İşğaldan azad edilmiş ərazilərimiz şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevrilir
Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasındakı videoformatda nitqində bu məqamı da xüsusi diqqətə çatdırdı ki, Azərbaycan qurumun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır
«Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.» Dövlət başçısı İlham Əliyev iyunun 27-də Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun «Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək» mövzusunda 11-ci sessiyasında videoformatdakı çıxışı zamanı həm paytaxt Bakımızın, həm də hazırda bərpa-quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş ərazilərimizin timsalında müasirliklə qədimliyin sintezinin yaradılmasını əsaslı şəkildə diqqətə çatdırdı.
Paytaxt Bakımız hər zaman gözəlliyi, müasirliklə qədimliyin vəhdətini yaratması ilə göz oxşayıb. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən, daha dəqiq desək, 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə sabitliyin bərpası ilə iqtisadi durumun yaxşılaşdırılması istiqamətində atılan addımlar ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasına, Azərbaycanın böyük investisiyalar məkanına çevrilməsinə səbəb oldu. Yaradılan möhkəm təməl 2003-cü ildən bu günədək islahatlar prosesinin dərinləşməsinə geniş imkanlar yaratdı. Dövlət başçısı İlham Əliyevin yeniliyə, təkmilləşməyə marağı atılan hər addımda öz təsdiqini tapdı. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşdı. Bu islahatlar ölkənin siyasi, iqtisadi qüdrətinin yüksəlməsini təmin etdiyi kimi, paytaxtımızın, şəhər və kəndlərimizin simasının dəyişilməsinə də töhfəsini verir. Dünyanın aparıcı dövlətlərinin, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında paytaxt Bakımız füsunkar gözəlliyi ilə liderliyini qoruyur. Belə ki, dünyanın “Ən yaşamalı şəhərlərinin” reytinq cədvəl və hesabatında yer alan ölkələr arasında Bakının adının çəkilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişafın, islahatların məntiqi nəticəsidir. Cənab İlham Əliyevin «Mən demişəm, bir daha demək istəyirəm ki, vaxt gələcək deyəcəyik ki, Bakı dünyanın ən gözəl şəhəridir»” sözləri günümüzün reallıqlarında öz əksini tapıb. Hesabatlarda bu fikirlər də xüsusi qeyd edilir ki, Azərbaycan təkcə enerji resurslarının zənginliyi ilə deyil, tarixi, milli-mənəvi dəyərlərə bağlılığı, həm də beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi ilə dünyanın diqqətindədir. Dünyada tanınan elm, mədəniyyət elitasının iştirak etdiyi forumlarda, dialoqlarda iştirak edən qonaqlar qitələri birləşdirən Azərbaycanı müxtəlif mədəniyyətlərin, dinlərin dialoq mərkəzi kimi dəyərləndirirlər. Ölkəmizə beynəlxalq baxış belədir: Avropadan Azərbaycana baxdıqda bəzi hallarda Asiya ölkəsi, Asiya tərəfindən baxdıqda isə Avropa ölkəsi kimi təqdim edilir. «Neft kapitalının insan amilinə çevrilməsi» çağırışına uyğun inkişafda olan Azərbaycan daim yeniləşən, müasirləşən ölkədir. Təbii ki, bu inkişaf paytaxt Bakı ilə yanaşı, bölgələri də əhatə edir. «Bakının özünəməxsus, spesifik aurası, tarixi, tarixi siması vardır» söyləyən Prezident İlham Əliyevin təsdiqlədiyi «Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın icrası nəticəsində paytaxt Bakımız müasirliklə qədimliyi tamamlayır.
«Şərqin Parisi» adlandırılan Bakının yeni rəmzləri olan, adı dünya memarlıq inciləri ilə bir sırada çəkilən Heydər Əliyev Mərkəzi, «Alov qüllələri», «Ağ şəhər», «Bakı Kristal Sarayı» və başqaları Azərbaycanın inkişaf dinamikasını göstərən abidələrdir. İlk Avropa Oyunlarına hazırlıq mərhələsində Böyük Olimpiya Stadionu, Heydər Əliyev adına İdman Sarayı, Bakı Su İdman Sarayı kimi obyektlərin açılması paytaxtımıza əlavə gözəllik bəxş edir.
