Gündəm 

Turizm sektorunda canlanma

Rusiya-Ukrayna münaqişəsinin davam etməsinə baxmayaraq, koronavirusla bağlı bəzi məhdudiyyətlərin aradan qaldırılması səbəbindən beynəlxalq turizmdə böyük canlanma yaşanmaqdadır. Beynəlxalq Turizm Təşkilatının açıqladığı rəqəmlər də sektordakı canlanmanı təsdiq edir. Bu ilin yanvarında beynəlxalq turizmdə 130 faiz artım baş verib. Başqa sözlə, 1 ayın artımı ötən il baş vermiş ümumi artımdan daha çoxdur. Qeyd edək ki, 2019-cu ildə turizm sektorunda təxminən 1.5 trilyon dollar olan dövriyyə növbəti ildə 3 dəfə azalmışdı. Qurumun məlumatına görə, Yaxın Şərqə gedənlərin sayı 89, Afrikaya üz tutanların sayı 51 faiz artdığı halda Asiya-Sakit okean regionunda əks proses baş verib. Planetin bu guşəsinə marağın ölməsinin səbəbi əksər ölkələrin sərhədlərinin bağlı olmasıdır. Çinin sıfır koronavirus siyasəti bu ölkədə beynəlxalq turizmi dayandırıb. Əsas turizm destinasiyalarına gəlincə, insanlar ən çox Kosta Rika, Antil adaları, Dominikan və Yamaykaya maraq göstərirlər. Avropada da əsas maraq obyekti dəyişməyib: Fransa, İspaniya, Portuqaliya, Yunanıstan və İslandiya.

Türkiyə 42 milyon turist qəbul etməyi planlaşdırır

Türkiyə bu ilin sonuna kimi 42 milyon turist qəbul etməyi planlaşdırır. Belə olacağı təqdirdə turizm gəlirlərinin 35 milyard dolları keçəcəyi gözlənilir. Bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy yerli telekanala müsahibəsində bildirib. Nazir 2021-ci ildə Türkiyəyə 30 milyon xarici vətəndaşın səfər etdiyini və turizm gəlirlərinin 24,5 milyard dollar təşkil etdiyini xatırladıb. Vurğulayıb ki, hakimiyyət Türkiyəyə istirahətə gələn ölkələrin siyahısını maksimum dərəcədə genişləndirməyə çalışır. Bu məqsədlə hələ 2019-cu ildə Türkiyə Turizmin İnkişafı və Tanıtım Agentliyi yaradılıb və ölkənin turizm imkanlarının populyarlaşdırılması istiqamətində sistemli addımlar atılır. Qeyd edək ki, bu ilin ilk 5 ayında Türkiyəyə 13 milyon nəfərə yaxın turist gəlib. 2022-ci ilin may ayında xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 308,48 faiz artaraq 3 milyon 824 min nəfər olub. Təkcə İstanbula may ayında 1 milyon 402 min 366 xarici turist səfər edib. Bu ilin ilk 5 ayında isə İstanbula gələn xarici turistlərin sayı 5 milyon 284 min 714 nəfər çatıb. Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələrin reytinqində Almaniya  birinci sırada qәrarlaşıb. Sonrakı yerlərdə İran, Rusiya, Amerika, İngiltәrә, Fransa, İsrail, İraq, Hollandiya vә Özbәkistan qərarlaşıb.

Bəs, Azərbaycanda vəziyyət necədir?

Yuxarıda qeyd edilən səbəblər bütün dünyada olduğu kimi, Azərbaycanda da turizm sənayesinin fəaliyyətinə ciddi təsir göstərdi. Pandemiya səbəbindən 2020-cil ilə təkcə daxili turizmdə 3 milyona yaxın səfər təxirə salındı. Ötən ildən başlayaraq isə ölkəmizdə turizm sahəsində dirçəlmə müşahidə olunmağa başlanılıb. Turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə artıq canlanmanın başlanmasına işarədir. 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 151 ölkəsindən 330,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxsin gəlməsi də diqqətəlayiq göstəricidir. Ukraynadakı məlum müharibə ilə əlaqədar Avropa və digər bir sıra ölkələrin Rusiyaya qarşı tətbiq etdikləri sanksiyalar ölkəmizin regional turizm marşrutu kimi əhəmiyyətini daha da artırıb. Təsadüfi deyil ki, ilin birinci rübündə Azərbaycana səfər edən əcnəbi turistlərin 27,4 faizini məhz Rusiya vətəndaşları təşkil edib. Qeyd edək ki, hazırda ölkəmizin quru sərhədləri bağlı olsa da 70-ə yaxın ölkə ilə hava sərhədləri açıqdır. Lakin müşahidələr göstərir ki, Azərbaycanda əhalinin böyük hissəsi daxili turizmdən yararlanmağa daha çox üstünlük verir. Bu səbəbdən də bu il daxili turizmdə daha çox canlanmanın olacağı gözlənilir.

Hazırda turizm ölkəsi olaraq Azərbaycanın qarşısında duran əsas hədəf 2023-cü ildə 2019-cu ilin rəqəmlərinə yaxın statistik göstəriciləri əldə edə bilməkdir. Bu günədək ölkə rəhbərliyinin turizmə xüsusi diqqəti və bu sahədə aparılan düşünülmüş və məqsədyönlü siyasətinin davam etdirilməsi postpandemiya dövrü üçün də turizmin sürətlə bərpasına nail olunacağını deməyə əsas verir. İşğaldan azad edilən torpaqlarımızın çoxçeşidli turizm imkanlarının təbliğatı, turistlərin bölgəyə cəlb edilməsi üçün uzunmüddətli və dayanıqlı inkişaf strategiyasının hazırlanması istiqamətində Dövlət Turizm Agentliyi və digər dövlət qurumları tərəfindən işlər görülür. Ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə əsasən işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prioritetinə uyğun tədbirlərin reallaşdırılması ilə Qarabağın turizm destinasiyası kimi inkişaf etdirilməsi vacib hədəf olaraq qalmaqdadır.

Daha çox xəbərlər