Gündəm 

Kəlbəcərə tarixi səfər

26 iyun tarixində Silahlı Qüvvələr Gününə həsr olunmuş hərbi bayramı bu il Kəlbəcərdə keçirmək əlavə zövq verir, bütün azərbaycanlıların qəlbini daha da böyük qürurla doldurur. İşğal dövründə vasitəçilər tərəfindən təklif olunan bütün bu variantlarda Kəlbəcərin Azərbaycana qaytarılması məsələsi ayrıca mövzu kimi gündəlikdə idi. Beş rayonla kifayətlənmək olmazdı. Kəlbəcər, Laçın, Şuşa, digər rayonlar, bütün torpaqlar geri alınmalıydı, çünki bunlar Azərbaycanın tarixi torpaqları, dədə-babalarımızın diyarı idi və buna nail olundu.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında – 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, qətiyyətli addımları, yüksək diplomatik bacarığı və ordumuzun vətənpərvər, qəhrəman əsgər və zabitlərinin gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

Müharibədən cəmi bir il yarım keçibdir. Amma nə indiki, nə də ki, sonrakı nəsillər bu müharibəni unutmamalıdır. Bilməlidirlər ki, Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var, Azərbaycan əsgəri, zabiti dövlətimizi qorumaq üçün canını fəda etməyə hazırdır, necə ki, İkinci Qarabağ müharibəsində canlarını fəda etdilər.

Hər bir zəfər üçün iqtisadi müstəqillik əsas amillərdən və uğurlardan biri hesab olunur. Artıq Azərbaycan quruculuq mərhələsinə qədəm qoyub. Əminik ki, işğaldan azad olunmuş torpaqlarımızın bərpa və yenidən qurulması fonunda iqtisadiyyatın diversifikasiyası ilə bağlı islahatlar daha da dərinləşəcək. Zəfərimiz qtisadiyyatın daha da inkişafı üçün yeni imkanlar yaradacaq

Milli birliyin yaradılmasında milli vətənpərvərlik tərbiyəsinin təsir və imkanları çoxdur. Gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində Bakıda və digər şəhərlərdə ucaldılmış abidələrin, xalqımızın azadlığı uğrunda canından keçən igidlərin uyuduğu şəhidlər xiyabanlarının və digər tarixi abidələrin rolu böyükdür. Rayonlarda yaradılmış diyarşünaslıq muzeylərdə vətənimizin azadlığı uğrunda şəhid olan igidlərin həyat yolunu əks etdirən sənədlər nümayiş olunur. Bütün bunlar da muzeyə gələn gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında önəmli rol oynayır.

Milli dəyərlərimiz, ilk növbədə, ana dilimizə hörmət və sədaqət ruhunda tərbiyənin mühüm tərkib hissəsidir. Xalqımızın milli birliyi də müstəqilliyimiz dövründə yarandı. Öz azadlığına qovuşmağa can atan xalqımızın milli mənlik şüuru, vətənpərvərlik hissləri məhz həmin dövrlərdə inkişaf etməyə başladı.

Çox çətin relyefi olan ərazini, Şuşa kimi alınmaz qalanı cəmi 44 gün ərzində azad etmək ancaq Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olmuşdur. Biz bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq;

İqtisadi güc, güclü ordu, milli həmrəylik və birlik, beynəlxalq səviyyədə uğurlar və bütün bunları təmin və təşkil edən, bütün resursları vahid amal uğrunda səfərbər etməyi bacaran İlham Əliyev kimi liderin olması 44 günlük Vətən müharibəsində şanlı Qələbəni şərtləndirən əsas amillər idi. Bu Zəfər Silahlı Qüvvələrimizin yarandığı son 103 ildə əldə edilmiş ən parlaq Qələbədir

Şanlı ordumuz müharibənin sonunda Ermənistan ordusunu artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirən, başıpozuq dəstələrə çevirdi. Ermənistan ordusunun qalıqları bu gün Bakının mərkəzində, Hərbi Qənimətlər Parkında nümayiş etdirilir

Birinci komando hərbi hissəsi 24 dekabr 2021-ci ildə azad edilmiş Hadrutda, ikincisi isə Kəlbəcərdə açılıb. Növbəti komando hərbi hissələrinin açılması nəzərdə tutulur və bu silahlı birləşmələrdə minlərlə azərbaycanlı xidmət edəcək. Bu, gücümüzü daha da artıracaq.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun texniki təminatı olduqca yüksək səviyyədədir. Ordu quruculuğu üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır, heç bir məhdudiyyət tətbiq olunmur. Bu gün Azərbaycan xalqı Silahlı Qüvvələrinə, Ali Baş Komandanına inanır və güvənir.

