ATƏT-in Minsk qrupu artıq tarixə qovuşub
Hər bir beynəlxalq təşkilatın əsas işi öz missiyasına uyğun fəaliyyət göstərməsidir. Təəssüflər olsun ki, bir çox hallarda bu cür təşkilatlar formalizm prinsipləri ilə işləyirlər. Biz torpaqlarımız işğal altında qaldığı müddətdə bunun bir çox nümunələrini görmüşük. Bunlardan öz fəaliyyətsiliyi xüsusi fərqlənən ATƏT-in Minsk qrupudur.
Sirr deyil ki, keçmiş Qarabağ münaqişəsinin həlli istiqamətində işlər görmək, sülh prossesinə vasitəçi olmaq üçün yaradılan bu təşkilat həmişə danışıqlar prossesinin imitasiyası ilə məşğul olub. Açıq şəkildə deyə bilərik ki, Minsk qrupu nəinki münaqişəni həll etmək istəməyib, hətta prosesi uzatmaq məqsədi ilə erməni tərəfi ilə gizli əməkdaşlıqlar da edib.
Bu qrup uzun illər ərzində Azərbaycan ərazilərində müşahidələr aparıb. Sual yaranır ki, əgər bunlar həqiqətən müşahidələr aparıblarsa, niyə bir dəfə də olsun, erməni vandalları tərəfindən dağıdılan şəhər və kəndlərimiz, mədəniyyət nümunələrimiz haqqında hesabat hazırlamayıblar? Əgər bu kimi məsələləri görməyiblərsə və ya görməzdən gəliblərsə, deməli onların fəaliyyətinin heç bir əhəmiyyəti olmayıb.
Biz öz torpaqlarımızı öz gücümüzə azad etmişik, beynəlxalq hüququn diqtəsinə və ədalət prinsiplərinə uyğun şəkildə. Biz Ermənistanla münasibətlərin normallaşmasının, regionda sülhün və sabitliyin olmasını da prioritet hesab edirik. Münaqişə artıq tarixə qovuşub və Minsk qrupu da avtomatik olaraq öz funksionallağını itirib. Yəni, reallığın diqtəsi budur. Minsk qrupu da, həmsədrlər də, öz maraqları üçün obyektivlikdən boyun qaçıran hər kəs bununla barışmalıdır.
İzzət Şirinov,
Qarabağ müharibəsi əlili

