Gündəm 

«Dəmir yumruq yerindədir, bunu heç kim unutmasın»

Kəlbəcərdə yeni hərbi hissənin açılışında bu sözləri ilə Ermənistanın revanşist qüvvələrinə xəbərdarlıq edən Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində uğurlu siyasəti davam edir

Hər bayram özünəməxsus yaşanan tarixi hadisələri, mahiyyəti baxımından seçilir. Varlığımızın, müstəqilliyimizin qarantı, sərhədlərimizin qoruyucusu, ölkədə sabitliyin təminatçısı kimi şərəfli, müqəddəs peşə sahiblərinin bayramı olan Silahlı Qüvvələr Günü hər il respublikamızda təntənə ilə qeyd olunur. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun həqiqi mənada dünyada sayılıb-seçilən ordulardan olduğunu rəşadəti, hərbi hazırlığı, döyüş təcrübəsi ilə təsdiqləyən Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, ən müasir hərbi avadanlıq və texnika ilə təmin olunmuş Silahlı Qüvvələrimizin əsgər və zabitləri XXI əsrin müharibə tarixini yazdılar. Vətən müharibəsində qazanılan Zəfərdən sonra ənənəyə uyğun keçirilən Silahlı Qüvvələr Günü daha izdihamla, xalq-ordu birliyinin təntənəsi kimi qeyd olunur. İyun ayının 26-da paytaxtımızın müxtəlif güşələrində təşkil olunmuş bayram şənlikləri Zəfərimizin daha bir təntənəsi idi.

Builki Silahlı Qüvvələr Günü əlamətdar hadisə ilə də yaddaşlarda qaldı. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev həmin gün Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etdi.

Ötən il dekabrın 24-də Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri zamanı yeni hərbi hissənin açılışında iştirak edən Ali Baş Komandan İlham Əliyev vurğulamışdı ki, ordu quruculuğu istiqamətində yeni hərbi hissələrin yaradılmasına xüsusi diqqət yetiriləcək.
Zəfərimizin qazanılmasında Hadrut əməliyyatının xüsusi önəm daşıdığını qeyd edən Ali Baş Komandan vurğulamışdı ki, müasir dünya müharibələri tarixində mükəmməlliyi və təcrübəsi baxımından nümunə göstərilən İkinci Qarabağ savaşı Azərbaycan Ordusunun, Azərbaycan xalqının əyilməz iradəsini göstərdi.

Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, Hadrut əməliyyatından sonra Füzulinin, Zəngilanın, Qubadlının, Laçın rayonunun cənub hissəsinin işğaldan azad edilməsi ilə Şuşaya yol açıldı: «Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Halbuki, Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər. Biz məhz Hadrut meşələrindən keçərək, yüksək dağları aşaraq Şuşaya yaxınlaşmışdıq və Şuşa uğrunda gedən döyüşlər artıq heç kimə sirr deyil»

İlk dəfə Hadrutda həyata vəsiqə alan, ordu quruculuğunda yenilik olan Komando Briqadalarının sonrakı illərdə də yaradılacağını bildirən Ali Baş Komandan İlham Əliyevin bu vədi də djə reallaşdı. Bu günlərdə Kəlbəcərə səfəri zamanı yeni komando qüvvələrinin hərbi hissəsinin açılması onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra da ordu quruculuğu prosesi sürətlə davam edir, komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər, qarşıda duran bütün vəzifələri yerinə yetirmək, sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.

Torpaqlarımızın Ermənistanın işğalı altında qaldığı dövrə hərbi hissələrdə olarkən əsgər və zabitlərlə görüşlərində, 2016-cı ildə işğaldan azad edilən Lələtəpə zirvəsində, hərbi paradlarda torpaqlarımızın azad ediləcəyinə inam yaradan Prezident, Ali Baş Komandan İlham Əliyev vurğulayırdı ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasa, biz hərbi yolla Qarabağ məsələsini həll edəcəyik. Belə də oldu. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi. Azərbaycan xalqı haqq-ədaləti öz gücü ilə bərpa edərək Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Güclənən maliyyə imkanları hesabına Silahlı Qüvvələrimizin ən müasir hərbi texnika, avadanlıqlarla təmin edilməsi iqtisadi müstəqilliyimizin, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrimizin hazırlığına göstərdiyi diqqətin, xalq –ordu birliyinin, gənclərimizdə daim yüksək olan vətənpərvərlik ruhunun nəticəsidir.

«Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır və Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Əziz şəhidlərimizin xatirəsi daim bizim qəlbimizdə yaşayacaq. Ona görə vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və əlbəttə ki, Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi – bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi» söyləyən Prezident İlham Əliyev şanlı müharibəmizin dünyanın müxtəlif ölkələrinin ali məktəblərinin hərbi dərsliklərində yer aldığını Azərbaycan xalqının qürur mənbəyi kimi dəyərləndirir.

