Erməni əhalinin re-inteqrasiyası nə üçün vacibdir?
Azərbaycan ərazisi tarixən müxtəlif etnik köklərə bağlı olan xalqların birgə yaşayış normaları əsasında məskunlaşdığı coğrafi məkandır. Əsrlər boyu burada məskunlaşan xalqlar mehriban qonşuluq şəraitində yaşayıb, ölkədəki dominant etnosla qaynayıb qarışıblar.
Hazırki şəraitdə də dövlətin multikultural siyasəti ölkədəki sabitliyi qoruyan əsas gücdür. Yəni, ölkə ərazisində yaşayan sosial qrupların və fərdlərin hüquq və təhlükəsizliyi eyni Konstitusiya ilə qorunur. Bu baxımdan Azərbaycan öz torpaqlarını azad etdikdən sonra əsas məqsədlərdən biri də Qarabağda yaşayan ermənilərin re-inteqrasiyasını təşkil etməkdir. Prezident İlham Əliyev dəfələrlə beynəlxalq və yerli ictimaiyyət qarşısında bu fikri səsləndirib, Azərbaycanda yaşayan erməni əhalinin də yerli əhali ilə bərabər hüquqlarından danışıb.
Bəs, erməni əhalinin re-inteqrasiyası nə üçün vacibdir? Bu, Ermənistan siyasi rəhbərliyinin “Qarabağ erməniləri” məsələsindən kart kimi istifadə etməsinin qarşısını almaq üçün vacibdir. Çünki sülh prossesinə maneə yaratmaq üçün Ermənistan hakimiyyəti Qarabağ ermənilərinin “etnik təmizlənməyə məruz qalmış” yalançı obrazını yaratmaq istəyir və bununla beynəlxalq təşkilatlardan dəstək almaq niyyətindədir. Buna görə də hər zaman regionda sülhün olmasını, kommunikasiyaların bərpasını istəyən dövlət başçısı erməni əhalinin inteqrasiyasının vacibliyini bildirir və bu istiqamətdə addımlar atır. Onsuz da yerli ermənilərin alternativ variantı yoxdur. Əgər sülh imzalanarsa və Qarabağ erməniləri Azərbaycan vətəndaşlığında yaşayarsa, bu onların özü üçün də nicat yoludur. Onların bir çox ictimaiyyət nümayəndələri də yaxşı başa düşür ki, iqtisadi böhran içində boğulan Ermənistan vətəndaşı olmaqdan inkişaf etmiş Azərbaycan vətəndaşı olmaq daha yaxşıdır. Eyni zamanda Qarabağın bərpası, yenidən cənnətə çevrilməsi erməni əhalinin inteqrasiyaya olan marağını daha da artıracaq.
Arif Məmmədov,
YAP fəalı

