Şəhidlər unudulmur!
19 İyun 2022-ci il tarixində Ağsu rayonu Gəgəli kəndində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərdən birinin, İbişov Vüsal Əli oğlunun doğum günü qeyd edildi.
ARANTV.AZ xəbər verir ki, tədbirdə Ağsu rayon İcra Hakimiyyəti başçısı Aparatının rəsmi nümayəndəsi, Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının rəsmi nümayəndəsi, partiya fəalları, şəhid ailələri, şəhidin yaxınları, rayon ictiamiyyəti və kənd sakinləri iştirak edib. İlk öncə şəhidin doğulduğu kəntdə yerləşən məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzulərək, ruhuna dualar oxunuldu. Vüsalla eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidləri Quluzadə Kamran və Süleymanlı Elmirin də məzarları ziyarət olunub, əziz xatirələri ehtiramla anılıb. Daha sonra tədbir iştirakçıları Şəhid İbişov Vüsalın ailə üzvlərini ziyarət edərək onlara dərin hüznlə başsağlığı veriblər.
Şəhidin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.
İbişov Vüsal Vətən müharibəsində əsgər kimi şərəfli döyüş yolu keçmişdir. Döyüşlər başlanandan sonra könüllü olaraq cəbhəyə yollanan Vüsal İbişov bununla bağlı ailəsinə də xəbər vermir. Vüsal İbişov Talış Suqovuşan bölgəsində döyüşüb. Vətən Müharibəsinin qızğın dövründə bir gün anasına zəng edərək ondan halallıq alır və 16 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olur. Müharibədə göstərdiyi rəşadətə görə o, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.