44 gün davam edən Vətən müharibəsində 30 illik işğala son qoyan Silahlı Qüvvələrimiz əcdadlarımızın ruhu və gələcək nəsillər qarşısında tarixi missiyanı yerinə yetirdi. Ermənistan ordusu 44 gündə darmadağın edildi. Müharibədən ötən müddətdə ordumuz daha da gücləndirilir, müasir silahlarla təchizat sürətləndirilir. Hadrutda Birinci Komando Briqadasınını yaradılmasından qısa müddət sonra Kəlbəcərdə eyni təyinatlı hərbi hissənin açılması, Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz olunması üçün əlavə müqavilələrin imzalanması, yeni texnikaların alınması Azərbaycanın iqtisadi və hərbi gücünü, qüdrətimizi artırır. Ermənistanla sərhəddə açılan hərbi hissələr hesabına mövqelərimiz möhkəmlənir. «Azərbaycan torpaqlarını heç vaxt azad edə bilməz» iddiası ilə işğal etdikləri torpaqlarda əbədi yaşayacaqlarını zənn edən ermənilər başqalarının «bəxş etdikləri» sınıq-salxaq hərbi texnikaları haqqında «yenilməzlik mifi» formalaşdırmağa çalaşsalar da onların bu xəyalları da puç oldu. Silahlı Qüvvələrimiz onların bu xəyallarını da məhvə məhkum etdi. Bütün dünya gördü ki, güclü iradə, xalq-iqtidar birliyi , vətənpərvərlik olan yerdə revanşist qüvvələrin sərsəmləmələri sabun köpüyündən başqa bir şey deyildir. Artıq tarixin arxivinə göndərilən Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi 30 ildə sülh danışıqlarına sadiq qalan Azərbaycan heç vaxt müharibə tərəfdarı olmamışdır. Xalqımızın yeganə məqsədi, istəyi torpaqlarımızın qeyd –şərtsiz öz sahiblərinə qaytarılması, qaçqınların və məcburi köçkünlərin doğma yerlərinə dönməsi idi. 44 gün davam edən Vətən müharibəsini Qələbə ilə başa çatdıran, bölgədə yeni reallıqlar yaradan Azərbaycan istəyinə nail oldu, haqqı-ədaləti öz gücünə bərpa etdi. Hazırda erməniləri dəstəkləyən qüvvələr belə artıq postmüharibə dövrünün reallıqlarını qəbul edir, Azərbaycanla razılaşırlar.

Ordu quruculuğunda islahatların davam etdirilməsində məqsəd dünyaya Azərbaycanın qüdrətli dövlət kimi, güclü orduya malik olmasını çatdırmaqdır. Açılışında iştirak etdiyi yeni hərbi hissədəki çıxışında ordu quruculuğu ilə bağlı tədbirlərin planlı şəkildə davam etdirildiyni, Laçında və azad edilmiş digər rayonlarda eyni təyinatlı hərbi hissələrin yaradılacağını bildirən Prezident İlham Əliyev talançılıqla, soyğunçuluqla məşğul olan, ordu quruculuğuna fikir verməyən, 1993-cü ilin aprel ayında Kəlbəcərin işğal altına düşməsinə səbəb olan AXC-Müsavat cütlüyünün xəyanətlərini də xatırlatdı. O zaman Kəlbəcəri öz maraqları naminə qurban verməklə Laçının və Şuşanın işğalına imkan yaradan AXC-Müsavat hakimiyyəti Ermənistanla separatçıların «Dağlıq Qarabağ respublikası» adlı saxta rejimlə əlaqə yaratmalarını təmin etdi. Strateji əhəmiyyətə malik Kəlbəcərin itirilməsi böyük faciələrə səbəb oldu. Bu rayonun dinc sakinləri ermənilər tərəfindən öldürüldü, bir çoxu Murov dağlarının şaxtasında həyatlarını itirdi. Faşizm ideyalarına sadiqliklərini törətdikləri hərbi cinayətləri ilə təsdiqləyən Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serjik Sarkisyan bu qətllərin iştirakçıları olduqlarını etirf etməkdən belə çəkinmirlər.

Prezident, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti və qətiyyəti sayəsində Kəlbəcər bir güllə atılmadan azad edildi. İşğaldan azad edilən digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də bərpa –quruculuq işləri davam etdirilir. İnfrastruktur, elektrik, su təchizatı yenilənir. «Bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq – Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə – Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Ona görə bugünkü mərasim xüsusi məna daşıyır, rəmzi məna daşıyır» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bütün dünyaya sübut olundu ki, Qarabağ müharibədə qazandığı Zəfəri, işğaldan azad edilmiş bərpa-quruculuq işləri ilə böyük xalq olduğunu sübut edən Azərbaycana məxsusdur.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin «Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: «Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”» sözləri qarşıdakı illərdə bir çox hərbi hissələrin açılış mərasimlərində səslənəcək.

Daha çox xəbərlər