Cəbhədən Xəbər 

Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır

Bu gün Azərbaycanın qalib Ordusu Qafqazda ən müasir, yüksək texnologiyalı ordu hesab olunur.

1918-ci il 28 mayda qəbul edilmiş “İstiqlal Bəyannaməsi”ndə qeyd edilib ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Müstəqil Cümhuriyyətin qarşısında duran əsas vəzifələrdən biri qısa müddət ərzində silahlı qüvvələrini formalaşdırmaq idi. 1918-ci il 26 iyunda Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabineti tərəfindən “Müsəlman Korpusu”nun əsasında 5000 nəfər şəxsi heyəti olan Əlahiddə Azərbaycan Korpusunun yaradılması haqqında qərar qəbul edilir. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. General Əliağa Şıxlinski korpusun komandiri təyin edilir. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Nazirlər Kabinetində hərbi nazir vəzifəsinə Xosrov bəy Sultanov təyin edildi. Daha sonra isə onu bu postda general Səməd bəy Mehmandarov əvəz etdi. General-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edilmişdi. Azərbaycan Korpusunun əsgər və zabitləri Qafqaz İslam Ordusunun tərkibində Azərbaycan ərazilərinin, o cümlədən, Bakının düşmən qüvvələrindən azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstəriblər. Azərbaycan Milli Ordusunda 25 min nəfər xidmət edirdi.

1919-cu ildə Bakı şəhərində ilk hərbi parad keçirilib. Həmin ildə həmçinin hərbi liman və hərbi donanma yaradılıb. Azərbaycan Milli Ordusunun ilk qələbəsi Qarabağda Əsgəran bölgəsinin qiyamçı erməni qüvvələrindən azad edilməsi olub.

1920-ci ilin aprel ayında Sovet hakimiyyəti Azərbaycanı işğal etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. SSRİ-də yürüdülən siyasət azərbaycanlı zabit kadrlarının yetişdirilməsinə mane olurdu. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Ulu Öndər Heydər Əliyev 1969-cu il 14 iyul tarixində hakimiyyətə gəldikdən sonra bütün maneələrə rəğmən 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında böyük rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri müstəqil Azərbaycan Respublikasının hərbi kadr potensialının əsasını təşkil etdilər və Birinci Qarabağ müharibəsində misilsiz qəhrəmanlıqlar göstərdilər.

Ümummilli lider Heydər Əliyevin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədi ilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır.

Tarixi varislik ənənəsinə sadiq qalaraq ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 22 mayda imzaladığı fərmanla Azərbaycan Xalq Cümhuriyyəti dövründə Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan Korpusunun yaradıldığı 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə 2018-ci il iyunun 26-da keçirilən hərbi paradda Azərbaycanın hərbi gücü bütün dünyaya nümayiş etdirildi. 2020-ci il sentyabrın 27-də başlayan və 44 günlük Şanlı Vətən Müharibəsində isə bütün dünya bu gücün əyani şahidi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz nəinki 30 ildən çox işğal altında qalan torpaqlarımızı azad etdi və Azərbaycan Bayrağını azad edilmiş torpaqlarımızda ucaltdı, həm də Ermənistan ordusunu darmadağın etdi. Bu gün müstəqil Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır.

Cavid Mehdizadə, 
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəal gənci

Daha çox xəbərlər