Cəmiyyət 

Lerikdə kəndlilərin texnika problemi

“Tarixi abidə niyə zibilliyə çevrilib” yazısını oxuyandan sonra mən də bir vacib məsələ barəsində  redaksiyaya yazmaq qərarına gəldim.

İndi Lerik kəndlisi kiçikli-böyüklü hamı sahədədir. Gün-güzəranı ən çox bağlı olan mal-qarasından ötrü qışa yem ehtiyatını görür. Nə qədər əziyyət çəksə də, istəyinə  nail ola bilmir. Belə ki, biçənəklərdə  olan otu yığıb  şəxsi təsərrüfatına aparmaqda ötrü çətinlik çəkir. Bunun birinci səbəbi də texnikanın yoxluğudur.  Ot boldur.  Rayonun dağ kəndlərində elə adam vardır hazırda  15 gündən çoxdur ki, biçənəyin otunu  çalıbdır.

Dəryazla biçilən ot sahədə zay olur. Onu vaxtında  evə daşımağa texnika çatışmır. Bir də kəndlilərlə söhbət zamanı bildirildi ki, əvvəllər   20 qəpiyə bağladığımız  bir ot kipi indi bizə 60  qəpiyə başa gəlir. Bu gedişlə yem qıtlığı üzündən kəndli  olan mal-qaranı dəyər-dəyməzə satmağa məcburdur. İşin qaynar vaxtında vəziyyətlə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinə müraciət olunsa  da, hər-hansı reaksiya verilmir.   Onu da bildirmək istəyirəm ki, texnika olmadığı üçün  kəndli torpağından səmərəli istifadə edə bilmir, bütün təsərrüfat dövründə min bir zillətlə üzləşməli olur.

Güzərani torpaqla keçən zəhmət adamı nağd pulu hesabına məqamda işini qabağa verməkdən ötrü texnika tapa bilmir…

Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (Lerik rayonu, Bradi kənd sakini)

Daha çox xəbərlər