Cəbhədən Xəbər 

Azərbaycan Ordusu dünyanın hərbi ekspertlərini heyrətləndirir

70 il sovet imperiyasının tərkibində yaşamaq məcburiyyətində qalan Azərbaycan xalqı həmişə müstəqilliyini bərpa etmək arzusu ilə yaşasa da, müvafiq tarixi şəraitin yaranması kimi obyektiv səbəbdən bu arzusuna yalnız keçən əsrin sonlarında 18 oktyabr 1991-ci il tarixində “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunmaqla nail oldu. Həmçinin Konstitusiya Aktı respublikamızı rəsmi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi. Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin dövründə 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanmışdır. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edilmiş və Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etmişdir.

Azərbaycan tarixinin mahir bilicisi, zəmanəmizin nadir şəxsiyyəti, bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş Ulu Öndər Heydər Əliyevin ədalətli mövqeyinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Müasir, Müzəffər Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi ümummili lider Heydər Əliyevin yorulmaz fəaliyyətinin, siyasi uzaqgörənliyinin və dönməz iradəsinin məntiqi nəticəsidir.

Azərbaycanın bugün iqtisadi, siyasi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələr respublikamızı bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevirmişdir. Əlbəttə, bu nəticənin əldə olunmasının əsasında ölkəyə rəhbərlik edən, Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı olan Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır. Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan misilsiz inkişaf yolu keçmiş, siyasi, iqtisadi imkanlarının genişləndirilməsi, respublikanın beynəlxalq arenadakı mövqelərinin möhkəmləndirilməsi ilə yanaşı Müzəffər Ali Baş Komandanın qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoymuşdur.

Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Qazanılan Zəfər Azərbaycan Ordusunun gücünün, qüdrətinin təsdiqi kimi tarixləşdi. Dünyanın iri dövlətləri, mənfur düşmənlərimizin havadarları gördü ki, Azərbaycan Ordusu regionun ən güclü ordusudur. Təsadüfi deyil ki, dünyanın hərbi ekspertləri Azərbaycan Ordusunun Zəfərinə heyrətləndiklərini etiraf edir, həmçinin, dünyanın bir sıra Ali Hərbi Məktəblərində Azərbaycan ordusunun istifadə etdiyi hərbi taktika dərsliklərə daxil edilir.

Azərbaycanın Müzəffər Ordusunun əldə etdiyi Zəfəri tədqiq edərkən nəzərə alınması vacib olan məqamlardan ən birincisi Azərbaycan xalqının öz Ali Baş Komandanına olan ali sevgisidir. Bu sevginin sübutu ölkə Prezidenti cənab İlham Əliyevin bir çağırışı ilə on minlərlə vətənpərvər azərbaycan oğullarının və qızlarının səfərbərlik xidmətlərinə müraciət edərək könüllü cəbhəyə getməyə hazır olduqlarını bildirmələridir. Təbii ki, Vətən müharibəsi dövründə Azərbaycan ordusunun öz Ali Baş Komandanının rəhbərliyi altında müqəddəs vəzifəsini icra edərək torpaqlarımızı düşmən işğalından azad etməsi yaranmış xalq-ordu birliyinin təzahürü idi.

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü,

YAP Sumqayıt şəhər təşkilatının sədri

Daha çox xəbərlər