Gündəm 

Azərbaycanı dünyaya tanıdan dahi şəxsiyyət

Ulu Öndər Heydər Əliyev Ali Sovetin Sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq  aşkarlıq prinsipinə  üstünlük verdi

Azərbaycanın artıq dünyada öz çəkisi və sözü olan bir ölkədir. Bu nailiyyətlərin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Xüsusilə də 90-cı illərin əvvəllərində Sovetlər Birliyinin dağılması, müttəfiq ölkələrin öz müstəqilliyini yenidən bərpa etməsi ilə dünyanın düzəni dəyişməyə başlamışdı. Azərbaycan da öz müstəqilliyini bərpa etdi. Lakin tez bir zamanda ölkə xaosa büründü. İqtisadi-siyasi böhran, digər tərəfdən 80-ci illərin sonundan baçlanmış erməni təcavüzü. Bütün bunlar yenicə əldə olunmuş müstəqillik üçün ciddi təhlükə idi.

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı təkidlə Heydər Əliyevin hakimiyyətə gəlməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi Onu Bakıya dəvət etməyə məcbur olmuşdur. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə  hakimiyyəyyə qayıdaraq Azərbaycan Respublikası Ali Sovetinin Sədri  seçildi.  Həmin gün parlamentin  tarixi iclasında  Heydər Əliyev  çıxış etdi: “Azərbaycan Respublikasının bugünkü ağır,  mürəkkəb və gərgin  vəziyyətini tam məsuliyyətlə  dərk edirəm.  Bu vəzifəni üzərimə  götürərək  öz məsuliyyətimi anlayıram  və bunların  hamısını  rəhbər  tutaraq əlimdən gələni edəcəyəm.  Ali Sovetin  sədri kimi  Azərbaycan  xalqının tarixi  nailiyyəti olan  Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf  etdirməyi özüm üçün  əsas vəzifələrdən biri hesab edirəm.  Azərbaycan Respublikasının  dövlət  müstəqilliyi 1918-ci ildə  yaranmış ilk  Azərbaycan Demokratik  Respublikasının  ənənələri əsasında,  müasir tələblərlə,  dünyada  gedən proseslərlə  bağlı olaraq  təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin  şübhəsi  olmasın ki, ömrümün  bundan sonrakı  hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan  Respublikasının  müstəqil dövlət kimi  inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki,  mənim fikrimcə, Azərbaycan Respublikası,  bundan  sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir  dövlətin tərkibinə  daxil olmayacaq, heç bir  başqa  dövlətin əsarəti  altına  düşməyəcək.”

İlk gündən parlamentarizm ənənələrinə sadiq qalan Ulu Öndər  aşkarlıq prinsipinə  üstünlük verdi. Belə ki, Milli Məclisin iclasları, mətbuat  konfransları,  respublika  əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi  həyatdakı  gərginliyin  aradan  qaldırılması  üçün lazımi tədbirlər  görülməyə başlandı.

24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin  sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bununla da bütün hadisələr dövlətin nəzarətinə götürüldü, bu isə xalqın iradəsinə tabe edilməsi demək idi.

Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə  aldı. Eləcə də Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi.  “Şəhid adının əbədiləşdirilməi və şəhid ailəsinə  edilən güzəştlər  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu qəbul olundu. Konstitusiyada  və müxtəlif  hüquqi  sənədlərdə zamanın tələblərinə uyğun dəyişikliklər edildi.

Ən təhlükəli vəziyyət yaranmış separatçı cəhdlər və vətəndaş qarşıdurması idi. Avqustun 7-də cənub  bölgəsində “Talış-Muğan Respublikası” elan olunmuşdu.  Bununla əlaqədar ulu öndər Heydər Əliyev avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla  görüşüb vəziyyəti  müzakirə etdi. Avqustun 17-də isə Milli Məclis  “Azərbaycan  Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında  yaranmış  vəziyyət haqqında” Qərar (https://e-qanun.az/framework/8527) qəbul edərək “Talış-Muğan Respublikası” avantürasına  siyasi qiymət verdi. Tezliklə əhalinin istəyi ilə bu  bədnam niyyətə son qoyuldu.

Ulu Öndərin yüksək peşəkarlığı və vətəninə dövlətinə və xalqına sadiqliyi sayəsində parlamentin ruhu kökündən  dəyişdi, Milli Məclisə  siyasi mədəniyyət  gətirildi. Onun iclası  aparmaq tərzi, fikirlərini  dəqiq əsaslandırması, çıxışların  məğzini tutmaq bacarığı, qiymətli  fikirləri  ümumiləşdirmək qabiliyyəti  özlüyündə  parlamentin üzvləri  üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.

Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir.

Bu böyük şəxsiyyət dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək, Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur. Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur.

“Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” – sözlərini demiş Ulu Öndər 1993-cü ildən başlayaraq bu amallar uğrunda mübariz fəaliyyətini aparmışdır. Dövlətçiliyin möhkəm əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi qəbul olundu. Demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi və bazar iqtisadiyyatına keçid təmin olundu.

Çox nadir hallarda dövlət şəxsiyyətə görə tanınır. Məhz Heydər Əliyevin böyüklüyü, uğurlu siyasəti sayəsində Azərbaycan qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi, xarici siyasətdə böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren faktoruna çevrildi.

Bir sözlə bu gün Heydər Əliyev ideologiyasının, Onun əsasını qoyduğu uzaqgörən siyasətin və layiqli davamçı mnöhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu fəaliyyəti sayəsində Azərbaycan regionun lider, dünyanın aparıcı dövlətinə çevrilib.

Qarat Qaratov, 
35 saylı Xətai üçüncü DSK-nın sədri

Daha çox xəbərlər