Azərbaycan tarixi missiyasını uğurla icra edərək dünyanın ən qəddar faşizmi olan erməni faşizmini məhv edib. Əgər bu dövlət və havadarları yenidən erməni faşizminin baş qaldırmasına cəhd etsələr, dərhal məhv ediləcəklər. Ümumiyyətlə, Ermənistanın bir daha təhdidə çevrilməməsi üçün hərbi və siyasi resurslarını bərpa etməsinə qətiyyən imkan verilməyəcək.

“Biz müharibə istəmirik, heç vaxt istəməmişik. Amma biz istəyirik ki, bizim maraqlarımız təmin olunsun. Biz istəyirik ki, müharibə nəticəsində yaradılmış reallıqlar hamı tərəfindən qəbul edilsin”. (İ.Əliyev)

Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, istehsal olunacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək.

Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı lazımi addımlar atılır. Orada 10-dan çox tunel inşa edilir.  Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11,6 kilometrlik tunel çəkilir. Bundan başqa, indi Kəlbəcərdəki Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur. Qarabağ bölgəsində indi 10-dan çox tunel, 9 viaduk, onlarla körpü inşa edilir;

Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq start verilmişdir. İşğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməli qoyulub. Beləliklə Göygöl və Kəlbəcər rayonlarını layihə uzunluğu 81 kilometr olan yeni yol birləşdirəcək. Daha sonra “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanışlıq  olub, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı edilib. Səfər çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli qoyulub.

Kəlbəcərin turizm sahəsinin inkişafi üçün gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral sulari dövlət iqtisadiyyatı üçün böyük əhəmiyyət daşiyir. Kəlbəcərdə istisu sanatoriyalarının yenidən bərpası və fəaliyyət göstərməsi bura olan turist marağının sayını artıracaq.

Ümumilikdə azad edilmiş torpaqlarda üç beynəlxalq hava limanı tikiləcək. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilir.Artıq Füzulidə və Zəngilanda bu işlərə start verildi. Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonuna, ya da gələn ilin əvvəlinə, Laçında 2024-cü ildə istismara tam hazır olacaq.

Bu gün azad olunmuş ərzilərimizdə aparılan tikinti-quruculuq işlərinin geniş vüsət alması, “çətin relyefi olan Laçın və Kəlbəcər rayonlarına yolların çəkilməsi, 10 yerdə tunel tikintisi, bir neçə elektrik stansiyasının qurulması kimi mühüm işlərin görülməsi çoxlarında heyrət doğurur. Amma bu reallıqdır. Azərbaycan xalqının onun rəhbərinin iradəsi və qətiyyəti sayəsində reallaşan infrastruktur layihələri çoxlarını heyrətləndirir və heyrətləndirəcəkdir. Cəmi bir il yarım ərzində görülən işlər göstərir ki, bu torpaqların əsil sahibləri qayıdıb və yeni həyat quruculuğu başlayıb. Xalqla iqtidarın birliyi, Vətən sevgisi, qurub yaratmaq, abadlaşdırmaq istəyi bu xalqın ruhundadır və bunu biz əməlimizlə dünyaya göstərə bilirik. Bu birliyin və əzmin qarşısında duracaq qüvvə isə ola bilməz.Çünki indi tarixi yazan və tarix yaradan müzəffər xalq, qalib dövlət və güclü sərkərdədir.

Rauf Ağayev, 
“Neft Kəmərləri” İdarəsi  Sağlamlıq,əməyin təhlükəsizliyi, ətraf mühitin  mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi,
YAP-ın fəal üzvü

Daha çox xəbərlər