«Bakı və Bakıətrafı qəsəbələrin inkişafına dair Dövlət proqram»larının uğurlu icrası nəticəsində modernləşən, qədimliyi ilə müasirliyin vəhdətini yaradan Bakı turizmin inkişafı baxımından da diqqətçəkəndir. Sadalanan uğurlar bu reallığı təsdiqləyir ki, cənab İlham Əliyevin daxili və xarici siyasətinin başlıca məqsədi Azərbaycanı müasirləşdirmək, dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada addımlamasına nail olmaqdır.
Son 18 ildən artıq dövrdə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə paytaxtımızda həyata keçirilən abadlıq-quruculuq işləri şəhər sakinlərinin, qonaqların, turistlərin istirahəti üçün salınan parklar, qədim memarlıq abidələrinin bərpası və təmiri Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında «Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, biz onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq. Qeyd etmək lazımdır ki, Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir» fikirləri ilə paytaxt Bakının keçdiyi inkişaf yolunun aydın mənzərəsini təqdim etmişdir.
Bu gün paytaxt Bakı ilə yanaşı, hazırkı dövrdə əsas prioritet məsələ olan işğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulmasından da bəhs edirik. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra qarşıda dayanan əsas vəzifələrdən biri 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışlarının təmin edilməsidir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»”də qarşıdakı dövr üçün prioritetlər və onların icra mexanizmləri öz əksini tapıb. Böyük Qayıdışın qısa zamanda reallığa çevrilməsi, işğaldan azad edilmiş ərazilərdə müasir və abad yaşayış mühitinin formalaşdırılması üçün atılan addımlar sistemli xarakter daşıyır. Yeni yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi bu ərazilərdə iqtisadi fəaliyyətin bərpası ölkəmizin dayanıqlı inkişafına dəstək olacaq. Dövlət başçısı İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında «Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu «Qafqazın Xirosiması»” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib» kimi reallıqları diqqətə çatdıraraq yaşananların fonunda Azərbaycan xalqının heç zaman ruhdan düşmədiyini. daim quruculuqla məşğul olduğunu diqqətə çatdırıb. Bu gün də dünya xalqımızın necə qurucu, yenilikçi xalq olduğunun şahididir. Bütün işğaldan azad edilmiş şəhər və kəndəlrimiz Baş plan əsasında, «ağıllı şəhər» və «ağıllı kənd» layihələri əsasında bərpa edilir. Ölkə Prezidentinin qeyd etdiyi kimi, Azərbaycan tərəfindən belə iri miqyasda aparılan yenidənqurma işləri azad edilmiş ərazilərimizi şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevirir. Azərbaycan bu sahədə nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşəcək. Dövlət başçısı sessiyada bu istəyimizi də ifadə etdi ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır: «Əminəm ki, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malik ölkə olan Azərbaycanda Ümumdünya Şəhər Forumunun keçirilməsi uğurlu olacaqdır.»
Qısa təhlil əsasında bu ümumiləşdirməni apara bilərik ki, Azərbaycan hər sahədə təkmil təcrübəsi ilə dünyaya nümunədir. Hazırda böyük fəxr və inamla qeyd etdiyimiz reallıqlardan biri budur ki, nəinki paytaxt Bakımız, həmçinin bütün bölgələrimiz. O cümlədən 28 ildən sonra azadlığına qovuşmuş torpaqlarımız dünyanın diqqətindədir. Azad Qarabağımız, azad Şuşamız beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunursa, bu, ölkəmizin iqtisadi qüdrətinin, həmçinin sabitləşdirici faktor kimi mövqeyini möhkəmləndirməsinin nəticəsidir. Qarabağın tacı Şuşa diplomatik mərkəz olmaqla yanaşı, iqtisadi mahiyyət daşıyan tədbirlərin keçirilməsi üçün də əlverişli məkan kimi dəyərləndirilir. Bakı Enerji Həftəsinin yekun xüsusi Sessiyasının Şuşada keçirilməsi deyilənlərin təsdiqidir. Dövət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir.

