Uşaqlara verilən ilk dəyərli hədiyyə onlara qoyulan addır…
Ailələrdə ən çox mübahisə yaradan mövzulardan biri də uşaqlara ad qoymaq məsələsidir. Çünki bu, heç də asan məsələ deyil. Bir tərəfdən ata-ananın istəyi, digər tərəfdən də yaxın qohumların, xüsusilə də nənə, babanın və dostların adqoymada iştirak etmək arzusu bəzən yanlış nəticələrə gətirib çıxarır. Buna görə də adqoyma məsələsi dövrün ictimai-siyasi həyatında əhəmiyyət kəsb edən və cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biridir. Kimisi yaşlı nənə-babanın adını uşaqlarında yaşatmaq istəyir, kimisi baxdığı serial qəhrəmanının adını verir, kimisi də hansısa məşhurun və s. Lakin seçilən adın uşaq psixologiyasına təsiri məsələsi də var. Çünki adların insan həyatında xüsusi rolu var. Bəs bu təsir nə dərəcədədir? Bunları nəzərə alaraq ad seçimini necə aparmalıyıq?
Hazırda ərəb mənşəli adların üstünlük təşkil etməsi Azərbaycanda dərin kök salmış İslam dininin təsiri ilə əlaqədardırsa, rus mənşəli adların qoyulması uzun müddət Sovet imperiyasının tərkibində olmağımızla, Avropa mənşəli adların qoyulması isə Avropaya yaxınlaşma istəyi ilə bağlıdır.
Mütəxəssislər bildirirlər ki, körpələrə qoyulan adlar mənasına uyğun olaraq uşaqların xarakterinin formalaşmasına, psixologiyasına böyük təsir edir. Psixoloqlar hesab edirlər ki, valideynlər körpəyə ad qoyanda hansısa bir ideologiyaya və ya hisslərə qapılmamalıdırlar. Körpələrə ad seçərkən həm onun səslənməsinə, həm də mənasına diqqət yetirmək lazımdır. Uşaqlara elə adlar verilməlidir ki, böyüyəndə utanmasın. Elə bu utancaqlığın nəticəsidir ki, vaxtilə valideynlərin səhvən qəribə adlar verdiyi şəxslər sonradan öz adlarını dəyişdirməyə çalışırlar. Öz adından narazı olan insanlar sıxıntı və narahatlıq hiss edirlər. Bu sıxıntı onlarda ciddi psixoloji gərginlik yaradır.
Bizə qoyulan adı bəlkə də, gündə 100 dəfədən çox eşidirik. Evdə, yolda, işdə, getdiyimiz tədbirlərdə və.s. Ona görə də bu məsələyə ötəri yanaşmaq olmaz.
Mütəxəssislər bildirirlər ki, valideynlər öz ata-analarının adını yaşatmaq üçün övladlarına köhnə adları verməkdən çəkinməlidirlər. Ad qoymaq ümumiyyətlə, valideynlərin borcudur. Valideynlər bəzən öz ata-analarının adını yaşatmaq üçün uşaqlarına bir qədər köhnə adları qoyurlar. Fikir versək görərik ki, çox vaxt da həmin adla çağırmırlar, əvəzində isə qısaltmasını və ya qeyri-adi formasından istifadə edirlər. Bu adla çağırmayacaqlarsa, niyə qoyurlar? Nənə-babanın adı öz dövrləri üçün aktual olub, bu gün o, uşağa yaraşmaya bilər.
Psixoloqlar Ceyran, Cüyür, Maral, Aslan və s. heyvan adlarının da uşaqlara verilməsinin doğru yanaşma olmadığını da söyləyirlər. Onların fikrincə valideynlərin bu adları uşaqlarına verməklərindəki məqsədi, həmin heyvanlara xas olan yüksək keyfiyyətlər uşaqlarında da olmasını istəmələridir. Lakin unutmaq olmaz ki, heç bir heyvanın şüuru, insanın milli-mənəvi dəyərlərindən, şəxsiyyətindən və xarakterindən üstün ola bilməz.
Psixoloqlar uşaqlara əşya adları verilməsinin də tərəfdarı deyil. Belə ki, bu adların çoxu türk dilindən seçilir. Hansı ki, bunların çoxu cansızdır. Məsələn, Yağmur, Su, Damla və s. Hər birimiz öz adımızın mənasını araşdırdığımız kimi, həmin o uşaq da böyüdükdə, öz adının mənasını araşdırmağa başlayacaq və adındakı dərinliyi, keçmişi, tarixi bağlantını, milli mənəvi dəyərlərin olmadığını anlayanda, məyus olacaq.
Bir qisim adlar da var ki, onlar uşaqların üzərinə müəyyən məsuliyyət yükləyir. Psixoloqların sözlərinə görə, belə adlardan da istifadə etmək düzgün deyil. Ən çox oğlan uşaqlarında belə adları görürük. Uğur, Qəhrəman, Hünər, Afərin və s. kimi adları qoyurlar, bununla övladlarının üzərinə adlarının məsuliyyətini yükləyirlər və uşaq böyüdükcə daim mükəmməl olmağa çalışır.
Ən acınacaqlı vəziyyət isə seriallardakı baş qəhrəmanların adlarının uşaqlara verilməsidir. Valideyn o qəhrəmanı sevə bilər, ancaq uşaq böyüyəndə həmin adın heç bir mənası qalmayacaq.
Psixoloqların məsləhəti odur ki, adın anlamının olmasına fikir verilsə, yaxşı olar ki, gələcəkdə övladı nə adına görə məyus olsun, nə də utansın. Sadəcə öz istəklərimizi yox, uşaqlarımızın gələcəyini, psixologiyasını da düşünək və onlar üçün ən gözəl adı seçək.

