İşğaldan azad edilmiş ərazilərdə görülən işlər keyfiyyətin və sürətin vəhdətidir
44 günlük Vətən müharibəsi nəticəsində qazandığımız Zəfər torpaqlarımızın işğaldan azad edilməsinə səbəb oldu. 30 ilə yaxın erməni vandalizminin qurbanına çevrilmiş doğma yurd-yuvamız öz həqiqi sahiblərinə qucaq açdı. Azad edilmiş torpaqlarımıza ilk ayaq basan hər kəs bir daha erməni xislətinin eybəcərliyinin, vəhşiliyin, barbarlığın son həddinin şahidi oldu. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib. Xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahid olmuş və dağıntıların tam miqyasını sənədləşdirmişlər.
Bütün bu vəhşiliklərə məruz qalmağımıza baxmayaraq dövlətimiz hər zaman sülh və əməkdaşlığın tərəfdarıdır. Biz bilirik ki, sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər. Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib.
Təəssüf ki, rəsmi İrəvanın hərbi cinayətləri sülh dövründə də davam edir. Yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır. Kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb.
İndi dövlətimizin qarşısında işğaldan azad edilmiş ərazilərin bərpası, tikilib-qurulması kimi böyük işlər durur. Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum edilib. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir.
Sevindirici haldır ki, işğaldan azad edilmiş digər ərazilər kimi bizim rayonumuzun ərazisində də bərpa quruculuq işəri sürətlə davam edir. Füzuli Beynəlxalq Hava Limanını artıq istifadəyə verilib. Bu irimiqyaslı layihə Füzuli şəhərində səkkiz aydan az müddətdə inşa edilib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. O cümlədən Füzuli şəhərinin baş planı təsdiqlənib, rayonun ziyalıları və ictimaiyyət nümayəndələri bu planla tanış olublar. Füzuli- Şuşa, Füzuli- Hadrud, Füzuli-Zəngilan avtomobil yollarının və Horadiz-Ağbənd dəmir yolunun çəkilişi uğurla icra olunur. Zəfər yolu artıq öz sərnişinlərinin istifadəsindədir. Rayonumuza turların təşkili hər birimizin illərlə gözlədiyimiz zamanın yetişdiyini göstərir və bizi çox sevindirir. Füzuli yarımstansiyası rayonumuzun, eləcə də işğaldan azad edilmiş digər ərazilərin enerji təminatında mühüm əhəmiyyətə malikdir. Rayonumuzun ərazisində Prezident İlham Əliyev tərəfindən mühüm obyektlərin təməlqoymaları həyata keçirilib. Xüsusi strateji əhəmiyyətə malik Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq.
İşğaldan azad edilmiş ərazilərdə görülən işlər dövlətimizin iqtisadi gücünün göstəricisi olmaqla yanaşı keyfiyyət və sürətin vəhdətinin ən real nəticələridir. Məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına aparılır. Əminik ki, görülən sürətli və keyfiyyətli işlərin nəticəsi olaraq tezliklə işğaldan azad edilmiş ərazilərdə gülüstanlar qurulacaq.

Tamilla Məmmədova,
İcbari Tibbi Sığorta Dövlət Ağentliyinin Müharibə iştirakçıları və qazilərlə iş mərkəzinin Füzuli rayon üzrə mütəxəssisi

