Cəmiyyət 

Ümummilli Liderə prezident səlahiyyətlərinin verilməsi ölkədəki siyasi instutları çökməkdən xilas etdi

1990-cı illərin əvvəllərinin ən səciyyəvi xüsusiyyəti aşkarlığın olmaması və siyasi institutların bütünlükdə çökməsi idi. Aşkarlığın olmamasının qanunverici hakimiyyətdə görünməsi isə ümumiyyətlə daxili siyasi böhranın ən böyük göstəricisidir. 1992-ci ildə hakimiyyəti zorla qəsb etmiş AXC-Müsavat cütlüyü nümunəsində bunu görmək mümkündür.

Məhz bu hakimiyyətin dövründə hökumət elə bir ənənə yaratmışdı ki, hakimiyyətin qolları arasında uçurum formalaşmışdı. Ölkə parlamenti faktiki olaraq dövlətin nəzarətindən çıxmış, orada təmsil olunan təsadüfi adamların əyləncə məkanına çevrilmişdi. Təsəvvür edin ki, parlament  iclaslarında müzakirə olunan məsələlər haqqında ictimaiyyətə məlumat vermək məsuliyyətini üzərindən atır. Ölkədəki çətin siyasi vəziyyət xalqa ya çatdırılmır, ya da təhrif olunmuş formada çatdırılırdı.

1993-cü ilin 15 iyununda Ümummilli Liderin Ali Sovetin rəhbəri kimi qayıtması, daha sonra isə 24 iyunda Milli Məclisin prezident səlahiyyətlərinin icrasını Heydər Əliyevə verilməsi haqqında qərar qəbul etməsi qısa zamanda vəziyyəti kökündən dəyişdirdi. Ümumiyyətlə, Heydər Əliyevin parlamentə rəhbərlik etdiyi dövrü parlamentarizm etikasının formalaşdığı dövr kimi qiymətləndirmək olar.  Məhz həmin dövrdən başlayaraq parlament iclasları etik normalara, reqlamentlərə uyğun, ictimaiyyətə açıq şəkildə keçirilməyə başladı. Heç kim deyə bilməz ki, o vaxta qədər parlament iclası birbaşa yayımla televiziyaya verilmişdi. Fikir plüralizmi üçün şərait yaradılması həm də demokratik ənənələrin bərpası demək idi.

24 iyundan Ulu Öndərin prezident səlahiyyətlərini icra etməsi ona siyasi hakimiyyətə tam rəhbərlik etmək imkanını verdi. Böyük idarəçilik təcrübəsi və möhkəm iradəsi nəticəsində o hər növ başıpozuqluğu aradan qaldırdı. Ölkədəki real vəziyyəti xalqdan gizlətmədi. Xalq da bunu görürdü və bu çətin dövrdən xilas olmaq üçün onu dəstəklədi və oktyabrda keçiriləcək seçkidə ölkənin prezidenti seçdi və bununla siyasi tariximizin qızıl dövrü başladı.

Samir Əhmədov,

SOCAR Heydər Əliyev adına Neft Emalı zavodunun əməkdaşı

Daha çox xəbərlər