, 2022-ci ilin I rübü ərzində Dövlət Məşğulluq Agentliyi tərəfindən gənclərin (15-29 yaş) məşğulluğuna diqqətin artırılması istiqamətində işlər aparılmış, 1030 nəfər özünüməşğulluq proqramına, 863 nəfər “DOST İş Mərkəzi”ndə ictimai işlərə, 95 nəfər əməkhaqqının birgə maliyyələşməsi proqramına, 352 nəfər peşə hazırlığına cəlb edilmiş,  4049  nəfər isə münasib işlə təmin olunmuşdur.

Cavid Əbdul-Qədirov,
ƏƏSMN-nin Aparat rəhbərinin müavini

Daha çox xəbərlər