Cəmiyyət 

Azad Qarabağın və Şərqi Zəngəzurun bu günü

Bu ərazilər artıq nəinki Azərbaycanın, hətta dünyanın ən gözəl məkanlarından birinə çevrilir

Erməni vandallarının 30 il müddətində talançılıqla hər şeyi məhv etdikləri, hətta ekologiyaya ağır zərbələr vurduqları işğaldan azad edilmiş ərazilərdə kommunikasiyalar yenidən qurulur, yeni şəhərlər, qəsəbələr, kəndlər salınır. İnfrastruktur obyektlərinin sürətlə inşası, tarixi-mədəni abidələrin bərpası, minatəmizləmə əməliyyatlarının miqya­sının genişləndirilməsi bu torpaqlarda yaşayış məhəllələrinin, inzibati binala­rın tikilməsinə əlverişli imkan yaradır.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı təmin etmək üçün mühüm pozisiyalardan biri də həmin ərazilərdə yol infrastrukturunun qurulmasıdır.  Bu xüsusda irimiqyaslı yol layihələrinin yüksək peşəkarlıqla həyata keçirildiyini vurğulamaq yerinə düşər. Hazırda Bərdə-Ağdam (47,1 km) və Horadiz-Ağbənd dəmir yolu xətlərinin (110,4 km) tikintisi gedir. Eyni intensivliklə digər 11 istiqamət üzrə avtomobil yollarının da tikintisi davam etdirilir.

Azad edilmiş ərazilərdə elektrik təchizatı ilə bağlı görülən işlər xüsusi qeyd edilməlidir. Çünki regionun elektrik enerjisi ilə tam təmin olunması digər işlərin də həyata keçirilməsinə təkan verir. Artıq azad edilmiş bütün ərazilər digər bölgələrimizin elekt­rik xətləri ilə birləşdirilib. Enerji sahəsində həyata keçirilən vacib layihə Füzuli şəhərində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin yaradılmasıdır. Cənubi Qafqazda ilk dəfə tətbiq olunan bu layihə avtomatlaşdırma hesabına insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığı artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri məhdudlaşdırmağa imkan verir. İşğaldan azad edilmiş ərazilərdə ümumi gücü 20 meqavat olan “Güləbird”, “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su-Elektrik stansiyaları təmir edilərək istismara verilib. Qarabağ və Şərqi Zəngəzurda 9 rəqəmsal yarımstansiya, o cümlədən Ağdam və Cəbrayıl rayonlarında “Ağdam-1”, “Ağdam-2” və “Cəbrayıl” yarımstansiyalarının, həmçinin “Qarabağ” Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi başa çatdırılıb.

Prezident İlham Əliyevin göstərişi ilə işğaldan azad edilmiş ərazilərdə 3 hava limanının inşası nəzərdə tutulub. Onlardan biri ötən il təhvil verilən Füzuli Beynəlxalq Hava Limanıdır. Digəri isə Zəngilan və Laçın rayonlarının ərazisində inşa olunur. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Eyni zamanda, bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika habına çevriləcəyi günü yaxınlaşdırmaqdadır.

Dövlət başçısının rəhbərliyi və bilavasitə nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış istiqamətində bütün zəruri tədbirlər görülür. Biz bunun  növbəti əyani təzahürünü Zəngilan rayonun Ağalı kəndində görülən işlərin timsalında aydın gördük. Ağalı kəndində bir il əvvəl inşaat işləri 200-dən artıq evin tikilməsi, bağça, məktəb, tibb məntəqəsi və yaşayış üçün lazım olan digər obyektlərin tikilməsi ilə nəticələnib. Ağalı kəndində məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Eyni zamanda, kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur.

