Gündəm 

Sən Zəfərimizin baş qəhrəmanısan, Azərbaycan əsgəri!

İkinci Qarabağ müharibəsi tarixə Azərbaycanın şanlı Qələbəsi kimi yazıldı. İllərdən bəri göstərilən siyasi qətiyyət, möhkəm iradə, ordu quruculuğu sahəsində aparılan islahatların məntiqi nəticəsi Prezident İlham Əliyevin «Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir, Şuşada, Xankəndidə Azərbaycanın dövlət bayrağı qaldırılmalıdır və gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq» sözləri, «Biz birlikdə güclüyük!» çağırışı, «Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!» vədinin reallaşması oldu.

Ulu öndər Heydər Əliyevin «Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır» sözlərinə uyğun
müdafiə qüdrətimizin möhkəmləndirilməsi, ordumuzun ən müasir silah, sursat, hərbi avadanlıqlarla təminatı, siyasi, diplomatik müstəvidə qazanılan Qələbəmizin döyüş meydanındakı Zəfərimizlə tamamlandı. 30 il danışıqlar yolu ilə əldə olunmayan nəticə 44 gün davam edən İkinci Qarabağ müharibəsində şücaət göstərən hərbçilərimizin peşəkarlığı, rəşadəti, şəhidlərimizin canı-qanı bahasına qazanıldı. Faşist ideologiyasına sadiq Ermənistanın baş naziri Nikol Paşinyan da Hitler kimi təslimçilik aktını imzaladı.

İşğalçı Ermənistan üzərində Qələbəmizin rəmzi olan Zəfər paradında nümayiş etdirilən ən müasir hərbi texnika, nizami ordu göstərdi ki, müharibədə beşinci nəsil hərbi texnikanın tətbiqi ilə düşmənə ölümcül zərbə vuran Azərbaycanın qarşısında dura biləcək qüvvə yoxdur. «Bu tarixi missiyanı siz icra etmisiniz – Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Əlbəttə ki, bizim güclü ordumuz var, texniki təchizat da yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir» söyləyən Ali Baş Komandan İlham Əliyev onu da vurğulayır ki, düşmənə ağır zərbələr vuran, ölüm-dirim savaşında Qələbə qazanan Silahlı Qüvvələrimiz Azərbaycan xalqına tarixi anlar yaşatdı. Qarabağın Xocavənd rayonunun Hadrut qəsəbəsində ən müasir texnika ilə təmin olunan yeni hərbi hissənin, Komando Briqadasınınnun yaradılması, Silahlı Qüvvələrimizin adının dünyanın ən güclü orduları sırasında çəkilməsi güclü Azərbaycanın müdafiə qüdrətinin ifadəsidir.

Vətən müharibəsinin davam etdiyi 44 gündə Türkiyənin siyasi və mənəvi dəstəyi isə qardaşlıq köməyi olmaqla xalqımızın qələbə əzmini artırdı. Qardaş ölkədən dünyaya yayılan «Azərbaycan tək deyil, Türkiyə onun yanındadır»” sözləri birlik , həmrəylik rəmzi kimi hərbçilərimizin qalibiyyət ruhuna güc qatdı. Silahlı Qüvvələrimizin hərbi əməliyyatlarda göstərdikləri taktika və strategiyanın dünyanın hərb tarixinə XXI əsrin döyüş təcrübəsi kimi yazılması, əsgər və zabitlərimizin peşəkarlığının, ən çətin istehkamları keçmək məharətinin beynəlxalq hərbi ekspertlər tərəfindən qiymətləndirilməsi, dünyanın aparıcı hərbi məktəblərində öyrənilməsi Azərbaycan əsgərinin qürurunun təsdiqi, məhvə məhkum Ermənistanın «yenilməz ordu mifi»nin dağıdılması oldu. Paytaxtımızda təşkil olunmuş Hərbi Qənimətlər Parkında düşmənin nümayiş etdirilən dağıdılmış və qənimət kimi götürülmüş texnikası bir daha Azərbaycanın hərbi qüdrətini, gücümüzü, düşmənin məğlubiyyətini göstərdi.

İşğalçı üzərində Qələbəmizi şərtləndirən güclənən müdafiə qüdrətimizlə birlikdə düşmənə qan udduran poladların, mübarizlərin, xudayarların Vətənə sevgisi oldu. 2016-cı ilin Aprel döyüşlərində düşmənə zərbə vuran, 2018-ci ildə Günnüt əməliyyatı ilə Ermənistanı Yuxarı Qarabağla birləşdirən magistral yola nəzarəti ələ keçirən Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 illik işğala tarixdə görünməmiş döyüş təcrübəsi ilə son qoydu. Qəhrəmanlıq dastanı olan Şuşa əməliyyatından sonra Ermənistan diz çökdü. Bu müharibədə xalqımız kimi bütün dünya ictimaiyyəti Milli Ordumuzun gücünü, qüdrətini qibtə hissi ilə izlədi, heyrətləndi.

«Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın Müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq» söyləyən Prezident İlham Əliyev qazanılan Qələbədə xüsusi xidmətləri olan şəhidlərimizin ruhlarına da ehtiramla yanaşır.

Şəhid ailələrinə, qazilərə göstərilən diqqət çətin relyef şəraitində düşmənin istehkamlarını dağıdan Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin qəhrəmanlığına və peşəkarlığına Azərbaycan xalqı tərəfindən verilən yüksək qiymətdir.

Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsində hər iki ölkənin Silahlı Qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində səylərin artırılması, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyətlərin mübadiləsinin, birgə təlimlərin keçirilməsi, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı önəmli bəndlərin yer alması münasibətləri daha da gücləndirən amillərdəndir. Son illərdə iki ölkənin Silahlı Qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təsdiq edən tədbirlərin keçirilməsi Şuşa Bəyannaməsinin daim işlək sənəd olduğunu da təsdiqləyir. «Tərəflər milli və beynəlxalq öhdəliklərini nəzərə almaqla dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcək və qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər, sahib olduqları silah və sursatla təchiz edəcək, onların istehsal texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcək və hazırda onların ölkələrində mövcud olmayan istehsal sahələrinin yaradılmasını, birgə tədqiqat və istehsalat işlərinin həyata keçirilməsini, iki ölkənin müdafiə sənayesi qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxalq bazarlarda əməkdaşlıq etməsini dəstəkləyəcəklər» bəndindən irəli gələn vəzifələrin həyatda təsdiqi Bakıda keçirilən, bütün dünya ictimaiyyətinin maraqla izlədiyi «TEKNOFEST” Azərbaycan» festivalı oldu.

«Dünya türkün gücünü görsün, yerini bilsin”» amalı ilə səmada xaruqələr yaradan «TEKNOFEST”» belə bir həqiqətin siması oldu:
Türkiyə ilə Azərbaycan bir yerdə inamla addımladıqca bölgədə sülh və sabitlik də o qədər möhkəm olacaq. Hər iki dövlətin birgə təşəbbüsü ilə reallaşan enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi ilə bəlli olan bu qardaşlıq İkinci Qarabağ müharibəsi zamanı bir daha təsdiqləndi. Elm-inkişaf- bilik vəhdətinin nümayişi olan, texnologiya bayramı kimi tarixə yazılan «TEKNOFEST»də iştirak edən gənclər elmi yaradıcılıqlarının təqdimatı olan həmin günləri tarixi hadisə kimi hər zaman xatırlayacaq, gələcəkdə də daim bir yerdə olacaqlar.

Hər iki qardaş ölkənin Silahlı Qüvvələrinin birgə iştirakı ilə keçirilən «TUR-AZ», «Sarsılmaz dostluq», « Anadolu Qartalı-2022» adlı təlim-məşqlər hərbi sahədə əməkdaşlığı daha da intensivləşdirib. Bu günlərdə Türkiyənin İzmir bölgəsində keçirilən «Efes-2022»” çoxmillətli hərbi təlimlərdə azərbaycanlı hərbçilərin uğurlu iştirakı, yekun mərhələdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bölgə dövlətlərini əməkdaşlığa çağırması regionun təhlükəsizliyinə göstərilən diqqətdir.

«Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Xatırlayıram, Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2020-ci ildə Zəfər paradında gördük. Tarixi Zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə və Azərbaycan ordularının hərbi paradını qəbul etdik. Bu, birliyimizin təntənəsi idi. Bu, bütün dünyaya verilən aydın mesaj idi ki, biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq» sözləri ilə qardaş ölkələr arasında güclənən həmrəyliyin tarixi ənənələrə söykəndiyini bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, qardaş, dost ölkələrlə bütün sahələri əhatə edən əməkdaşlıq hərbi qüdrətimizin möhkəmlənməsinə də dəstək olacaq.

Ordu quruculuğunda digər ölkələrlə, beynəlxalq təşkilatlarla möhkəmlənən əməkdaşlıq gücümüzə güc qatır. İllərdən bəri davam edən NATO-Azərbaycan əməkdaşlığı beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına da töhfə verir. 1999-cu ildən etibarən NATO-nun «Sülh Naminə Tərəfdaşlıq”» proqramı çərçivəsində sülhməramlı əməliyyatlarda, təlimlərdə uğurla iştirak edən azərbaycanlı hərbçilərin peşəkarlıqları, nizam –intizamı, döyüşə hazırlıq qabiliyyətləri qurumun rəsmiləri tərəfindən yüksək qiymətləndirilir. Hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər. Hazırda Azərbaycan Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin nəzdində «Sülh Naminə Tərəfdaşlıq”» Mərkəzi fəaliyyət göstərir. NATO ilə fərdi tərəfdaşlıq üzrə əməliyyat planı, Planlaşdırma və Analiz Prosesi çərçivəsində nəzərdə tutulan tədbirləri reallaşdıran Azərbaycan Ordusunun hərbi texnika və silahla təchizatı beynəlxalq standartlar səviyyəsindədir. Ölkəmizin hərbi sahədə və xarici siyasətdə mühüm tərəfdaşlarından olan Pakistan İslam Respublikası ilə əməkdaşlığı yüksək səviyyədədir. İkinci Qarabağ müharibəsində qardaş Türkiyə kimi Azərbaycanın yanında olan Pakistanla imzalanan «Bakı Bəyannaməsi»ndə iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi xüsusilə vurğulanır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında imzalanmış «İkitərəfli Hərbi Əməkdaşlıq Planı» da iki ölkə arasında hərbi müttəfiqliyi təsdiqləyən mühüm sənəddir. İsrail dövləti ilə münasibətlər Azərbaycanın beynəlxalq hərbi strategiyasında mühüm yer tutur. Son illər bu ölkə ilə hərbi sahədə əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycan İsrailin müdafiə sənayesi şirkətlərindən müasir pilotsuz uçuş aparatları, radarlar, raket sistemləri və sahil mühafizə vasitələri alır. Hazırda Azərbaycan daha güclü hərbi potensiala malik olmaq üçün hərbi infrastrukturun beynəlxalq standartlara uyğun inkişaf etdirilməsini zəruri şərt kimi ortaya qoyur, dünyanın aparıcı dövlətləri və beynəlxalq hərbi təşkilatları ilə ikitərəfli, üçtərəfli və çoxtərəfli hərbi əməkdaşlığı diqqətdə saxlayır.

Daha çox xəbərlər