Gündəm 

Bu strateji sahə daim diqqətdə saxlanılır

Azərbaycan hökuməti dünyanı təhdid edən ərzaq təhlükəsizliyi və qida çatışmazlığına qarşı ardıcıl proqramlar həyata keçirir

Dünyanı narahat edən qlobal iqlim dəyişikliyi, eləcə də COVID-19 pandemiyası, Ukraynada baş verən hadisələr, eləcə də enerji daşıyıcıları bazarındakı kəskin bahalaşma planetimizi ərzaq təminatı və kəskin bahalaşma təhlükəsi ilə üz-üzə qoyub.

Bu səbəblər üzündən dünyanın cari ilin payızından etibarən ərzaq qıtlığı ilə üzləşəcəyi, 2023-cü ildə problemin daha da dərinləşəcəyi gözlənilir. BMT-nin Baş katibi Antonio Quterreş də bu yaxınlarda bildirib ki, Rusiya-Ukrayna münaqişəsi davam etdikcə qlobal ərzaq təhlükəsizliyi üçün risklər artır. O, Rusiya-Ukrayna müharibəsinin dünya üçün nəticələrinin daha da pisləşdiyini və 94 ölkədən 1,6 milyard insana təsir etdiyini bildirib.

BMT-nin Ticarət və ixracın inkişafı üzrə konfransının sədri Rebekka Qrinspen bir müddət əvvəl bildirib ki, ərzaq böhranı gələn il qlobal fəlakətə çevriləcək. O qeyd edib ki, Rusiya və Ukraynadan ixrac olunan kənd təsərrüfatı məhsulları və gübrələrin dünya bazarlarına qaytarılmaması ehtimalı 2023-cü ildə qlobal fəlakət təhlükəsi yaradır: “Mövcud ərzaq böhranı 2023-cü ildə sürətlə qlobal ərzaq fəlakətinə çevrilə bilər. Enerji qiymətləri artıb və Qara dəniz regionundan gübrə ixracına qoyulan məhdudiyyətlər gübrə qiymətlərinin ərzaq qiymətlərindən daha sürətlə artmasına səbəb olub”.

BMT rəsmiləri qeyd edirlər ki, əgər münaqişə, taxıl və gübrənin yüksək qiymətləri növbəti əkin mövsümünə qədər davam edərsə, mövcud böhran digər əsas bitkilərə, xüsusilə də düyüyə keçə bilər. Şübhəsiz, hər bir ölkənin ərzaq təhlükəsizliyi onun iqtisadi suverenliyinin və iqtisadi təhlükəsizliyinin mühüm tərkib hissəsini təşkil edir. Bu mənada hazırda ölkəmizdə ərzaq təhlükəsizliyi və qida təminatı istiqamətində bütün zəruri addımlar atılır. Təbii ki, Azərbaycan qloballaşan dünyanın bir hissəsidir. Müasir dövrdə tədric olunmuş halda və ya fərdi qaydada ölkənin ərzaq təhlükəsizliyini təmin etmək qeyri-mümkündür. Təbii ki, dünyada baş verən iqtisadi proseslər ölkəmizə də öz təsirini göstərməkdədir. Bu baxımdan ərzaq təhlükəsizliyinin davamlı olaraq möhkəmləndirilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindən biridir. Bu strateji məsələ daim diqqətdə saxlanılır və ərzaq ehtiyatlarına xüsusi önəm verilir. Hökumət dünyanı təhdid edən qida təminatı və bahalaşma təhlükəsinə qarşı ardıcıl proqramlar həyata keçirir. “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında qeyd edilib ki, aqrar sahədə aparılan islahat tədbirlərinə uyğun olaraq işğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı tələb olunan əlavə xərclər də nəzərə alınmaqla, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 454,8 milyon manat və ya bu məqsəd üçün dövlət büdcəsindən ayrılmış 467,5 milyon manat məbləğində vəsaitin 97,3 faizi sərf edilib ki, bu da 2020-ci illə müqayisədə 52,2 milyon manat və ya 13,0 faiz çoxdur.

2016-cı il dekabrın 6-da  Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində ölkənin ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi üçün institutsional potensialın gücləndirilməsi strateji hədəf kimi elan edilmiş və sözügedən hədəfə çatmaq üçün əsas prioritetlər müəyyənləşdirilmişdir.

Bütün aidiyyəti qurumlar, eləcə də Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən ölkəmizdə ərzaq təhlükəsizliyinin təmini ilə bağlı yeni mexanizmin hazırlanması üçün davamlı təkliflər verilir. Bu təkliflərə ərzaq məhsulları istehsal edən müəssisələrə, sahibkarlara, kənd təsərrüfatı ilə məşğul olan şirkətlərə subsidiyaların, güzəştli kreditlərin verilməsi daxildir.

Hazırda Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün strateji məhsullar arasında mühüm yeri tutan taxıl istehsalının artırılması istiqamətində mühüm addımlar atılır. İlk növbədə məhsuldarlığın artmasına xidmət edən iri taxılçılıq təsərrüfatları yaradılır. Bundan başqa, ərzaq təhlükəsizliyinin təmin edilməsi və ərzaq buğdasına olan tələbatı ödəmək üçün xaricdə taxıl əkini üçün geniş torpaqlar icarəyə götürülməsi istiqamətində işlər davam edir.

Daha çox xəbərlər