İşğaldan azad edilmiş torpaq­larda təhsil və səhiyyə müəssisələrinin tikintisi davam etdirilir. Ağdam,  Cəbrayıl və Şuşa şəhərlərinin hər birində bir məktəb binasının tikintisi bu il başa çatacaq. Hər üç məktəb 960 yerlikdir. Bununla bərabər, işğaldan azad edilmiş ərazilərdə dörd xəstəxananın inşası davam etdirlir. Şuşa şəhərində xəstəxananın bu il istismara veriləcəyi planlaşdırılıb, Ağdam­da 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilib. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq.

Tarixi-dini abidələrin bərpası sahəsində müvafiq tədbirlər görülməkdədir

Azərbaycan dövlətinin əsas hədəflərindən biri də işğaldan azad edilmiş ərazilərimizdə dini abidələrin, məscidlərin bərpası və yenidən qurulmasıdır. Bu istiqamətdə sistemli tədbirlər davam etdirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı bərpa edilən məscidlərə də baş çəkir, görülən işlərlə yerindəcə tanış olurlar.  Uzun illərdən bəri erməni əsarətində qalan Ağdamın Cümə, Şuşanın Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidlərinin, eyni zamanda, Yuxarı Gövhər ağa məscidinin həyətində yerləşən mədrəsənin bərpa olunaraq əvvəlki görünüşünə qaytarılması bu istiqamətdə aparılan ilkin işlər sırasındadır. Şuşa şəhərində yeni məscidin inşasına da start verilib. Eləcə də Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin tikintisi prosesi başlayıb. Bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür. Bu, Fondun rəhbəri, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir.

Su layihələrinin reallaşdırılması Qarabağa həyat verəcək

Bərpa proqramı çərçivəsində sözügedən ərazilərin bol su ehtiyatlarından səmərəli istifadə edilməsi ilə bağlı layihələrin hazırlanaraq həyata keçirilməsinə başlanıb. Mövcud su anbarlarının bərpası, yenilərinin tikilməsi sayəsində işğaldan azad olunmuş ərazilərdə və keçmiş təmas xəttinə yaxın bölgələrdə minlərlə hektar torpaq sahələrini əkin dövriyyəsinə cəlb etmək mümkün olacaq. Ümumi sistemə daxil olan “Köndələnçay-1”, “Köndələnçay-2” və “Aşağı Köndələnçay” su anbarlarının bərpası ilə Füzuli rayonu ərazisində 6200 hektar əkin sahəsinin suvarılması mümkün olacaq. Hazırda işğaldan azad edilmiş ərazilərdəki digər su anbarlarında da bərpa işləri həyata keçirilir. Bütövlükdə, sözügedən ərazilərdə 9 su anbarı tikilir və yaxud əsaslı şəkildə bərpa olunur. Bu layihələr, eyni zamanda, keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, məşğulluğun artırılmasına və ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına hesablanıb.

Qarabağın bərpası ilə bağlı dövlət xərcləri yarım milyard manata yaxın artırılıb

Bu il Azərbaycanın dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 2,670 milyard manat ayrılacaq. Bu barədə “Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində deyilir. Bu, təsdiqlənmiş proqnoza nisbətən 21,4 % və ya 470 milyon manat çoxdur. Bu xərclər dövlət büdcəsinin tikinti və şəhərsalma xərcləri maddəsində əksini tapıb. Bu maddə üzrə xərclər 5 milyard 972,271 milyon manat müəyyən edilib ki, bu da, əvvəlki büdcə proqnozu ilə müqayisədə 980,6 milyon manat və ya 19,6 % çoxdur. Məlumata görə, bunun 3 milyard 286,4 milyon manatı (əvvəlki proqnozla müqayisədə 17,8 % və ya 496,6 milyon manat çox) dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) təşkil edir.

Beləliklə, fəxrlə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpa-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bütün infrastruktur layihələri sayəsində əhali öz doğma yurdlarına qayıtdıqdan sonra burada həyat yenidən canlanacaq, yeni iqtisadi sahələr yaranacaq və bu canlanma təkcə Azərbaycanın yox, ümumən bölgənin inkişafına gətirib çıxaracaq.

Daha çox xəbərlər