Azad Kəlbəcərimiz – Qürur Mənbəyimiz
Güclü ordu bir dövlətin möhkəmliyi üçün vacib amillərdəndir. Bu il iyun ayının 26-da Azərbaycan silahlı qüvvələrinin yaranmasının 104 illiyi tamam oldu. Silahlı Qüvvələr Günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kəlbəcər rayonuna səfər etmişdir. Ulu Öndər Heydər Əliyevin başlatdığı ordu quruculuğu ilə bağlı siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
1993-cü ilin 2 aprelində Kəlbəcər siyasi səriştəsizliyin və formalaşmamış ordu səbəbindən ermənilər tərəfindən işğala məruz qalmışdı. İtirilmiş torpaqlarımızın siyasi yollarla geri qaytarılmasına uzun illər cəhd göstərilməsinə baxmayaraq, Qarabağ problemi və nəticəsi bir daha sübut etdi ki, güc amili bəzən mühüm faktor kimi aparıcı rol oynayır. Azərbaycan Ordusu siyasi arenanın 28 il ərzində həll edə bilmədiyi bu düyünü 44 gün ərzində döyüş yolu ilə son qoydu. Ordumuzun peşəkar döyüş taktikası və müasir silahlarla təchiz olunması erməniləri diz çökdürdü. Xarici mətbuatdan da aydın olur ki, Azərbaycan Ordusunun döyüş taktikası dünya hərbi ekspertləri tərəfindən araşdırılır.
Müzəffər Ordumuzun əzmi və peşəkarlığı sayəsində alınmaz qala sayılan Şuşa şəhəri düşmən tapdağından təmizlədi. Cənab Prezidentin Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında (3 dekabr 2020-ci il) Sərəncamına əsasən 8 noyabr – Şuşa şəhərinin işğaldan azad edildiyi tarix Zəfər Günü kimi qeyd edilir.
Ermənilər anladılar ki, artıq onların qarşısında siyasi səbatsızlığın nəticəsi olan 90-cı illərin formalaşmamış ordusu yoxdur. İndi müasir tələblərə cavab verən güclü Azərbaycan Ordusu vardır. Bir-birinin ardınca itkiləri, ordudakı fərarilik erməniləri məğlubiyyətlərini etiraf etməyə, kapitulyasiya aktına imza atmağa məcbur etdi. Kəlbəcər döyüş əməliyyatı aparılmadan düşməndən təmizlənərək bizlərə qaytarıldı.
Ali Baş Komandan cənab İlham Əliyevin siyasi strategiyalarından biri də hərbi sahədir. Müharibənin qələbə ilə bitməsinə baxmayaraq, ordu quruculuğu ilə bağlı işlər davam etdirilir. Prezidentin silahlı qüvvələrin yaranması günü ilə əlaqədar iyunun 26-da Kəlbəcərə səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verməsi bunu bir daha sübut edir. Komando hərbi hissəsi Hadrutda 24 dekabr 2021-ci ildə istifadəyə verilmişdi. Altı ay sonra isə Kəlbəcərdə hərbi hissənin açılışı olmuşdur. Bu hərbi qüvvənin imkanlarının genişlənməsi onu sübut edir ki, Azərbaycanda aparılan siyasətdə dövləti sərhədlərini möhkəmlətmək sahəsinə xüsusi diqqət yetirilir.
44 günlük müharibə bir daha sübut etdi ki, Azərbaycan gəncliyi Vətənə məhəbbəti və xalqı, milləti yolunda fədakarlığı çoxlarına örnəkdir. Heç bir maneə, çətinlik döyüş zamanı onları mübarizədən çəkindirməmişdir. Düzgün siyasət, xalqın birliyi, peşəkar ordunun birliyi, əzmi bu qələbəni bizə yaşatdı.
Bahar Məmmədova,
Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatının sədri

